18 noyabr 2025 11:01
88

Peşəsi onun həyatıdır…

Azərbaycan jurnalistikasının XX əsrdə yüksəlişi, ədəbiyyatımızın 1960-1970-ci illərdəki yüksəlişi ilə demək olar ki, eyni dövrə təsadüf edir. Mənim yaşım o dövrü dəyərləndirməyə yetməsə də, jurnalist peşəsinin sirlərini, jurnalistikanın dəyərlərini o dövrün tanınmış simalarından - Şirməmməd Hüseynovdan, Tofiq Rüstəmovdan, Nəsir İmanquliyevdən, Famil Mehdidən, Qulu Xəllillidən, Nurəddin Babayevdən öyrənmiş, onların mühazirələrindən əxz etmişəm.

Bu insanlar mənim də nümayəndəsi olduğum 1980-ci illərin jurnalistləri üçün peşə simvoluna çevrilmişdilər və onların dərsləri bizim fəaliyyətimizdə dərin bir iz buraxmışdı. Amma mənə qədər bu məktəbi 1970-ci illərin bir çox tanınmış jurnalist həmkarım keçmişdi və bu ustadlarımızdan həqiqi jurnalist olmağı, jurnalist kimi yaşamağı və yaratmağı öyrəniblər. Şəmsiyyə Kərimova o yaşlı həmkarlarımın bu gün də yaxşı tanınan, Azərbaycan mətbuatında söz sahibi olan görkəmli nümayəndələrindən biridir.

Mən jurnalistika fakültəsində təhsil alanda Şəmsiyyə artıq peşə yollarında qətiyyətli addımlar atmaqda, imzasını tanıtmaqda idi. Şəxsən tanımasam da, Azərbaycan Radiosunun “Gənclik” baş redaksiyasının efirə gedən verilişlərində adını tez-tez eşidir, “Azərbaycan gəncləri” qəzetində imzasını müntəzəm görürdüm.

İlk tanışlığımız yaxın bölgələrin birinə səfərdən başladı. Yaşı, təcrübəsi və imzası ölkə səviyyəsində tanınan həmkarımla yola nərdivan qoymaq üçün fakültəmizin ustad məzununun tələbəlik illərinə səyahət etdik. Əslində, mənim üçün həmişə maraqlı olan qadın jurnalistlərin bu əziyyətli peşəyə nədən gəlmələrinin cavabını bilavasitə Şəmsiyyə xanımın özündən eşitmək idi.

Çöhrəsinə təbəssüm qondu və xatirələrin uzaq səyahətinə yola düşdü. “Orta məktəb illərindən mütaliəyə çox böyük  marağım vardı, - deyə Şəmsiyyə xanım söhbətə başladı. – Kitablarla ünsiyyətimi kamilləşdirəndən sonra mətbuata, dövrün qəzet və jurnallarına üz tutdum. Bəzən elə mövzulara rast gəlirdim ki, deyirdim bunu mən belə yazmazdım. Sonra da məqalədəki mövzu ilə bağlı öz baxışımı götür-qoy edirdim. Bir gün də qərar verdim ki, jurnalist olacağam”.

Bu, qəfil bir qərar olmur. Şəmsiyyə orta məktəbin yuxarı siniflərində oxuyanda   abunə olduğu “Azərbaycan gəncləri” qəzetinin indiki Bakı Dövlət Universitsetinin Jurnalistika fakültəsi ilə birgə “Jurnalist! Jurnalist? Jurnalist!” müsabiqəsi elanı ilə rastlaşır. Özünü sınamaq, sözünü ölkə mətbuatının səhifələrində yazmaq qərarına gəlir. Çox keçmir ki, səliqə ilə məktəbli dəftərinə yazdığı “Çərkəz qızı Tellinin nağılı” oçerkini zərfə qoyub qəzetin redaksiyasına göndərir. Yaradıcılığının ilk nümunəsi böyük uğur qazanır və qəzetin səhifəsində işıq üzü görür. 

Etiraf edim ki, həyatda və dünyada baş verən hadisələr və onları canlı olaraq ekrana gətirən, yazılı mətbuata çıxaran jurnalistləri görəndə mən də düşünürdüm ki, jurnalistika qadınlar üçün çox təhlükəli ola bilər. Çünki bu peşə böyük cəsarət, qətiyyət və hətta bəzən öz həyatı bahasına olsa da, həqiqəti insanlara çatdırmaq, açıqlamaq istəyi tələb edir. Bu, o anlama gələ bilər ki, “bəli, jurnalistika qadın işi deyil”. Bununla belə, yarandığı dövrdən bu yana qadınlar həmişə jurnalistikanı peşə seçiblər və bu sahədə inanılmaz zirvələr fəth ediblər. Məsələn, XIX əsrin 60-cı illərində bütün dün­yaya tanınan Nelli ləqəbli Elizabet Ceyn Kokran, Opra Uinfri, Kristian Amanpur, Dayan Soyer və sairlərin adını çəkmək olar ki, onlar peşəkarlıqları ilə bu sənəti ən yüksək səviyyəyə qaldıra biliblər.

