KÖŞƏ

Qvami Məhəbbətoğlu

Adımı sənə qoyum...

17 yanvar 2025 00:58
153

Ermənistanın rəsmi dairələri təcavüzkar dövləti regionun ən “sülhpərvər” ölkəsi, bölgədə sabitliyin, əməkdaşlığın təşəkkülündə daha çox “maraqlı” olduğunu beynəlxalq ictimai rəyə sırımağa çalışır. Əslində isə Ermənistan havadarlarının, xüsusilə Fransanın təhriki ilə bölgədə gərginliyin artması üçün əlindən gələni edir.  Yanvarın 15-də Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) öz sələflərinin təcrübəsini davam etdirərək, guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız açıqlamalar verməsi bunu bir daha sübut edir. Şübhəsiz, bu, təcavüzkar ölkənin hələ də uydurma təbliğatdan əl çəkmədiyini, xalqlararası nifaq və düşmənçiliyi qızışdırmağa cəhd etdiyini, Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətinin davam etdirildiyini göstərir.

Halbuki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin həmin bəyanatla bağlı şərhində bildirdiyi kimi, etnik təmizləmə və kütləvi qırğın siyasəti məhz Ermənistana və ermənilərə xas xüsusiyyətdir. Belə ki, Ermənistan 20-ci əsrin əvvəlindən 1920-ci illərin əvvəllərinə qədər azərbaycanlılara qarşı həyata keçirilən kütləvi qırğınlardan və sürgünlərdən əlavə, 1948-1953-cü illərdə və 1987-ci ildən başlayaraq Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından ümumilikdə 450 min nəfərdən çox azərbaycanlını kütləvi surətdə qəddarcasına deportasiya edib.

Yeri gəlmişkən qeyd edək ki, sonuncu deportasiyaya etiraz əlaməti olaraq, ölkəmizdə ermənilərin maraqlarına xidmət edən sovet hakimiyyətinə qarşı ümumxalq hərəkatı başlanıb. Bu hərəkatın qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ermənilərin təhriki ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə sovet ordusu yeridilib. Bu ordu da beynəlxalq hüququn normalarını  kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törədib. Qeyd edək ki, həmin günlərdə sovet ordusu tərəfindən ümumilikdə respublikamızda 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Amma 1990-cı ilin yanvar hadisələri xalqımızın müstəqillik əzmini qıra bilməyib və ölkəmiz dövlət müstəqilliyini bərpa edib.

Şübhəsiz, Ermənistan XİN belə bir məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox Azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduğunu  gizlətmək məqsədini güdür.

O ki qaldı guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsinə, bəri başdan qeyd edək ki, paytaxtımızda belə hal müşahidə edilməyib. Bu isə o deməkdir ki, haylar öz əməllərini bizim adımıza çıxırlar. Belə yerdə “Adımı sənə qoyum, səni də yana-yana qoyum” atalar sözü yada düşür. Saxta təbliğatın tərkib hissəsi olan uydurma "Sumqayıt qırğınları"nın Ermənistandan azərbaycanlıların deportasiyasına və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu isə artıq bütün dünya bilir. Bu mənada demək olar ki, Sumqayıt hadisələri hayların, eləcə də SSRİ-nin xüsusi xidmət orqanlarının planlı təxribatı idi. Bir məsələni də vurğulayaq ki, iğtişaşların Sumqayıtda törədilməsi heç də təsadüfi deyildi. Belə ki, Sumqayıt çoxmillətli bir şəhər olduğu üçün təxribat və qətllərin təşkilatçılarının niyyətlərinə uyğun gəlirdi. Digər tərəfdən, həmin dövrdə Ermənistandan qovulan azərbaycanlıların bir qismi Sumqayıta üz tutmuş, burada məskunlaşmışdı.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan dövlətinin apardığı obyektiv araşdırmalar nəticəsində həmin iğtişaşların məhz erməni millətçiləri və onların havadarları tərəfindən öz məkrli niyyətlərinə nail olmaq məqsədilə təşkil edilərək törədilməsi  sübuta yetirilib.  Prezident İlham Əliyev Sumqayıt hadisələrini təhlil edərək demişdir: “Heç kim üçün sirr deyil ki, Sumqayıt hadisələrini erməni millətçiləri törətmişdilər. Bu, onların təxribatı idi və orada ən çox qəddarlıq göstərən erməni millətindən olanlar idi. Məqsəd də aydındır ki, bu hadisədən istifadə edib Azərbaycana qarşı əsassız iddialar irəli sürülsün və ondan sonra azərbaycanlılara qarşı soyqırımı əsaslandırılsın”.

Bütün bunlardan belə qənaətə gəlmək olar ki, bölgədə hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından, eləcə də sülhlə bağlı danışıqların başlamasından sonra rəsmi İrəvanın uydurma əsaslarla düşmənçilik təbliğatını davam etdirməsi təcavüzkar ölkənin növbəti revanşist niyyətindən xəbər verir. Yaxşı olardı ki Ermənistan böhtan və nifrət dolu bəyanatlar vermək, başqa sözlə desək rəsmi Bakını ittiham etmək əvəzinə, irqçiliyinə və monoetnik siyasətinə son qoysun, Qərbi azərbaycanlıların qayıdışına şərait yaradaraq, oradakı multi-etnik mühiti bərpa etsin.