07 yanvar 2025 00:12
172

Siqareti buraxın, qiymətli illər qazanın!

Mütəxəssislər siqaret çəkənləri yeni ildə bu vərdişdən əl çəkməyə çağırırlar. Yeni araşdırmalar və təhlillər çəkilən hər siqaretin onların həyatından nə qədər zaman “oğurladığını” göstərib.

Mütəxəssislərin hesablamalarına görə, kişilərin ömrü çəkdikləri hər siqaretlə 17 dəqiqə, qadınların ömrü isə hər siqaretlə 22 dəqiqə qısalır.

Bu, hər siqaretin siqaret çəkənin ömründən 11 dəqiqə aldığını deməyə əsas verən əvvəlki hesablamalardan çoxdur.

Hər bir siqaretin hər iki cinsdə orta hesabla 20 dəqiqə həyat itkisinə səbəb olduğunu irəli sürən yeni hesablamalar əhalinin sağlamlığını izləyən uzunmüddətli tədqiqatların daha müasir rəqəmlərinə əsaslanır.

London Universitet Kollecinin tədqiqatçıları bildiriblər ki, siqaretin vurduğu zərər qanunauyğundur və insan siqareti nə qədər tez dayandırarsa və nə qədər az siqaret çəksə, bir o qədər çox yaşayır.

İngiltərənin Səhiyyə və Sosial Yardım Departamentinin sifarişi ilə həyata keçirilən yeni təhlil göstərib ki, əgər gündə 10 siqaret çəkən biri siqareti yanvarın 1-dən-yanvarın 8-dək tərk edərsə, o, tam bir həyat gününün itirilməsinin qarşısını ala bilər.

Fevralın 20-nə kimi çəkmədən dayana bilərlərsə, ömürləri tam bir həftə uzana bilər. Əgər onların siqareti buraxmaları avqustun 5-nə qədər uğurlu olarsa, onlar tam bir ay artıq yaşayacaqlar.

Tədqiqatlar göstərir ki, siqaret çəkənlər adətən ümumi həyat illəri ilə eyni sayda sağlam il itirirlər.

Belə ki, siqaret, tez-tez xroniki xəstəlik və ya əlilliklə müşayiət olunan ömrün sonu dövrünü qısaltmaqdansa, ilk növbədə nisbətən sağlam orta illəri “yeyir”.

Mütəxəssislər hesab edirlər ki, hər yaşda siqareti dayandırmaq faydalıdır. Lakin siqaret çəkənlər bu “ölüm eskalatorundan” nə qədər tez düşsələr, həyatlarının bir o qədər uzun və sağlam olacağını gözləyə bilərlər.

UCL Alkoqol və Tütün Tədqiqat Qrupunun əsas tədqiqatçısı doktor Sara Cekson bildirib ki, insanların siqaretin nə qədər zərərli olduğunu və siqareti buraxmağın onların sağlamlıqlarını və ömrünü nə qədər yaxşılaşdıra biləcəyini başa düşmələri çox vacibdir.

Dəlillər göstərir ki, insanlar çəkdikləri hər siqaretə görə orta hesabla 20 dəqiqə ömür itirirlər. İnsan siqareti nə qədər tez buraxarsa, bir o qədər çox yaşayır. İstənilən yaşda siqareti buraxmaq sağlamlığı əhəmiyyətli dərəcədə yaxşılaşdırır və faydaları demək olar ki, dərhal başlayır.

Sağlamlığınız naminə müsbət dəyişiklik etmək üçün heç vaxt gec deyil və siqaret çəkənlərə kömək üçün buraxmağa kömək edə biləcək bir sıra təsirli məhsullar və müalicələr var.

Kral Həkimlər Kollecinin tütünlə bağlı xüsusi məsləhətçisi, professor Sanjay Agraval tədqiqat nəticələrini şərh edərək bildirib ki, çəkilən hər siqaret həyatın qiymətli dəqiqələri bahasına başa gəlir və ümumi təsir təkcə fərdlər üçün deyil, həm də səhiyyə sistemləri üçün dağıdıcıdır.  

Nubar Süleymanova, “İki sahil”