Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Ali Attestasiya Komissiyasında akkreditasiyadan keçib.
"İki sahil" nazirliyə istinadən xəbər verir ki, İnstituta akkreditasiya haqqında şəhadətnamə təqdim edilməsinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən nazir Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Müasir dövrdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi ən mühüm prioritetlərdən sayılır. Kənd təsərrüfatında elm və innovasiyaların tətbiqinin genişləndirilməsi, aqrar sahədə aparılan tədqiqatlar məhsuldarlığın yüksəldilməsi və davamlı inkişafın təmin edilməsində mühüm amillərdən biridir. Elmi potensialdan, müasir yanaşmalardan səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsi, ölkədə elmi əsaslı innovativ təsərrüfatların yaradılması prosesini daha da sürətləndirir.
Komissiyanın sədri Famil Mustafayev isə akkreditasiyanın keçirilməsi proseduru, bununla bağlı normativ-hüquqi aktların ölkədə aparılan islahatlar çərçivəsində təkmilləşdirilməsi, bu sahədə komissiyanın fəaliyyəti barədə ətraflı məlumat verib. Professor akkreditasiya prosesinin müəssisələrdə elmi fəaliyyətin təşkili və idarə edilməsinin, elmi proqramların və elmi tədqiqatların səmərəliliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O deyib ki, “Elm haqqında” qanunun 24-cü maddəsi və “Elmi təşkilatların akkreditasiyadan keçirilməsi qaydaları”na əsasən “Elmi təşkilatların doktorantura hazırlığı üzrə Akkreditasiyadan keçirilməsi” layihəsi əsasında Komissiyanın Rəyasət Heyəti Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun akkreditasiyadan keçirilməsi barədə qərar qəbul edib.
Daha sonra şəhadətnamə M.Məmmədova təqdim olunub.
Komissiyanın yaratdığı işçi qrupu İnstitutda bütün istiqamətlərdə müvafiq monitorinqlər aparıb. Monitorinqlər elm, istehsalat, kadr hazırlığı, maliyyə menecmenti, maddi-texniki baza, bütün növ hüquqi və elmi sənədləşmənin vəziyyəti, laborator xidmətlər, tədqiqatlar və digər istiqamətləri əhatə edib. Monitorinqlərin nəticəsi olaraq 11 bənddən ibarət tövsiyələr İnstituta təqdim edilib və bu işlərin icrası üçün 2 il möhlət verilib. Ötən dövrdə bütün bəndlər üzrə işlər tam olaraq icra olunub.
Ötən ay təkrar monitorinqlər zamanı bütün işlərin yüksək səviyyədə yerinə yetirildiyi müəyyən edilib və bütün təsdiqedici sənədlər Komissiyaya təqdim edilib., İnstitutun akkreditasiyadan keçirilməsi və müvafiq şəhadətnamənin verilməsi barədə qərar qəbul olunub.