25 yanvar 2025 11:00
411

Elman Nəsirov: Rusiya günahını etiraf edib üzr istəmək əvəzinə Azərbaycana qarşı qarayaxma kampaniyası aparır

Son günlər Rusiyanın dövlət televiziya kanallarında və dövlətə məxsus digər kütləvi informasiya vasitələrində Azərbaycana qarşı bir dezinformasiya müharibəsinə start verilib. Fake xəbərlər yayılır. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirilir və heç şübhəsiz ki, onlar özbaşına bu addımı atmırlar. Həmin KİV yuxarı səviyyədə aldıqları təlimat əsasında bu davranışı ortaya qoyurlar və çalışırlar ki, Azərbaycana məxsus təyyarənin Rusiya hava hücumundan müdafiə silahları tərəfindən vurulması məsələsinə don geyindirsinlər, onu başqa istiqamətə yönəltsinlər, Rusiyanın burada günahının olmadığını isbatlasınlar. Rusiya prezidenti (Vladimir Putin) Azərbaycan prezidentinə İlham Əliyev telefon zəngi zamanı üzrxahlıq edərkən də hadisəni yalnız Rusiya səmasında baş verdiyinə görə üzrxahlıq etdiyini vurğulamışdı. Halbuki bu, tamamilə yanlış məsələdir.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputat, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirdi.

Deputat deyib ki, artıq qara qutular açılıb, xeyli məlumatlar artıq bəllidir və yaxın zamanda həqiqətlər ictimaiyyətə çatdırılacaq: “Ancaq son günlər etiraf edib öz günahını boynuna almaqdansa, Azərbaycan-Rusiya strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə xələl gətirməmək istiqamətində addım atmaqdansa başlayıblar, 2020-ci il İkinci Qarabağ müharibəsində Rusiyaya məxsus helikopterin vurulması ilə bağlı məsələni qabardırlar. Onunla bu təyyarə qəzası arasında bir paralel gətirmək istəyirlər. Sadəcə əsassız yanaşmadır, əsassız, gülünc müqayisədir. Əvvəla, həmin hadisə axşam radələrində baş vermişdir və Rusiyaya məxsus olan həmin helikopter Azərbaycan, Ermənistan şərti sərhədinin Naxçıvan istiqamətinə daxil olmuşdur. Ona görə də bizim hərbçilər tərəfindən helikopter, artıq, Azərbaycan hava məkanına daxil olmuş bir helikopter kimi qəbul edilmişdir və həm də o, ermənilərə məxsus, hərbi məqsədlərin həyata keçirilməsi üçün istifadə olunurdu. Ona görə də bu hadisə baş verdi. Müharibə getdiyi bir reallıqda Azərbaycan hava məkanına daxil olmuş helikopteri belə vəziyyətdə Azərbaycan hərbçiləri hava məkanını pozmuş hərbi obyekt kimi onu hesab edə bilər. Ermənilərə məxsussuz bir helikopter hesab edə bilər və bu hadisənin baş verməsi labüd ola bilərdi və bu da məntiqi idi. Amma buna baxmayaraq ki, günah qarşı tərəfin üzərindədir, Azərbaycan prezidenti qarşı tərəfə öz üzrxahlığını bildirdi və eyni zamanda həmin helikopterlə bağlı onun qiyməti həcmində ödəniş etdik, kompensasiya ödədi. Yəni sivil dövlətin bu vəziyyətdə atdığı addımları həyata keçirdi”.

E.Nəsirov xatırladıb ki, 2023-cü ildə Azərbaycanın antiterror əməliyyatları keçirərkən, o zaman da xəbərdarlıq edilmişdi ki, biz erməni separatçılarına qarşı bu antiterror əməliyyatını həyata keçiririk: “Bu səbəbdən Rusiyaya məxsus Qarabağdakı hərbi texnika, əsgərlər, kazarmada olsunlar, bu şəraitə uyğun addımlar atsınlar. Yəni bu şəraitdə bu vəziyyətdə baş verə biləcək hadisəyə görə Azərbaycan tərəfi heç bir məsuliyyət daşımayacaq. Çünki qarşı tərəfi səhv salmaq mümkündür. Ancaq buna baxmayaraq, rusiyalı hərbçilər yenə də bu təlimata və bu tapşırığa, bu xəbərdarlığa əməl etmədilər və məlum insident yaşanmışdı və bunun da günahkarı Ermənistan və Rusiya tərəfi ilə bağlı idi və Azərbaycan əslində heç bir məsuliyyət daşımır. Amma buna baxmayaraq, yenə də Azərbaycan konfrantasiyaya getmədi və münasibətlərimizin səviyyəsi naminə münasibətlərimizin yaxşı olması naminə mehriban qonşuluq, siyasət naminə biz, deməli, yenə də üzrxahlıq etdik və müvafiq istiqamətdə addımlar atdıq. Ancaq indi isə biz görürük ki, əsassız müqayisələr, əsassız ittiham, Azərbaycana qarşı dezinformasiya yayımı fake informasiyaların geniş tirajlanması, bunlar heç bir halda rəsmi Bakı-Moskva münasibətlərinin yüksək səviyyəsinə uyğun deyil, ona xələl gətirir və hesab edirik ki, bu kampaniyaya son qoyulmalıdır. Çünki belə kompaniya Rusiyanın düşdüyü indiki ağır situasiyada onun 50 dövlətlə müharibə vəziyyətində olduğu, Avropa İttifaqından sayca 16-cı sanksiyaların gəldiyi bir reallıqda Tramp (ABŞ prezidenti Donald) administrasiyasının Rusiyanı ittiham etdiyi və ittihamların səviyyəsinin daha da artdığı bir reallıqda Azərbaycanla münasibətləri korlamaq olmaz. Azərbaycanın haqq işinə kölgə salmaq olmaz. Əksinə, Rusiya bizim dost dövlət kimi bu məlum təyyarə qəzası ilə bağlı həqiqətin üzə çıxmasına dəstək verməli idi. Tərəfdaş dövlət kimi öz köməkliyini göstərməli idi. Təkcə, həm də canilərin, cinayətkarların tapılması, onların cəzalandırılması və kompensasiya ödənişi ilə bağlı addımlar atmalıydı. Amma bu addımları biz görmürük, əksinə, konfrantasiya qarşıdurma mühitinin formalaşmasına istiqamətlənmiş addımlar atılır ki, bu da heç bir halda qəbuledilməzdir və ikitərəfli münasibətlərimizin nə bu günə, nə də sabahını müsbət heç nə vəd etmir. İndiki şəraitdə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür”.

Səbinə Kazımova, “İki sahil”