30 dekabr 2024 08:16
223

Diplomatik uğurlarımız qitələri dolaşır

Azərbaycanın xarici siyasəti dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət əsasında təkmilləşir

Dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun formalaşan Azərbaycanın xarici siyasəti qarşılıqlı anlaşma, bərabərhüquqluluq prinsipləri əsasında davam edir. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq respublikada bir sıra islahatlar aparan, mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd qoyan Ulu Öndər Heydər Əliyev xarici siyasətimizin bütün parametrləri üzrə inkişafına xüsusi diqqət göstərmişdi. Həmin vəzifələrdən biri və ən əsası Ermənistan tərəfindən informasiya blokadasına alınan Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq balanslı və milli maraqlara əsaslanan xarici siyasət xəttini təmin etmək idi.

Respublikaya rəhbərliyi dövründə diplomatik səyləri ilə Azərbaycanın dünya birliyinə inteqrasiyasını bütün sahələr üzrə sürətləndirən, müəyyənləşdirdiyi neft strategiyasının həyata keçirilməsi ilə xarici ölkələrdən ölkəmizə ayrılan investisiyaların həcmini artıran, müxtəlif ölkələrlə əlaqələrin şaxələndirilmiş format əsasında inkişafını ümdə vazifə kimi qarşıya qoyan Ulu Öndər Heydər Əliyev təcrübəli dövlət başçısı və siyasi xadim kimi, məqsədinə nail oldu. Əminliklə demək olar ki, 1993-2003-cü illər respublikamızda inkişafda olan bütün sahələr kimi xarici siyasətimizin tarixinə də həlledici dövr kimi yazıldı. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu, diplomatik əlaqələrlə bağlı strateji xətt yeni istiqamətlər üzrə müəyyənləşdirildi. Azərbaycanın dünya birliyinə inteqrasiyası sürətləndirildi.

Bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın aparıcı dövlətlər ilə əməkdaşlığı ən yüksək səviyyədədəir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli siyasət aparır. Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rolu olan, dünyada sülhyaratma prosesində fəal iştirakı ilə diplomatiyası beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən, mühüm təşəbbüslərin, çağırışların müəllifi Azərbaycan beynəlxalq münasibətlər sistemində ön sıralarda dayanır. İkitərəfli və çoxtərəfli əməkdaşlıq çərçivəsində əlaqələrini və diplomatik təmsilçilik şəbəkəsini genişləndirir, regionda və qlobal miqyasda milli maraqlarının, eləcə də sülh və təhlükəsizliyin təmini məsələlərində rolunu və mövqeyini möhkəmləndirir. Təkcə yola salmaqda olduğumuz 2024-cü ildə daxili sabitlik və davamlı inkişafa arxalanan Azərbaycan tərəfindən qlobal çağırışlara çevik və effektiv reaksiyaların verilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, sivilizasiyalararası körpü rolunu möhkəmləndirib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) dünyada yaratdığı xoş əhvalı nümunə gətirməklə inamla söyləmək olar ki, Azərbaycanın düşünülmüş diplomatiyasının dəstəklənməsi, ölkəmizin möhkəmlənən siyasi, iqtisadi, humanitar platforma kimi tanınması ölkəmizə əlavə dividendlər qazandırır. 30 ilə yaxın Ermənistanın işğalı altında qalan torpaqlarımız işğaldan azad edildikdən sonra Azərbaycanda keçirilən tədbirlərin hər biri özlüyündə beynəlxalq əhəmiyyət daşımaqla xalqlar arasında münasibətlərin güclənməsinə xidmət edir. Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü, «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi» mövzusunda 3-cü beynəlxalq konfrans, «Bakı Prosesi» çərçivəsində VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, «İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin artırılması» mözusunda keçirilən beynəlxalq konfranslarda ən mühüm problemlər müzakirə olundu. NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı Çərçivə Sənədinə qoşulmağımızın 30-cu ildönümü ilə əlaqədar keçirilmiş tədbirlərə və bir sıra konfranslara ev sahibliyi edən Azərbaycanın Qoşulmama Hərəkatında (QH) sədrliyi diplomatik uğurlarımızdandır. Təkcə ötən il Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinə reallaşan 4, Mərkəzi Asiya ölkələri prezidentlərinin Azərbaycana 10 səfəri qarşılıqlı əməkdaşlığın məntiqi nəticəsi olmaqla bölgədə sabitliyin qorumasına xidmət edən xarici siyasətimizin uğurlarındandır. Dünyada baş verən gərginliklərin, milli münaqişələrin həlli istiqamətində sülhsevər siyasətini davam etdirən, təmaslarını genişləndirən, vətəndaş qarşıdurmasına son qoyulması istiqamətində çağırışlar edən Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini hər zaman ifadə edir.

Beynəlxalq aləmdə fəaliyyətini daha geniş sferada davam etdirmək üçün xarici ölkələrdə diplomatik korpusların, konsulluqların sayının artırılması istiqamətində aparılan siyasət uğurla davam etdirilir. Hazırda ölkəmizin xarici ölkələrdəki diplomatik missiyalarının ümumi sayı 92-yə çatıb. (69 səfirlik, 6 daimi nümayəndəlik, 9 baş konsulluq, 7 səfirlik ofisi və 1 təmsilçilik ofisi). Vanuatu Respublikası Bakı şəhərində Baş Konsulluğunun təsis edilməsi, Kuk adaları isə diplomatik münasibətlərin qurulması ilə bağlı müraciət edib.

