06 yanvar 2025 03:03
144

Mərakeşdə tatuan Aralıq dənizi Film Festivalı keçiriləcək

Tatuan Aralıq dənizi Film Festivalı Fondu tərəfindən üçüncü “Tatuan ustad dərsləri” tədbirinə qeydiyyat başlanıb. Sayca 30-cu olacaq tədbir aprelin 26-dan mayın 3-dək keçiriləcək.

“İki sahil” xəbər verir ki, Aralıq dənizi hövzəsi ölkələrindən olan rejissorlar və prodüserlər tədbirdə iştirak üçün müraciətlərini, eyni zamanda tammetrajlı bədii və sənədli film ssenarilərini yanvarın 31-dək göndərə bilərlər.

Şərtlərdən biri budur ki, rejissorlar daha əvvəl qısametrajlı, tammetrajlı film və ya sənədli film çəkmiş olmalıdırlar. Həmçinin, hər bir iştirakçı ərəb, fransız və ya ingilis dillərində yazılmış bir ssenari layihəsi təqdim edə bilər. Təqdim edilən hər bir layihənin prodüseri olmalıdır.

“Tatuan ustad dərsləri” çərçivəsində, həmçinin təqdimat təlimi və Aralıq dənizinin hər iki sahilindən olan müxtəlif prodüser və distributor komitələrinin iştirakı ilə “Sənaye Günü: peşəkar görüşlər” təşkil ediləcək.

Qeyd edilir ki, kino mütəxəssislərindən ibarət ilkin seçim komissiyası 10-12 layihə seçəcək, daha sonra uğurlu namizədlər öz layihələrini peşəkar münsiflər heyəti qarşısında təqdim etməli və müdafiə etməlidirlər.