08 fevral 2025 00:12
115

Narkotiklə mübarizədə yeni addımlar

Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, XXI əsrdə də qlobal problemlər sırasında qalmaqdadır.  İnsanları fəlakətə sürükləyən, cinayətlərə səbəb olan, taleləri məhv edən narkotik maddə istifadəçilərini tədricən uçuruma aparır, ölümə sürükləyir. Narkotik asılılığın elmi anlayışı ilk dəfə XVIII əsrin əvvəllərində verilib. XX yüzilliyin sonunda narkomaniya müxtəlif xalqların genofonduna sarsıdıcı zərbələr vurub, qarşısıalınmaz bir təhlükəyə çevrilib.

Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli probleminə çevrilməklə yanaşı, ən ağır xəstəliklərin də mənbəyidir. Bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qaldıqları üçün daha qorxuludurlar. Bu, bir növ bataqlığa bənzəyir. Bataqlığa düşdüyünün fərqinə varıb oradan çıxmaq üçün çırpınan hər hərəkətində daha da dərinə batır. Narkotiklərdən istifadə bataqlıqdan heç də az təhlükəli deyil.

Narkotik maddələrdən bir və ya bir neçə dəfə istifadə etməklə asılılıq yaranır. Tibbi təcrübələr də bu bəla ilə mübarizə aparmağın çətin olduğunu, xilas olma faizinin aşağı olması faktını təsdiqləyir. Narkotikə qurşanmış insanların əksəriyyəti həyatlarını itirirlər.

Bu maddələrdən istifadə edən insanda ilk əvvəl xoş hisslər yaranır. Aldadıcı təsirin - sevinc və enerjinin narkotikdən olmasına inanır. Bu qənaət tamamilə yanlışdır. Əgər hər şey aludəçinin düşündüyü kimi olsaydı, cəmiyyətin ən fərəhli, ən gümrah, öz karyerasında və şəxsi həyatında uğur qazanan insanı olardı.

Ailədə və işdə yaranan problemlər, düzgün seçilməyən mühit, psixoloji zəiflik tez təsir altına düşmə və digər müxtəlif səbəblər zəif insanları narkotikdən istifadəyə yönəldir. Əlbəttə, bu maddələrdən əyləncə məqsədilə istifadə edənlər də var.

Narkomaniyanın yayılması millətin sağlam həyat tərzinə təhlükə törədir. Narkotik, ilk növbədə, narkomanın öz sağlamlığına ziyan vurur. Bu maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Mütəmadi istifadə yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qaraciyər və böyrəklərin funksiyasının pozulmasına səbəb olur. Narkomaniyanın yaratdığı və geniş yayılan "Hepatit B" qaraciyər iltihabı çox təhlükəli xəstəlikdir. Bu xəstəliyin narkotik maddələrə aludə olanlar arasında yayılmasına səbəb narkotik maddənin qəbulu prosesində istifadə edilən  iynə, şpris və ya digər yoluxmuş alətlərdir. Bu zaman "HİV" və "QİÇS" kimi sağalmaz xəstəliklərə də yoluxmaq mümkündür. Belə ağır xəstəliklərlə yanaşı, narkotikin təsirində olanlar psixoloji sarsıntılar keçirərək ətrafındakı insanlara zərər verməyə başlayırlar.

Respublikanın şəhər və rayonlarında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün rayon (şəhər) prokurorluq əməkdaşları və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqəli şəkildə mütəmadi olaraq təhsil müəssisələrində və rayon (şəhər) ərazisində profilaktik və maarifləndirici xarakterli söhbətlər aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, narkomanlığın şəxsiyyətin deqradasiyasına, intellektual potensialınına aşağı düşməsinə və bir çox mənfi hallara gətirib çıxarması diqqətə çatdırılmışdır.

Baş Prokurorluq narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayət işlərinin istintaqı və məhkəmə baxışı zamanı, xüsusilə yetkinlik yaşına çatmayanların iştirakı ilə törədilən cinayətlərdə, bu cür hüquq pozmalara səbəb olan amillərin araşdırılması və qarşısının alınması məqsədilə cinayətlərin törədilməsinə şərait yaradan hallar və digər amillər mütəmadi təhlil edilmiş və cinayəti törətməkdən çəkinmək məqsədilə maarifləndirmə və profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə cəmiyyətin məlumatlandırılması təmin edilmişdir.

2024-cü il ərzində Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi olmaqla - Baş Prokurorluğun 1 struktur qurumu, Bakı hərbi prokurorluğu, Gəncə hərbi prokurorluğu, Sumqayıt hərbi prokurorluğu, Ağdam hərbi prokurorluğu, Lənkəran hərbi prokurorluğu, Şəmkir hərbi prokurorluğu, Tərtər hərbi prokurorluğu, Zaqatala hərbi prokurorluğu və Naxçıvan hərbi prokurorluğu olmaqla - 9 hərbi prokurorluq, eyni zamanda Gəncə şəhər prokurorluğu, Naxçıvan Muxtar Respublikası prokurorluğu, Abşeron, Binəqədi, Sabunçu, Suraxanı, Nizami, Nəsimi, Xətai, Ağdam, Ağcabədi, Ağstafa, Astara, Balakən, Beyləqan, Biləsuvar, Beyləqan, Babək, Cəbrayıl, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Goranboy, Xaçmaz, Xocavənd, Xocalı, Xızı, İsmayıllı, İmişli, Kürdəmir, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Lənkəran, Masallı, Mingəçevir şəhər, Neftçala, Oğuz, Sabirabad, Salyan, Samux, Siyəzən, Sədərək, Şabran, Şamaxı, Şirvan şəhər, Şəki, Şəmkir, Şahbuz, Şərur, Şuşa, Tərtər, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan və Zərdab olmaqla - 67 tabe rayon (şəhər) prokurorluqları tərəfindən həmin mövzu ilə əlaqədar müvafiq mühazirə və söhbətlər aparılmış, mətbu nəşrlərdə, eləcə də digər nəşrlərdə (yerli qəzetlərdə, yerli icra hakimiyyəti orqanlarının rəsmi veb saytında, jurnal və onlayn mediada) müxtəlif məqalələr dərc edilmişdir.

Bundan başqa, Baş Prokurorluğun Mətbuat Xidməti tərəfindən göstərilən dövr ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində qanunvericiliyin müddəa və tələblərinin maarifləndirilməsi ilə bağlı hazırlanmış mətn və videoçarxlar #hüquqibilikləriniartır və #hüquqimaarifləndirmə həştəqləri altında Baş Prokurorluğun veb saytında və sosial media səhifələrində yerləşdirilmişdir.

Bəhruz Qədirli,
Azərbaycan Respublikası Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti, II dərəcəli hüquqşünas