26 yanvar 2025 09:01
141

Konqonun şərqində 13 sülhməramlı və əcnəbi əsgər həlak olub

Konqonun şərqində M23 üsyançıları ilə baş verən döyüşlərdə ən azı 13 sülhməramlı və əcnəbi əsgər həyatını itirib.

“İki sahil” xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Son həftələrdə M23 hərəkatı əhəmiyyətli ərazi uğurları əldə edərək, təxminən 2 milyon əhalisi olan və təhlükəsizlik və humanitar fəaliyyətlərin regional mərkəzi olan Qoma şəhərini mühasirəyə alıb.

BMT Təhlükəsizlik Şurası, Konqonun müraciəti əsasında, zorakılığın artması ilə bağlı təcili iclas keçirib. İclas əvvəlcə bazar ertəsi üçün nəzərdə tutulmuşdu, lakin bazar günü səhərə (Bakı vaxtı ilə saat 11:00-a) keçirilib.

Əvvəlki məlumatlarda isə Konqo ordusu, BMT qüvvələri və Cənubi Afrika İnkişaf Birliyi Missiyasının (SAMIDRC) əsgərlərinin köməyi ilə M23-ün Qomaya hücumunun dəf edildiyini bildirmişdi.

Konqo, ABŞ və BMT ekspertləri on ildən artıqdır ki, Ruandanı M23 hərəkatını dəstəkləməkdə ittiham edirlər. Bu hərəkatın əsasən tutsi etnik qrupundan ibarət olduğu bildirilir.