Azərbaycan xalqı, Azərbaycan dövləti 30 ilə yaxın Ermənistan silahlı birləşmələri tərəfindən işğal altında saxlanılan torpaqlarını azad etməklə haqq savaşında Zəfər çaldı. İşğalçı erməni faşistləri torpaqlarımızdan qovuldu. Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin "SNN Türk" televiziya kanalına müsahibəsi zamanı dediyi bir fikri xatırlatmaq yerinə düşər: "Azərbaycan Qurtuluş savaşına başlayaraq öz tarixi torpaqlarını işğalçılardan azad etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları bizim torpaqlardan qovdu və öz ərazi bütövlüyünü, torpaq bütövlüyünü bərpa etdi."
Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Zəngəzur dəhlizinin də açılması zərurəti yarandı. Bildiyimiz kimi, hazırda bu istiqamətdə genişmiqyaslı işlər aparılır və tezliklə tarixi torpaqlarımız olan Zəngəzurda regionun iqtisadi mənzərəsinin dəyişəcəyinə şahidlik edəcəyik. Belə ki,2021-ci il iyulun 7-də ölkə rəhbərinin imzaladığı Fərman əsasında Qarabağ iqtisadi zonası ilə yanaşı, Şərqi Zəngəzur iqtisadi zonası da yaradıldı.
Bu gün bu bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Buraya qoyulan vəsaitin çox hissəsi infrastruktur layihələrinə xərclənib. Zəngilanın Ağalı kəndindən başlayan Böyük Qayıdış planına uyğun olaraq artıq Laçın, Füzuli, Zəngilan, Şuşa, Xocalı sakinlərinin bir qismi öz doğma evlərində yaşayırlar. İşğaldan azad edilmiş bütün ərazilərimizdə böyük infrastruktur obyektləri inşa edilib, əhalinin məşğulluğu təmin edilir. Dünya standartlarına cavab verən müasir məktəblər, xəstəxanalar tikilib istifadəyə verilir. Füzuli və Zəngilanda qısa müddətdə inşa edilən hava limanları bölgə iqtisadiyyatının dirçəldilməsinə töhfə verməklə yanaşı, əsrarəngiz təbiəti olan Qarabağın turizm potensialına da böyük dəstək olacaq. Artıq 3 min km avtomobil və dəmir yolları inşa edilib, 70 km uzunluğunda 45 tunel və 450 körpünün tikintisi davam etdirilir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatı tamamilə bərpa edilib. Bir neçə su-elektrik stansiyasının açılışı olub.
Həmçinin keçmiş köçkünlərin qaytarılması üçün də böyük işlər görülür. Hazırda səkkiz mindən çox keçmiş məcburi köçkün artıq Qarabağa və Şərqi Zəngəzura yerləşib. Məhz dövlət başçımızın diqqəti sayəsində 2026-cı ilə qədər 140 min keçmiş məcburi köçkünün öz doğma yurdlarına qayıdışı təmin ediləcək.
Azad olunmuş ərazilərdə mədəni, tarixi irsimizin qorunmasına da xüsusi diqqət yetirilir, tarixi abidələr bərpa edilir. Belə ki, ermənilər tərəfindən dağıdılmış yeddi məscid yenidən qurulub, səkkiz məscidin inşası davam edir. Hazırda Zəfər və İşğal muzeyləri, Zəfər parkları salınır. Ağdamın Cümə, Qiyaslı və Şuşanın Yuxarı və Aşağı Gövhər Ağa, Saatlı məscidləri, "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi bərpa olunub. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və Bülbülün ev-muzeyləri açılıb, heykəlləri qoyulub. Şuşada "Xarıbülbül" hoteli istifadəyə verilib, yeni hotel və muzey mərkəzi tikilib. Davamlı olaraq digər şəhər və kəndlərdə də dini tikililərin bərpası aparılır.
Qarabağ və Şərqi Zəngəzurun bərpasını daha tez başa çatdırmaq, insanların yurd həsrətinə tamamilə son qoymaq üçün işlər həm sürətli, həm də çox keyfiyyətli şəkildə davam etdirilir. Azad olunmuş ərazilərdə "ağıllı kənd"lər, "ağıllı şəhər"lər salınır, ən yüksək inkişaf etmiş texnologiyalar tətbiq edilir, müasir infrastruktur qurulur. Bu məqsədlə, Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də hər il artırılır. Dövlət başçısı vurğulayıb ki, yaxın vaxtlarda gələn ilin büdcəsi Milli Məclisdə müzakirə ediləcək, deputatlar hökumətin Qarabağ və Şərqi Zəngəzur üçün nəzərdə tutulan planlarını təsdiq edəcəklər və biz bunu təmin edəcəyik.
Görülən işləri təhlil etdikcə, əminliklə söyləyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur müasir, müstəqil Azərbaycanın gələcək modeli olacaq.
Zəkiyyə Mustafayeva,
48 nömrəli məktəbin müəllimi