03 fevral 2025 14:32
63

Rusiya Tartus bazası ilə bağlı Suriyanın yeni hakimiyyəti ilə danışıqları davam etdirəcək - Peskov

Rusiya Suriyanın yeni hakimiyyət orqanları ilə bir çox məsələlər, o cümlədən Tartusdakı Rusiya bazasının taleyi ilə bağlı danışıqları davam etdirəcək.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Yanvar ayında Dəməşq Moskva ilə Tartus limanının idarə edilməsinə dair razılaşmanı pozub. Lakin burada Rusiyanın hərbi obyektlərinə nəzarətdən məhrum edilməsindən söhbət getmir.

“Bilirsiniz, bizim nümayəndə heyətimiz bu yaxınlarda Dəməşqdə danışıqlar aparıb, bütün məsələlər üzrə təmasların davam etdirilməsi razılaşdırılıb, müzakirə ediləcək çoxlu məsələlər var, dialoq davam etdiriləcək”, - deyə, Kreml rəsmisi mətbuata açıqlamasında deyib.

Rusiya hərbi kontingenti 2015-ci ilin sentyabrında Suriyaya göndərilib. Yanvarın 28-də Rusiya nümayəndə heyətinin Dəməşqə səfəri zamanı Suriya sahillərində hərbi mövcudluğun - Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartus vilayətindəki 720-ci maddi-texniki bazası və Latakiya vilayətindəki Xmeymm aviabazasının saxlanılması məsələsi müzakirə olunub.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkənin Suriyadakı mövcudluğunda heç bir dəyişiklik yoxdur. Danışıqlardan sonra Suriya hakimiyyəti qeyd edib ki, Rusiya konkret tədbirlər, o cümlədən kompensasiya və ölkənin yenidən qurulmasına kömək etməklə etimadı bərpa etməlidir.