17 dekabr 2024 01:57
115

Qərbin növbəti məğlubiyyət ünvanı Ermənistan olacaq

İllərdən bəri Cənubi Qafqazda yerləşmək üçün siyasi imiclərini dəyişən, roldan-rola girən, ən əsası isə Ermənistandan istifadə etməklə mənfur niyyətlərini həyata keçirməyə çalışan ABŞ-ın və Qərbin demokratiya adı altında apardıqları ikili standartlar siyasətinin əsl mətləbləri aydınlaşır. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistana siyasi, hərbi dəstəklərini əsirgəməyən anti-Azərbaycan dairələrin mənfur niyyətlərini 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Zəfəri ilə iflasa uğradan Azərbaycan özünü beynəlxalq ictimaiyyətə qüdrətli dövlət kimi tanıtdırdı. Uğurlara aparan bu yolun heç də asan olmadığı bəllidir. Zəfərimiz bir həqiqəti də təsdiqlədi ki, beynəlxalq hüququn güc qarşısında aciz qaldığı müddədə torpaqlarını öz gücü, ədalətlə bərpa edən Azərbaycan dünyanın müharibə tarixinə imzasını qətiyyətlə yazdırdı. Qazanılan Zəfərə əbədi qalib imzasını atan Prezident, Ali Baş Komandan İlham Əliyev siyasi iradəsi ilə kiçik dövlətləri kölə altında saxlayanların mənfur niyyətlərini iflasa uğratdı. Qərbin Cənubi Qafqaz siyasətinin ideoloji silahı olan ikili standartlarının gizli məqamlarına da aydınlıq gətirdi. Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinə dəstək adı ilə danışıqlara əngəl olanların əsl mətləbləri beynəlxalq ictimaiyyətə çatdırıldı. Tərəflər arasındakı danışıqlarda irəli sürdükləri «sülh təkliflərini» arxa planda Ermənistanı silahlandırmaqla kəsərdən salan Qərb, Avropa təsisatları hələ də təxribat mexanizmlərini yeni «ideyaları» ilə zəhərləyir, Cənubi Qafqazda siyasi oyunlarını yeni ssenarilər üzrə davam etdirir.

Brüsseldə Avropa İttifaqı (Aİ)-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl «Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik» söyləyən ABŞ dövlət katibi Antoni Blinkenin bu fikrini təkzib edən «Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır»” açıqlaması ikili standartların növbəti daha çirkin formada ifadəsi olmaqla tərəflər arasındakı sülhə dəstəyin əsl, sətiraltı məqsədini bəlli edir. Bu açıqlamanın mahiyyəti isə ABŞ-ın guya Ermənistanda aparılan islahatların dəstəklənməsi adı ilə 2023-cü ilin büdcəsindən 65 milyon dollar ayırması oldu. Qarabağı könüllü tərk edən erməniləri dəstəkləməklə Azərbaycana qarşı daha bir təxribat kampaniyası başlayan Ağ Evin Bayden administrasiyası məqsədini belə izah etdi: «Ermənistanın uzun müddətli stabilliyini və çiçəklənməsini, iqtisadiyyatına inteqrasiyanı dəstəkləyirik.»

ABŞ-ın göstərişi ilə Avropa İttifaqının Ermənistana 270 milyon avro məbləğində yardım ayırması «humanitar dəstəyin» eyni mənbədən qaynaqlandığını göstərdi. Ermənistanın yaşıl enerji” istehsalına və Gürcüstanla daha yaxşı əlaqələr qurmasına dəstək də nəzərdə tutuldu. Ermənistanın baş naziri Nikol Paşinyanın «sülhün kəsişməsi» təşəbbüsü dəstəkləndi. Avropa Sülh Fondu çərçivəsində köçürüləcək 10 milyon avro məbləğində yardım bu cür izah olundu: «Ermənistan Silahlı Qüvvələrinin maddi-texniki potensialının artırılması, böhran və fövqəladə vəziyyətlərdə mülki əhalinin müdafiəsi”dir.» Sözdə bildirilirdi ki, planlaşdırılan yardımlar silahların alınması üçün istifadə edilməyəcək və Aİ-nin silahlı qüvvələri olmadığı üçün birgə təlimlər tələb olunmayacaq. Xatırladaq ki, Ermənistana yardımın verilməsi barədə qərar daha əvvəl Macarıstan tərəfindən bloklanmışdı.

Amma Azərbaycan da, Ermənistan da, rəsmi İrəvanı dəstəkləyənlər də aydın bilirdilər ki, məqsəd Cənubi Qafqazda sabitlik üçün yaranan imkanların qarşısını almaq, Ermənistandakı revanşist qüvvələri qızışdırmaq, yeni müharibə üçün münbit şərait yaratmaqdır. Azərbaycan torpaqları Ermənistanın işğalı altında qaldığı 30 ildə Ermənistanı dəstəkləyən Fransa başda olmaqla digər Avropa ölkələri rəsmi İrəvanı davamlı olaraq silahlandırırdı. Cənubi Qafqazda öz maraqlarını təmin etmək üçün ən kiçik fürsətlərdən istifadə edən Avropa İttifaqının, o cümlədən Fransanın, Almaniyanın, Hindistanın, işğalçıya S-300 raket komplekslərini satan Yunanıstanın öz maraqları naminə Ermənistanı dəstəkləmələrinin, törətdikləri təxribatların məqsədi Cənubi Qafqazda kəşfiyyat xarakterli fəaliyyəti daha da genişləndirməkdir. Avropa İttifaqının Ermənistandakı Mülki Müşahidə Missiyasının vəzifəsinin regionda sabitlik yaratmaq deyil, sönən ocağı alovlandırmaq olması artıq bəllidir. Ötən dövrdə baş verən təxribatlar, «binokl diplomatiyası» təsdiqlədi ki, adından fərqli olaraq bu missiya mülki deyil, hərbi-kəşfiyyat xarakteri daşıyır. Missiya üzvlərinin hərbi-təhlükəsizlik sahəsində «zəngin təcrübəyə malik mütəxəssislər» olması da təsdiqlənib. Missiya üzvlərinin nəzərdə tutulduğundan artıq saya çatdırılması təsdiqləyir ki, Aİ-nin məqsədi regionda sabitlik, tərəflər arasında etimad quruculuğuna töhfə vermək deyil, Azərbaycan əleyhinə təxribat kampaniyasını daha geniş ərazidə formalaşdırmaqdır.

