15 dekabr 2024 21:30
91

Türkiyənin müdafiə naziri: İndiki mərhələdə Rusiya hərbçilərinin Suriyanı tərk edəcəyini düşünməyə əsas yoxdur

Türkiyə təhlükəsizliyin təmin edilməsinə və milli maraqların qorunmasına yönəlmiş fəal siyasət yürüdür. Bu, həm regionda, həm də beynəlxalq aləmdə gərginliyin və sabitliyin pozulduğu bir vaxtda xüsusilə vacibdir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler ötən ilin yekunlarını jurnalistlərə şərh edərək bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin gücü və milli müdafiə kompleksinin inkişafı Türkiyənin maraqları baxımından xüsusi əhəmiyyət kəsb edir.

Güler qeyd edib ki, Ankara əvvəlki illərdə vaxt və məqsəd baxımından məhdud hərbi əməliyyatlar həyata keçirirdisə, bu gün maraqlarını qorumaq üçün uzunmüddətli və genişmiqyaslı addımlara arxalanır.

“2024-cü ildə bizim tərəfimizdən birbaşa 9 iri əməliyyat, 59 ortamiqyaslı və mindən çox kiçik əməliyyat keçirilib. Türkiyə hərbçiləri bu müddət ərzində Şimali İraq və Suriya da daxil olmaqla 2939 terrorçunu zərərsizləşdirib, 99 silahlı isə könüllü təslim olub. Bizim son məqsədimiz Türkiyənin cənub sərhədləri yaxınlığında terror təhlükəsini tamamilə aradan qaldırmaqdır”, - deyə nazir vurğulayıb.

Suriyadakı vəziyyətlə bağlı Türkiyə Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, terrorçular qonşu ölkədə hakimiyyət dəyişikliyindən istifadə edərək nəzarət zonalarının miqyasını genişləndirməyə çalışırlar. O, PKK və bu təşkilatın Suriya qanadı YPG-ni Suriyanın bütövlüyü və suverenliyinə ciddi təhdid adlandırıb və Ankaranın bölgədə terrorçuların güclənməsinə imkan verməyəcəyinə əmin edib.

Eyni zamanda o, “Suriyadakı son hadisələr kontekstində ABŞ-ın regiondakı yeni reallıqları nəzərə almağa məcbur olacağına” əmin olduğunu bildirib.

Güler xatırladıb ki, neftlə zəngin Deyr əz-Zor bölgəsi son günlər müxalifətin nəzarətinə keçib və bu, Vaşinqton tərəfindən dəstəklənən YPG terrorçularının gəlir mənbələrinə zərbə vurub.

Suriyadakı Rusiya bazalarının bağlanması ilə bağlı iddialara gəlincə, nazir qeyd edib ki, Ankara Rusiya hərbçilərinin tam miqyaslı çıxarılması ilə bağlı məlumatı təsdiq edə bilmir.

“Bəzi gəmilər təmirə və ya digər hərbi gəmilərlə əvəz olunmaq üçün Rusiya Federasiyasına göndərilə bilər. Lakin indiki mərhələdə onların Suriyanı tərk edəcəklərini düşünməyə əsas yoxdur. Əksinə, qalmaq üçün əllərindən gələni edəcəklər. Rusiya son dövrə qədər Suriyanın müxtəlif bölgələrində yerləşən bütün hərbiçilərini Latakiya və Tartusda toplayıb. Biz də öz tərəfimizdən bu prosesdə onlara hər cür dəstəyi verməyə hazır olduğumuzu bəyan etdik. Lakin hələlik belə bir müraciət daxil olmayıb”, - deyə Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Eyni zamanda o, Bəşər Əsədin Suriyanı tərk etmək üçün Türkiyənin hava məkanından istifadə etməsi ilə bağlı məlumatları təkzib edib.

Türkiyəli nazir həmçinin, qeyd edib ki, Ankara hərbi-texniki əməkdaşlığın inkişafı üçün Dəməşqin müraciətinə baxmağa hazırdır.

Güler Türkiyənin hərbi-sənaye kompleksinin inkişafından bəhs edərək bildirib ki, ölkə “inkişaf etmiş və müstəqil müdafiə sənayesi olmadan gələcəyə inamla baxa bilməyəcək”.

“Dizayndan tutmuş istehsala qədər bütün mərhələlərdə Türkiyədə istehsal olunan müdafiə təyinatlı məmulatlar bu gün dost ölkələr və müttəfiqlər tərəfindən tədarük və tətbiq olunur”, - deyə o, qeyd edib.