Təhqiqat komissiyası Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin konstruksiyalarının zədələnməsinin ətraflı müayinəsini davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəza ilə bağlı təqdim etdiyi ilkin hesabatda qeyd olunub.
Hesabata əsasən, qorunub saxlanmış fraqmentlərin ilkin müayinəsi nəticəsində gövdənin arxa hissəsində, şaquli stabilizatorda və üfüqi stabilizatorda, sükan və istiqamət sükanlarında müxtəlif ölçülü və formalı çoxsaylı deşik və deşilməmiş zədələr aşkar edilib.
"Oxşar zədələr hava gəmisinin sol mühərrikində və sol qanadında, həmçinin hava gəmisinin aqreqat və komponentlərində aşkarlanıb. Bəzi yerlərdə zədələr düzgün düzbucaqlı formaya malikdir", - hesabatda qeyd olunub.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.