30 yanvar 2025 16:43
180

Satiranın kəskin qələmi, sözün işığı - Xeyrəddin Qoca

Azərbaycan ədəbiyyatının, dramaturgiyasının və publisistikasının görkəmli nümayəndəsi, satira ustadı, ictimai xadim Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qülbəndə kəndində anadan olmuş, ədəbiyyata, jurnalistikaya və ictimai həyata misilsiz töhfələr vermişdir.

Yarım əsrdən çoxdur ki, Xeyrəddin Qoca satira silahı ilə cəmiyyətin naqisliklərini ifşa etmiş, sözün gücü ilə haqsızlığa qarşı mübarizə aparmışdır. İlk dəfə ötən əsrin 60-cı illərinin sonunda "Kirpi" jurnalında dərc olunmuş "Hədiyyə" adlı satirik hekayəsi ilə oxucuların diqqətini cəlb edən qələm sahibi o vaxtdan bəri minlərlə məqaləsi, hekayəsi, pyesi və kitabı ilə Azərbaycan mətbuatında və ədəbiyyatında dərin iz qoymuşdur.

Onun əsərləri yalnız kitab səhifələrində deyil, teatr səhnələrində, radio dalğalarında, televiziya ekranlarında da özünə yer tapmışdır. "Hərənin öz payı...", "Düzü-düz, əyrini-əyri", "Qonşulaşma, qohumlaşma, kirvələşmə" kimi satirik əsərləri cəmiyyətin reallıqlarını açıq şəkildə əks etdirən bir aynadır.
Ölkənin taleyinin həll olunduğu bir dönəmdə o, 91 nəfər cəsur ziyalıdan biri kimi tarixə düşdü. Bu qrup sonralar "91-lər" adı ilə tanınaraq, xalqın milli maraqları uğrunda mübarizənin önündə getdi. Həmin dövrün sınaqlarından üzüağ çıxan Xeyrəddin Qoca daha sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının yaradılması prosesində fəal iştirak etdi. Onun bu fəaliyyəti Azərbaycanın müasir siyasi sisteminin formalaşmasında və dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynadı.

Xalqın etimadını qazanan Xeyrəddin Qoca 1995-ci ildə I çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş, 1997-ci ildən 2003-cü ilə qədər Azərbaycan Respublikasının İstanbul şəhərində baş konsul vəzifəsində çalışmış və birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə layiq görülmüşdür.

Yazıçı-dramaturq kimi cəmiyyətin aynasını tutan Xeyrəddin Qoca jurnalistikanın müxtəlif janrlarında minlərlə yazı ərsəyə gətirmiş, teatr və televiziya üçün çoxsaylı əsərlər yazmışdır. Onun yaradıcılığı xalqın problemlərinə toxunan, insanları düşündürən və tənqid etməyə vadar edən bənzərsiz üsluba malikdir.

Ədəbiyyata, jurnalistikaya və dövlətə göstərdiyi xidmətlər dövlət tərəfindən də yüksək qiymətləndirilmişdir. O, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Şöhrət" ordeni, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, "Heydər Əliyevin 100 illiyi (1923 – 2023)" medalı və bir sıra digər mükafatlara layiq görülmüşdür.

Xeyrəddin Qoca Azərbaycan ədəbiyyatının və satirik publisistikasının canlı əfsanəsidir. Onun qələmi daim cəmiyyətin aynası olmuş, satirası cəmiyyətin ən dərin qatlarına nüfuz etmişdir.

75 illik yubileyiniz mübarək, Xeyrəddin müəllim! Sizin kəskin sözünüz, haqq axtarışınız və satiranız daim yaşayacaqdır!

Tural Qoca