04 fevral 2025 23:43
79

Zəngəzur dəhlizi reallaşacaq...

Cənubi Qafqazda geosiyasi proseslərin gedişatını müəyyən edən əsas məsələlərdən biri Zəngəzur dəhlizidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tarixi torpaqlarını azad edərək bölgədə yeni reallıqlar yaratdı. Bu reallıqlardan ən önəmlisi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək Zəngəzur dəhlizinin açılmasıdır. Bu dəhliz yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcək iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Lakin Ermənistanın qeyri-konstruktiv siyasəti bu strateji layihənin reallaşmasını ləngidir.

Zəngəzur bölgəsi tarixən Azərbaycanın ayrılmaz hissəsi olub. Lakin 1920-ci illərdə Sovet rəhbərliyi tərəfindən Zəngəzurun qərb hissəsi Ermənistana verildi və bununla da Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqə kəsildi. Bu süni sərhəd bölgədə iqtisadi və siyasi parçalanmaya səbəb oldu. 1990-cı illərdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində nəinki Zəngəzurla, ümumiyyətlə, Qarabağ və digər ərazilərlə də əlaqə tamamilə itirildi.  2020-ci il müharibəsindən sonra yenidən tarixi ədalət bərpa olundu və Azərbaycanın əsas tələblərindən biri Zəngəzur dəhlizinin açılması oldu. Bu məsələ 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda da əksini tapdı. Lakin Ermənistan bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışır.

Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, həm də Türkiyə, Rusiya, İran və Mərkəzi Asiya ölkələrinin maraqlarına cavab verir. Bu marşrut açılarsa Azərbaycan və Türkiyə arasında birbaşa quru yolu yaranacaq. Rusiya və İran üçün yeni ticarət və nəqliyyat imkanları açılacaq. Ermənistan regional izolyasiyadan çıxış əldə edəcək. Buna baxmayaraq, Ermənistan bu prosesə mane olmağa çalışır. Ermənistan hökuməti müxtəlif bəhanələrlə dəhlizin açılmasını ləngidir. Ermənistanın bu qeyri-konstruktiv mövqeyi onun özünə ziyan vurur. Çünki Zəngəzur dəhlizi açılarsa Ermənistan iqtisadi cəhətdən qapalı vəziyyətdən çıxacaq, yeni ticarət imkanları əldə edəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin bir hissəsinə çevriləcək. Ancaq Ermənistan bu perspektivi geri çevirir.

Azərbaycan Ermənistanın qeyri-müəyyən siyasətinə baxmayaraq öz milli maraqlarını qorumaq üçün alternativ yollar axtarır. Artıq İran ərazisi vasitəsilə Naxçıvanla quru bağlantısının yaradılması istiqamətində ciddi addımlar atılır. Bu isə Ermənistanı prosesdən kənarda qoya bilər. Ölkəmiz, eyni zamanda, Gürcüstanla nəqliyyat əlaqələrini genişləndirmək üçün alternativ variantlar üzərində işləyir. Bu da göstərir ki, Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirsə, Bakı öz hədəflərinə başqa yollarla çatacaq. Zəngəzur dəhlizinin açılması məsələsində Türkiyə, Rusiya və İran açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir. ABŞ və Avropa İttifaqı isə bu məsələdə birmənalı mövqe ortaya qoymur. Ermənistan əsasən Fransa və bəzi Qərb dairələrinin dəstəyinə arxalanaraq prosesi uzatmağa çalışır.

Azərbaycan isə qətiyyətli və prinsipial mövqeyini qoruyur. Yanvarın 28-də keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə yeni layihələr arasında Zəngəzur dəhlizi xüsusi qeyd edilib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirir,  qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur. Dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq: “Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin”.

Dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasının lazım olan ehtiyaclarının müxtəlif yollarla təmin edildiyini bildirib.  İlk növbədə, İran İslam Respublikası ərazisindən yüklər və sərnişinlər gedir, digər imkanlar da var. Amma bunlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır: “Prinsip etibarilə Gürcüstan, Türkiyə ərazilərindən də bu bağlantı yaradıla bilər, amma ən rahat yol və imkan olduğu halda, əlbəttə ki, bu məsələ prioritet təşkil edir. Bununla belə, görəndə ki, Ermənistan tərəfi yenə də özünü qeyri-səmimi aparır, İran İslam Respublikası ilə müvafiq razılaşma əldə edilmişdir və Ermənistanı “baypas” edən avtomobil körpüsünün tikintisi də, artıq bu layihə də icra edilir və yəqin ki, bu il tamamlanacaq.  Ermənistanın tranzit ölkəyə çevrilmə arzusu gözündə qalacaq”.

Müşavirədə Naxçıvan Muxtar Respublikasında ikinci körpünün də tikiləcəyi qeyd edilib.  Birinci körpü Zəngilan rayonu ərazisində inşa edilir.  Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək. Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında daim bir məsələ qeyd edilir ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Prezident İlham Əliyev bu reallıqları bir daha diqqətə çatdırıb: “Bu, tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi. İkincisi, ondan sonra ardıcıllıqla əgər getsək, cinayət dırnaqarası “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Azərbaycan ərazisində yaradılması idi. Ondan əvvəlki cinayət ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi idi. Ondan əvvəlki cinayət Qarabağ xanının öldürülməsi idi, hansı ki, zəmanət verilmişdi ki, o, öz rəhbərliyini Qarabağda icra edəcək və XX əsrin digər cinayətləri də göz önündədir. Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq”.

Reallıq ondan ibarətdir ki, Azərbaycanın ədalət və beynəlxalq hüquqa əsaslanan siyasəti, Zəngəzur dəhlizinin açılmasını təmin edəcək. Bu layihə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini qurmaqla yanaşı, Cənubi Qafqazda iqtisadi və strateji əməkdaşlığı gücləndirəcək. Zəngəzur dəhlizinin mütləq açılması, regionda sabitlik və inkişaf üçün vacib bir addım olacaq.

Nigar Orucova, “İki sahil”