07 fevral 2025 15:17
86

Aktauda təyyarə qəzası qurbanlarının anım mərasimi keçirilib

Bu gün Aktauda 2024-cü ilin dekabrın 25-də baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzasında həlak olanların anım mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri Qazaxıstanın Azərbaycandakı səfirliyi və Manqistau vilayətinin akimatı təşkil edib.

Tədbirdə Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı və başqaları iştirak ediblər.

Tədbirin əvvəlində Quran-i Kərimdən ayələr oxunub. Manqistau vilayətinin akimi Nurdaulet Kilıbay həlak olanların yaxınlarına başsağlığı verərək bildirib ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin tapşırığı ilə qəzanın nəticələrinin aradan qaldırılması, səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi məqsədilə Hökumət Komissiyası yaradılıb.

N.Kilıbay xilasedicilərə, tibb işçilərinə və bütün laqeyd qalmayan qazaxıstanlılara bir daha təşəkkürünü bildirib.

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel vurğulayıb ki, bu gün Qazaxıstan və Azərbaycan arasındakı münasibətlər həqiqətən də müttəfiqlik xarakteri alıb. O, Xəzər dənizinin şərq və qərb sahillərində yerləşən Qazaxıstanın və Azərbaycanın Türk dünyasının mühüm oyunçuları, həmçinin Avrasiya nəqliyyat-logistika sisteminin əsas həlqələri olduğunu vurğulayıb.

Tədbir çərçivəsində həlak olmuş qazaxıstanlıların yaxınlarına Almatı şəhərindəki yeni yaşayış kompleksində yerləşən beş ikiotaqlı mənzillərin açarları təqdim edilib.