06 yanvar 2025 14:04
210

Türkiyədə yeni neft-kimya potensialının yaradılmasına nə qədər investisiya yatırılacaq?

“SOCAR Türkiyə" Türkiyədə yeni neft-kimya potensialının yaradılmasına investisiyaları 7 milyard ABŞ dolları həcmində qiymətləndirir.

“İki sahil”in Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı "SOCAR Türkiyə"nin Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev bildirib.

Onun sözlərinə görə, qeyd olunan layihənin həyata keçirilməsi çərçivəsində 2025-2026-cı illər ərzində İlkin layihələndirmə sənədinin (FEED) hazırlanması aparılacaq. Sənədin hazırlanmasına 50 milyon dollar həcmində sərmayə tələb olunacaq.  Kənan Mirzəyev onu da qeyd edib ki, artıq FEED sənədi hazır olandan sonra son investisiya qərarı veriləcək. K. Mirzəyev bildirib ki, qeyd olunan layihə yeni müəssisələrin yaradılması və "Petkim"in bazasında hazırda istifadədə olan zavodların güclərinin inkişafı və artırılmasını nəzərdə tutur.

SOCAR-ın 2008-ci ildən Türkiyənin "Petkim" neft-kimya kompleksinin zavodlarının istehsal davamlılığına əhəmiyyətli investisiyalarının həcminin 2 milyard ABŞ dollarına yaxınlaşdığını deyən "SOCAR Türkiyə"nin Emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev əlavə edib ki, ötən il qeyd olunan göstərici 134 milyon dollar təşkil edib. Kənan Mirzəyev onu vurğulayıb ki, 2008-2024-cü illər ərzində SOCAR-ın "Petkim"in zavodlarının istehsal davamlılığına əhəmiyyətli investisiyalarının həcmi 1 923 mln dollar təşkil edib.

Bildirilib ki, Petkim Türkiyənin neft-kimya məhsullarına olan ehtiyacının təxminən 11%-ni qarşılayır.

Orxan Vahidoğlu, “İki sahil”
İstanbul