27 yanvar 2025 00:29
154

Britaniya bıçaq satışına nəzarəti gücləndirir

Britaniya hökuməti, uşaqların bıçaq əldə etməsinin qarşısını almaq məqsədilə pərakəndə satış məntəqələrində yoxlama prosedurlarını sərtləşdirmək niyyətindədir.

“İki sahil”in “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar Sautport şəhərində rəqs dərsində üç uşağı qətlə yetirən yeniyetmənin ötən həftə məhkəmədə günahını etiraf etməsindən sonra qəbul edilib.

Baş nazir Kir Starmer, ötən ilin iyul ayında Aksel Rudakubananın törətdiyi bıçaqlı hücumu Britaniya tarixinin ən dəhşətli hadisələrindən biri kimi qiymətləndirib və bu faciənin baş verməsinə səbəb olan nöqsanların araşdırılması üçün ictimai istintaq başladılıb. Nəticədə bıçaq satışına dair tənzimləmələrə diqqət yönəlib.

Mövcud qanunvericiliyə əsasən, Britaniyada pərakəndə satıcılar 18 yaşdan aşağı şəxslərin bıçaq almasının qarşısını almaq üçün yaş yoxlama sisteminə malik olmalıdırlar. Lakin bu sistemlərin bəzi aspektləri dəqiq müəyyən edilməyib.

Daxili işlər naziri İvet Kuper, ötən həftə parlamentdə çıxış edərək, 17 yaşlı A.Rudakubananın onlayn yolla bıçaq ala bilməsini utancverici adlandırıb. Nazir bildirib ki, uşaqların onlayn şəkildə təhlükəli silahlar əldə etməsi utancvericidir: “Onlayn alışlarda yanlış doğum tarixi daxil etmək çox asandır, bağlamalar isə çox vaxt heç bir sual soruşulmadan qapının ağzına qoyulur”,- deyə o, qeyd edib.