Türk Dövlətləri əşkilatının qeyri-rəsmi Şuşa Zirvə görüşü çərçivəsində Qarabağ Bəyannaməsinin qəbulu, Lənkəran şəhərinin 2024-cü ildə Türk Dünyasının Gənclər Paytaxtı elan edilməsi, Türk Yaşıl Baxışı və Türk Yaşıl Maliyyə Şurasının yaradılmasına dair Anlaşma memorandumlarının imzalanması bölgədə birgə yaşayış qaydalarını gücləndirir. Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Sammitində Azərbaycanın yekdilliklə D-8 təşkilatına üzvlüyə qəbulu İslam həmrəyliyinin nümunəsi olmaqla respublikamızın İslam dünyasına açılan yoludur. İşğaldan azad edilən, geniş quruculuq işləri ilə simasını gözəlləşdirən Laçın şəhərinin 2025-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı elan olunması xarici siyasətimizə göstərilən dəyərdir.

Azərbaycanın sədrliyi ilə keçirilən COP29-da ilkin olaraq iqlim maliyyəsi üzrə kollektiv hədəfin müəyyənləşdirilməsi və Paris sazişinin karbon bazarları üzrə 6-cı maddəsinin tam işlək vəziyyətə gətirilməsi təklifinin dəstəklənməsi ölkəmizin xarici siyasətinin uğurlarındandır. COP29 çərçivəsində baş tutmuş Liderlər Sammitində gərgin geosiyasi mühit, iqlim dəyişmələrinə skeptik yanaşan siyasi qüvvələrin bir çox ölkələrdə artan təsir imkanları, inkişaf etmiş ölkələr ilə inkişaf etməkdə olan ölkələr arasındakı kəskin ziddiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələrin aparılması Prezident İlham Əliyevin diplomatik səylərinin nəticəsi, dünya ictimaiyyətinə ünvanlanan daha genişmiqyaslı çağırışıdır.

Ermənistanın işğal altında saxladıqları torpaqlarımzda basdırdıqları minalardan əziyyət çəkən ölkə kimi Azərbaycan bu problemin aradan qaldırılması üçün BMT, UNESCO, Avropa İttifaqı (Aİ), NATO daxil olmaqla beynəlxalq təşkilatlar və bir sıra ölkələrlə əməkdaşlığı genişləndirir, problemin aradan qaldırılması üzrə birgə fəaliyyət prinsipi üzrə dialoqu davam etdirir. Azərbaycanın və BMT-nin birgə təşkilatçılığı ilə Zəngilan və Bakı şəhərlərində «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsizlik və yaşıl gələcəyə doğru resursların səfərbər edilməsi» mövzusunda 3-cü beynəlxalq konfrans kimi tədbirlər xarici siyasətimizin yeni istiqamətləri olsa da , mahiyyət etibarilə daha vacib problemlərin həllində mühüm rola malikdir.

Təbii ki, xarici siyasətimizin ana xəttini Azərbaycanla Ermənistan arasındakı sərhədlərin delimitasiyası və demarkasiya, sülh sazişinin imzalanmasıdır. Qazax rayonunun Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası diplomatiyamızı daha da gücləndirən, dünya birliyində böyük etimad qazanan Prezident İlham Əliyevin iradəsinin, beynəlxalq hüquqa əsaslanan məntiqli siyasətinin nəticəsidir.

COP29-un ölkəmizdə təşkil edilməsinə qısqanclıqla yanaşan anti-Azərbaycan dairələrin təxribatlarının qarşısının sistemli, ardıcıl və məqsədyönlü şəkildə alınmasının nəticəsidir ki, ABŞ, Fransa kimi dövlətlər, Aİ kimi beynəlxalq təşkilatlar Cənubi Qafqazla bağlı məkrli niyyətlərini həyata keçirə bilmirlər. Qarabağda aparılan lokal xarakterli antiterror tədbirləri ilə bağlı Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyevin Cənub Qafqazın gələcəyi ilə bağlı sözlərini ABŞ Dövlət Departamentində, Avropa Şurasında, Fransada unutmasınlar: «Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!»

Tarixi hadisələr də təsdiqləyir ki, Azərbaycan xalqının iradəsini əks etdirən xarici siyasətimizi dövlətçilik mənafeyi baxımından təkmilləşdirən Prezident İlham Əliyev fərqli beynəlxalq platformalarda öz sözünü qətiyyətlə söyləyir, dediklərinin arxasında durur və reallaşdırır. Soydaşlarımızın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının həllində, Zəngəzur dəhlizinin açılmasında israrlıdır.
 Sözünə imzası qədər dəyər verən, «Nəyi, necə, nə vaxt etmək» müdrik kəlamı aforizm kimi dillərdə dolaşan Prezident İlham Əliyevin «Ona görə biz güclü dövlət yaratmışıq, mən son illərdə dəfələrlə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və çoxəsrlik tarixində heç vaxt Azərbaycan indiki qədər güclü olmamışdır. Bizim hazırlıq işlərinin aparılmasında əsas amil xalq-iqtidar birliyi olmuşdur. Çünki bizim siyasətimiz xalq tərəfindən dəstəklənir, bizim siyasətimizə böyük inam var. Müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, bu inamı bizə Azərbaycan xalqı bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da etmişik» sözləri xarici siyasətimizin yenilməz gücü kimi məkrli niyyətlilərə xəbərdarlıqdır.

Xuraman İsmayılqızı, «İki sahil»