06 fevral 2025 11:17
89

“ASAN Könüllülərinin Diskussiya Platforması” çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ASAN könüllüləri ilə görüşüb. Tədbir “ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində baş tutub.

Agentliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə verilən məlumata görə, Ülvi Mehdiyev gənclərin cəmiyyətin müxtəlif sahələrində, o cümlədən vətəndaşlara xidmətlərin göstərilməsi, sosial innovasiyaların tətbiqi zamanı fəal iştiraklarından söz açıb. O, ASAN könüllülərinin müxtəlif innovativ layihələrdəki rolunun, innovativ idarəetmə modelinin tətbiqi ilə bağlı uğurlu təcrübələrinin əhəmiyyətini diqqətə çatdırıb.

Açıq müzakirə formatında davam edən görüşdə dövlət idarəçiliyinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb, gənclərin sulları cavablandırılıb.

“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir. Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.