Dəfələrlə deyd edildiyi kimi, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişində kənar qüvvələrin müdaxiləsi yolverilməzdir. Bu təcrübə Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əsl sahibi Azərbaycana qaytarılmasında təsdiqləndi. Nəticədə tərəflər arasında 12,7 kilometr uzunluğunda şərti sərhəd xətti müəyyən edildi. Bəyan edildi ki, Azərbaycanla Ermənistan arasında məsələlərin həllində üçüncü qüvvələrə ehtiyac yoxdur. Bu baxımdan, Aİ-nin Müşahidə Missiyasına ehtiyac yoxdur. Bu missiyanın davamında maraqlı olan Qərbin, Azərbaycana qarşı sanksiyaların tətbiqində daha çox canfəşanlıq edən Avropa Parlamenti Ermənistana dəstək mənasında qətnamələr qəbul etməsi, Bakıda keçirilən COP29 kimi mühüm əhəmiyyətə malik tədbirə qarşı boykot kampaniyasının aparılması ikili standartların bəlli siyasi dairələrin və ideoloji qrupların təsiri altında formalaşdığını göstərir. Dünyanı gözləyən iqlim dəyişikliklərinə qarşı mübarizənin əhəmiyyətini sözdə bildirsələr də COP29-a nümayəndə göndərməyən Fransa kimi digər ölkələr də təkcə müstəmləkə altında saxladıqları xalqlara qarşı deyil, təbiətə münasibətdə də neokolonializm siyasətinin tərəfdarı olduqlarını bəyan etdilər. ABŞ-da Amerika Erməni Milli Komitəsinin (ANCA), Fransada isə Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) təsiri, maliyyəsi ilə siyasətlərini müəyyənləşdirən ermənipərəst dairələrin anti-Azərbaycan təxribatlarının nəticəsidir ki, hələ də COP29 haqqında təxribat xarakterli yazılara rast gəlinir. Sülh sazişi ilə bağlı razılıq əldə olunmur.

Cənubi Qafqaz istəklərini həyata keçirməyə çalışan Qərbin Gürcüstan planları daşa dəydiyi üçün yeni ssenarilər hazırlandı. ABŞ kimi, Qərb də çıxış yolu kimi bu ölkədəki parlament seçkisinin nəticələrini tanımadıqlarını bəyan etsələr də gürcü xalqı yekdil qərarı ilə Qərbə daha bir zərbə vurdu.

Qərbin Cənubi Qafqaz siyasətinə növbəti zərbə Suriya hadisələri oldu. Ermənistanı yardım adı ilə silahlandıran, illərdən bəri Türkiyəyə olan düşmən siyasətini Suriyanı terror yuvasına döndərməklə bildirən ABŞ kimi, Qərb də bu ölkədə baş verənlərdən hələ də nəticə çıxarmır. Əksinə, Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsinin gecikməsi də bağlı qapılar arasında aparılan gizli danışıqlarını davam etdirməsidir.

ABŞ və Qərbin ikili standartlardan qaynaqlanan oyunlarını nəzərə alsaq Birləşmiş Ştatların Dövlət katibi Antoni Blinkenin ATƏT Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsünün məqsəd və məramını başa düşmək o qədər də çətin deyil. Ağ Evdə mövcudluqlarına az qaldığı müddətdə ABŞ-ın yenidən vasitəçilik həvəsinə düşməsi Ermənistana dəstəkdən başqa bir şey deyildir. Dövlət katibinin israrlı təkidinə baxmayaraq Azərbaycan Blinkenin görüş təklifindən qəti imtina etdi. Səbəb aydındır. Ermənistan –Azərbaycan münaqişəsinin 30 ilə yaxın davam etdiyi müddətdə, Vətən müharibəsindən sonra da rəsmi İrəvanı dəstəkləyən Bayden administrasiyası daim Azərbaycanla bağlı ədalətsiz, qərəzli siyasət yürüdüb”. Buna görə də Azərbaycan Ağ Evin hazırkı komandasının sülh gündəliyində iştirakını istəmir, bu vasitəçiliyi məqsədəuyğun hesab etmir”. Rəsmi Bakının bu vasitəçilikdən imtina etdiyi üçün görüş baş tutmadı.

Bu gun illərdən bəri güclülərin əlində piyada oyunçu rolunu oynayan Ermənistanın korrupsioner hakimiyyətinin regiondan uzaqlarda çətir axtarması «köhnə qitə»nin məramlarına uyğun davam etsə də, artıq yolun sonu yaxınlaşır. Suriyanın qaniçən, cəllad prezidenti Bəşər Əsədlə eyni xarakterə malik Paşinyanı gözləyən aqibət də bəllidir. Suriya variantları boşa çıxan, Gürcüstanda iflasa uğrayan ABŞ-ın və Qərbin növbəti məğlubiyyət ünvanı Ermənistan olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»