KÖŞƏ

Qvami Məhəbbətoğlu

Təsadüf, yoxsa?..

08 iyul 2026 00:38
77

Rusiya ordusunun Kiyevə və digər şəhərlərə kütləvi hava zərbələri davam etməkdədir. Xəbər verildiyi kimi, iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqəsi 3 dron hücumuna məruz qalıb. Zərbə nəticəsində məntəqənin inzibati binasına ziyan dəyib. Xoşbəxtlikdən hücum zamanı bütün əməkdaşlar sığınacaqda olduqlarından xəsarət alan olmayıb.

Bununla bağlı iyulun 6-da Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə əlaqədar kəskin etiraz bildirilib və Rusiya tərəfinə müvafiq nota təqdim edilib. Rusiya tərəfi qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə çağırılıb.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Belə ki, ötən ilin yayında Ukraynanın Jitomir vilayətinin Berezina kəndində baş vermiş partlayışlar nəticəsində Azərbaycanın “SOCAR Energy Ukraine” şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsinə də ciddi ziyan dəymişdi. Bundan başqa, həmin il avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri SOCAR-ın Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına “Şahed” tipli pilotsuz uçuş aparatları ilə hücum etmişdi. PUA zərbələri nəticəsində yanğın baş vermiş, dörd nəfər ağır yaralanmışdı.

Şübhəsiz, Ukraynada SOCAR-ın obyektlərinə endirilən zərbələr Avropa ilə enerji əməkdaşlığını genişləndirən Azərbaycanın enerji siyasətinə, o cümlədən iqtisadi maraqlarına vurulan zərbədir. Görünür, Rusiya son illər Azərbaycanın əldə etdiyi siyasi uğurları, həmçinin enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya infrastrukturu və yaşıl enerji sahələrində həyata keçirdiyi ardıcıl siyasəti həzm edə bilmir.

Yeri gəlmişkən qeyd edək ki, Rusiyanın hava hücumları nəticəsində Kiyevdəki səfirliyimizin və Xarkov şəhərində yerləşən fəxri konsulluğun binaları da zərər görüb. Bütün bunlarla bağlı dəfələrlə Rusiyaya xəbərdarlıq edilib. Baş vermiş hallarla bağlı müvafiq izahat verməyə, habelə mülki obyektlərin və diplomatik nümayəndəliklərin qorunması üzrə beynəlxalq öhdəliklərə riayət etməyə dəvət olunub. Amma hələ ki, bir nəticə yoxdur. Elə sonuncu hadisə də bunu bir daha sübut edir. Siyasətçilərin fikrincə, belə halların davam etməsi hücumların məqsədyönlü şəkildə həyata keçirildiyindən xəbər verir. Yəni, bütün bunları təsadüfi hesab etmək olmaz.

Görünür, Rusiya belə addımlarla öz ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Ukrayna ilə əməkdaşlıq edən dövlətləri, o cümlədən Azərbaycanı cəzalandırmaq yolunu tutub. Buna görə də Rusiya müstəqil siyasət yürüdən Azərbaycanın Kiyevdəki obyektlərini hədəfə alıb. Amma Rusiya unutmasın ki, bu kimi təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilməz. Elə bu günlərdə Polşanın Qdansk şəhərində Ukraynanın Bərpası Konfransında xarici işlər naziri Ceyhun Bayramovun iştirakı buna sübutdur. Nazir Azərbaycanın Ukraynaya humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu bir daha bəyan edib.

Bir neçə gün öncə isə daha bir qrup ukraynalı uşaq reabilitasiya proqramı çərçivəsində Bakıya gətirilib. İndiyədək 662 ukraynalı uşaq bu proqramdan yararlanıb. Azərbaycanın Ukraynaya göstərdiyi humanitar dəstək enerji, həmçinin səhiyyə sahələrini də əhatə edir. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan dəfələrlə Ukraynaya humanitar yardım göndərib və bu yardım hazırda davam edir. Yeri gəlmişkən, Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanlı həmkarı İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda bütün bunları layiqincə dəyərləndirib: “Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyata keçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm”.