25 dekabr 2024 11:15
253

“Aktyorluğu öyrən” layihəsi davam edir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Azərbaycan İncəsənət Məktəbinin “Aktyorluğu öyrən” layihəsi davam edir. Belə ki, layihə çərçivəsində ilk üç aylıq təhsilin yekunu olaraq imtahanlar təşkil olunub.

“İki sahil” xəbər verir ki,  noyabrın 30-da Əməkdar artist Qurban Məsimovun rəhbərlik etdiyi TKA 05/24 (Teatr və kino aktyorluğu) kiçik yaş qrupunun səhnələşdirdiyi "Mama" musiqili imtahan tamaşası, eyni zamanda  Əməkdar artist Qasım Nağının rəhbərlik etdiyi TKA 03/24 kiçik yaş qrupunun səhnələşdirdiyi "Gülməlinin Nağılı" imtahan tamaşası uğurla nümayiş olunub. Balaca istedadların unudulmaz performansı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Dekabrın 11-də isə Azərbaycan İncəsənət Məktəbinin TKA 07/24 nömrəli böyük yaş qrupunun “Etüdlar” adlı imtahanı keçirilib. Kursun rəhbəri Xalq artisti Məmmədsəfa Qasımovdur.

Tamaşalar haqqında öz dəyərli fikirlərini bildirənlər arasında quruluş verilən nağılların müəllifi Gülzar İbrahimova, teatrşünas Dağlar Yusif, Respublikanın Əməkdar artisti Elman Rəfiyev, Xalq artisti Cəfər Namiq Kamal və başqaları yer alıblar. Onlar layihənin əhəmiyyətini, uşaqların performansını yüksək qiymətləndirdilər və qısa müddət ərzində tədris proqramının tələbələr tərəfindən uğurla mənimsənildiyinə diqqət çəkiblər.

Qeyd edək ki, “Aktyorluğu öyrən” layihəsinin əsas məqsədi uşaq və yeniyetmələr arasında peşəkar teatrın təbliği, müstəqil sənət təhsili sektorunun peşəkarlaşdırılması, bu istiqamətdə yeni və konseptual innovasiyaların effektiv tətbiqidir.