29 yanvar 2025 22:27
164

Bələdiyyə seçkiləri ilə bağlı Böyük Quruluş Partiyasının BƏYANATI

Hansısa qanun pozuntularına rast gəlinməmiş, elan edilən ilkin nəticələr eksitpolun açıqlamaları ilə ziddiyyət təşkil etmir

Böyük Qururluş Partiyası azad, demokratik, geniş siyasi rəqabət mühiti şəraitində gerçəkləşən və ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan bələdiyyə seçkilərini idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələ hesab edir

Böyük Quruluş Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.

“İki sahil” xəbər verir ki,  bəyanatda bildirilir ki, Böyük Quruluş Partiyası dövlət qeydiyyatına alındığı 2005-ci ildən bəri ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak etməyi özünün başlıca vəzifəsi hesab etmiş, belə siyasi kampaniyalara təşkilat strukturlarının fəallığının artırılması, seçki təcrübəsinin zənginləşdirilməsi, rəqabət mühitində imkanların sınaqdan çıxarılmaısı fürsəti kimi yanaşaraq, ona xüsusi əhəmiyyət vermişdir. Ötən ilin dekabr ayında keçirilən Ali Məclisin iclasında partiyanın bələdiyyə seçkilərində iştirakının məqsəduyğunluğu barədə qərarın qəbul edilməsi də bu mənada təsadüfi deyildi.

2025-ci il bələdiyyə seçkilərində həm partiyanın rəhbər orqanı tərəfindən, həm də öz təşəbbüsləri  ilə namizədliyi irəli sürülmüş partiya təmsilçiləri müxtəlif bələdiyyələr üzrə seçkilrədə iştirak etmişdir. İrəli sürülən namizədlərə toplanan  imzaların yoxlanması, namizədliklərin qeydə alınması da daxil olmaqla seçki proesesinin bütün mərhələlərində  bərabər  imkanlar yaradılmış, qanunvericiliyə riayət edilmişdir.

Bələdiyyə üzvlüyünə namizədlərin təşviqat mərhələsi Seçki Məcəlləsində nəzərdə tutulmuş müddətdə davam etmiş, təbliğat işlərini lazımi qaydada apara bilmələri üçün açıq və qapalı məkanlar ayrılmış, bu barədə hər hansı maneələrə rast gəlinməmişdir.

Seçki günü Böyük Quruluş Partiyasının 700 müşahidəçisi dairə və məntəqələrdə seçki prosesini yaxından izləmiş, səsvermədə iştirak edən seçicilərin öz iradələrini sərbəst və azad şəkildə ifadə etmələrinin şahidi olmaqla seçkilərin Seçki Məcəlləsinə uyğun  keçirilməsini təsbit etmişlər. Müşahidəçilərə seçici siyahıları ilə tanış olmaq, seçki məntəqəsinin səsvermə otağında olmaq, seçicilərə bülletenlərinin verilməsini müşahidə etmək, onların sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək, səsvermənin nəticələri və məntəqələr üzrə səsvermənin yekun protokollarının sənədləşdirilməsini sərbəst müşahidə etmək imkanı yaradılmışdır. Səsvermənin təşkili və seçkilərin saxtalaşdırılması ilə bağlı hansısa qanun pozuntularına rast gəlinməmişdir. Bələdiyyə seçkiləri ilə bağlı elan edilən ilkin nəticələr eksitpolun açıqlamaları ilə ziddiyyət təşkil etməmişdir.

Böyük Qururluş Partiyası azad, demokratik, geniş siyasi rəqabət mühiti şəraitində gerçəkləşən və ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olan builki bələdiyyə seçkilərini idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələ hesab edir və ümid edir ki, seçkili orqan kimi bələdiyyə institutu geniş səlahiyyət və imkanlar əldə etməklə yaxın gələcəkdə nüfuzlu və təsirli yerli özünüidarə orqanına çevriləcəkdir.