Uqanda hakimiyyəti Ebola virusu əleyhinə peyvəndi sınaqdan keçirməyə başlayır.
“İki sahil” xəbər verir ki, bunu Uqanda Virusologiya Tədqiqat İnstitutunun icraçı direktoru Pontiano Kalibu deyib.
Onun sözlərinə görə, 2 min dozaya qədər peyvəndin tətbiq edilməsi planlaşdırılır. Bununla belə, vaksin eksperimental xarakter daşıyır və lisenziyaya malik deyil.
Xatırladaq ki, bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı effektivliyini qiymətləndirmək üçün Uqandaya 2,1 min dozadan çox Ebola vaksini göndərib. Təşkilat bildirib ki, sınağın məqsədi potensial təsirli peyvənd namizədini qiymətləndirmək və əgər effektiv olarsa, potensial olaraq mövcud epidemiyaya son qoymağa və gələcəkdə risk altında olan əhalini qorumağa kömək etməkdir.
Xəstə insanlarla təmasda olan və yüksək risk qrupunda olan insanların peyvəndin sınaqlarına qatılmasına icazə veriləcək.
Son iki onillikdə Afrikada iki Ebola epidemiyası baş verib, Liberiya və qonşu ölkələrdə 11 000-dən çox insan, Konqo və Uqandada isə təxminən 2 300 nəfər ölüb. Bu epidemiyalar dünyanın bütün həkimlərini virusa diqqət yetirməyə və təcili olaraq xəstəliyə qarşı peyvənd, dərmanlar hazırlamağa başlamağa məcbur edib.