Bəzi özəl tibb müəssisələri yoxlamaların dayandırılmasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edirlər.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin yaz sessiyasının bu gün keçirilən ilk iclasında deyib.
Onun sözlərinə görə, yoxlamaların dayandırılması bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olub:
"Hazırda saxta və standartlara cavab verməyən tibb müəssisələrinin çoxaldığını müşahidə edirik. Təbii ki, ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələri var. Ancaq yoxlamaların dayandırılmasından sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin addımları ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəsissləri arasında uçurumlar yaranmasına səbəb olur".
Deputat bildirib ki, tibb müəssisələrinin yoxlamaların dayandırılmasından sui-istifadə etməsi hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, müəyyən qaydaların qəbuluna və qanunlarda dəyişiklik olunmasına ehtiyac var.