27 yanvar 2025 21:17
161

Qəhvənin qiyməti rekord həddə bahalaşıb

Tramp administrasiyasının Kolumbiyadan olan mallara yüksək rüsumlar tətbiq etməklə hədələməsinin ardından arabika sortundan olan qəhvə əhəmiyyətli bahalaşıb.

“İki sahil” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, arabika qəhvəsinin füçersləri az qala 0.8 faiz artaraq, ilk dəfə olaraq funtu 3.5 dollara çatıb. Qeyd olunur ki, bu adı çəkilən xammalın 1972-ci ildən bəri qeydə alınmış rekord baha göstəricisidir.

2024-cü ildə qəhvə 70 faiz bahalaşıb, noyabr ayında isə arabikanın füçersləri ötən əsrin son göstəricilərinə qədər yüksəlmişdi və artan şəkildə davam edirdi.

Bahalaşmaya təsir edən əsas faktorun Braziliyada müşahidə olunan güclü quraqlıq olub.

Ekspertlər gözlənilən yağışların torpağın qəhvə yetişdirilməsi üçün əlverişli rütubət səviyyəsini bərpa etməyə kifayət etməyəcəyini ehtimal edirlər.

Son bahalaşma trendinə isə Kolumbiya ilə ABŞ arasında yaşanan diplomatik-ticari gərginliyin təsir etdiyi istisna edilmir.