31 yanvar 2025 00:11
93

“Binokl diplomatiyası” şousuna yeni nəfəs

Ermənistanda Azərbaycanla şərti sərhəd zonasına yerləşdirilmiş Avropa İttifaqının (Aİ) mülki missiyasının fəaliyyət müddəti bu ilin fevral ayının 19-da başa çatacaqdı. Amma yanvarın 29-da Aİ-nin səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləməklə bu lüzumsuz missiyanın “ömrünü” uzadıblar. Bu qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində casusluqla məşğul olan müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur. Bununla da Aİ-nin nümayəndələri - sözdə mülki missiya ölkəmizə binoklla baxmaqda, başqa sözlə desək, binokl şousu göstərməkdə davam edəcəklər. Bu məsələyə münasibət bildirən “Azatutyun” radiostansiyanın Avropa məsələləri üzrə redaktoru Rikard Jozwiakın sözlərinə görə, guya Aİ sərhəddə və münaqişədən təsirlənmiş bölgələrdə insidentlərin sayının azaldılmasına “töhfə” vermək üçün iki il əvvəl yaradılmış missiyanın mandatının müddətini uzadıb.

Şübhəsiz, bu məsələdə Azərbaycana qarşı qərəzi ilə seçilən, Ermənistanı durmadan silahlandıran Fransa Prezidenti Emmanuel Makronun “əməyi” böyükdür. Çünki Afrikadakı təsir imkanlarının əhəmiyyətli hissəsindən məhrum olan və dənizaşırı ərazilərində böhranlarla üzləşən Makron bu yolla nəyin bahasına olursa-olsun Cənubi Qafqazda təsirini artırmağa çalışır. O, strateji əhəmiyyətə malik Gümrüdəki 102-ci hərbi baza da daxil olmaqla, Rusiyanın hərbi mövcudluğunu tədricən sıxışdırmağı da hədəfləyib. Bir sözlə, Fransa "sülhü dəstəkləmək" ritorikası altında Ermənistandakı mülki missiyadan Cənubi Qafqazdakı güc balansını dəyişmək üçün alət kimi istifadə etməkdə davam edir. Bu isə təbii ki, Ermənistan da daxil olmaqla bölgənin digər dövlətlərinə yaxşı heç nə vəd etmir. Hazırda baş verənlər Fransanın ucbatından regionda daha gərgin bir vəziyyətin yarana biləcəyini istisna etmir.

Azərbaycan dəfələrlə bildirib ki, Ermənistana qısa müddətə gələn müşahidəçi missiyasının vaxtının uzadılması iki ölkə arasında sülh prosesinə zərbə vurmaqla yanaşı, bölgədə təhlükəsizliyə təhdiddir. Ona görə Aİ-nin sərhəd missiyasının Ermənistan tərəfdən Azərbaycan sərhədi yaxınlığında fəaliyyət göstərməyinə əsla ehtiyac yoxdur. Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olan əsas səbəblərdən biri kimi Aİ-nin Ermənistandakı müşahidəçilərini göstərmişdi: “Bu, niyə bizim üçün vacibdir? Çünki sözdə Avropa müşahidəçiləri pərdəsi altında bizimlə Ermənistan sərhədində NATO tərəfindən infrastruktur yaradılıb”.

Dövlətimizin başçısı, həmçinin 2024-cü il oktyabrın 14-də Belçika Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən də belə bir təsisatın qalmasının Azərbaycan–Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulamışdı. Hətta Prezident İlham Əliyev “binokl diplomatiyası”nın qəbuledilməz olduğunu, normal siyasi mədəniyyət standartlarından uzaq olduğunu  bildirmişdi. Şübhəsiz, belə bir addım atmaqla həm Fransanın diktəsi ilə oturub-duran Aİ həm də Ermənistan bir daha sübut etdilər ki, Cənubi Qafqazda əmin-amanlığın, sülhün marağında deyillər. Elə bu kimi səbəblərdən də yalnız öz maraqları daxilində hərəkət edirlər. Digər tərəfdən, şübhəsiz, Aİ-nin qondarma  müşahidə missiyasının müddətinin uzadılması sülhə olan inamı daha da sarsıtdı. 

Xatırladaq ki, Aİ-nin Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış mülki müşahidə missiyası 2022-ci ilin dekabrından fəaliyyətə başlayıb. Azərbaycan müşahidəçilik institutuna etiraz etməsə də, onun şərti sərhədin öz tərəfində fəaliyyətinə razılıq verməmişdi. Tərkibi əsasən alman polislərindən və fransız jandarmeriyasının təmsilçilərindən, bir sözlə, təcrübəli hərbçilərdən ibarət olan bu missiyanın əsas “işi” şərti sərhədin müxtəlif hissələrini gəzib-dolaşmaq, Azərbaycanın hərbi mövqelərini izləmək, kəşfiyyat xarakterli materiallar toplamaqdan ibarətdir. Əllərində də həmişə binokl olur.  Elə bu səbəbdən onlar “binokl dipomatiyası” kimi ad çıxarıblar.

Qvami Məhəbbətoğlu, “İki sahil”