Şəmsiyyə bəlkə də elə bu xanım jurnalistlərin parlaq fəaliyyətindən ilham almışdı və beləcə, “qadın üçün olmayan” bu peşə haqqında romantik düşüncələri onu universitetin jurnalistika fakültəsinə gətirib çıxarmışdı. Kimsənin qınağına məhəl qoymayan gənc xanım ötən əsrin 70-ci illərinin kiçik yaradıcı laboratoriyasına çevrilmiş jurnalistika fakültəsində təhsilini uğurla başa vurub arzusuna çatır. Doğrudur, burada da səmimi, mehriban müəllimlərindən bu peşənin heç də asan olmadığı fikirləri ilə qarşılaşır. Amma bu fikirlər onu yolundan döndərmək üçün deyil, peşəsinə sədaqətli olmağa, cəmiyyətdə baş verənlərə qarşı barışmaz mövqe nümayiş etdirməyə, sözün dəyərini bilməyə və əlbəttə, ləyaqətli jurnalist olmağa yönəldir.

Şəmsiyyə xanım deyir: “İlk gündən ustadlarımızın bizə təlqin etdiyi bir fikir  düşüncəmizə hakim kəsildi: “Jurnalist öz dövrünün gerçək tarixini ən tünd və obyektiv ştrixlərlə gələcəyə daşımalıdır. Əgər bunu bacarmırsa, onun əməyinin zərrə qədər dəyəri yoxdur”.

Şəmsiyyə Kərimova harada işləməyindən asılı olmayaraq, işə peşəkar münasibəti ilə seçilib, dörün və zamanın tələblərinə deyil, jurnalistikanın alqoritmlərinə uyğun fəaliyyət göstərib. İstər radioda çalışarkən hazırladığı reportajlarda, istər yazılı mətbuatda qələmə aldığı publisistik məqalə və oçerklərdə həqiqətən bu günü obyektiv olaraq gələcəyə daşıyan, informasiya adlandırıla bilən məhsul ya­ratmaq üçün çalışıb. Onun qələmindən çıxan hər bir məqalə geniş auditoriyaya maraqlıdır, çünki müəyyən kreativliyə malikdir və müəllifinin yaradıcı potensialını ortaya qoyur.

Şəmsiyyə  öz yaradıcılıq bacarıqlarını tam mənimsəyən və idarə edən, ölkəsinin potensial maraqlarını həssaslıqla tutmağı və reallığa çevirməyi bacaran jurnalist nümunəsidir. O, öz yaradıcılığının məsuliyyətini yaxşı dərk edir.

Bir müddət Azərbaycan radiosunun “Gənclik” baş redaksiyasında onunla çalışanda bir çox müsahibəsinin canlı şahidi oldum. Bu xanım jurnalistin işində ən üstün cəhət təkcə sual verməkdə deyil, həm də həmsöhbətini dinləmək bacarığı idi. Bu, daha çox diqqətimi çəkirdi. Mübahisələrə qatılmadan, hadisələrə öz fikrini şərik etmədən qərəzsizlik nümayiş etdirmədən və eyni zamanda müxtəlif səssiz yollar tapmaq bacarığı – razılaşaraq başını tərpətmək, təəccüblə qaşını çatmaq, istehza ilə gülümsəmək və ya qollarını açmaq – kiminsə açıqlamasına münasibət bildirmək. Bunu jurnalist məktəbi keçməyən, yazımın əvvəlində adını çəkdiyim müəllimlərimizin ustad dərslərini əxz etmədən kimsə əsla bacarmaz. Çünki bu ustad müəllimlər Şəmsiyyə kimi bu məktəbi keçən onlarla jurnalistə müxtəlif təbəqədən olan insanlarla, müxtəlif ranqdan olan məmurlarla ünsiyyətdə olarkən  səmimi və düzgün olmağı, qırmızı xəttləri keçməməyi, səhvlərdən qaçmağı bacarmağı öyrədiblər.

Əgər mənə Şəmsiyyə xanımın jurnalist xarakterini yığcam ifadə etmək tapşırığı verilsəydi, mən belə deyərdim: Şəmsiyyə daha çox maraq, empatiya, analitik təfəkkür, ope­rativlik, diqqətlik və məlumatı inandırıcı şəkildə təqdim etmək bacarığı kimi keyfiyyətləri özündə cəmləşdirən qadın jurnalist obrazdır.

Şəmsiyyə illər ərzində inkişaf etdirdiyi dəst-xətti, üslubu ilə seçilən jurnalistdir. Mətbuatı müntəzəm izləyən oxucu gözəl bilir ki, əgər məqalənin müəllifi Şəmsiyyədirsə, onun özünəməxsu ssüjet xətti olacaq, mövzu ilə bağlı cəmiyyətin qəbul etdiyi ciddi mütəxəssis ekspert seçəcək, ancaq onun işlətdiyi ifadələr məqalədə yer alacaq.

Başqa bir məqam. Jurnalist Şəmsiyyə Kərimovanın ən qabarıq xarakteri həyatda baş verən hadisələrə maraq və sərgilədiyi aktiv vətəndaş mövqeyi, araşdırmalarını sonuna qədər aparmaq təmkinidir. Faktları təhlil etmək, səbəb-nəticə əlaqələrini görmək və nəticə çıxarmaq, vacib təfərrüatları fərq etmək və hadisələrə tez cavab vermək bacarığı onu müasir həmkarlarından ciddi fərqləndirən xüsusiyyətlərdir.

Şəmsiyyə ilə peşə mövzusunda polemika da həmişə belə fikrini eşidirəm: “Mən heç vaxt ürəyimdən gəlməyən bir şey yazmamışam və yazmayacağam da”. Peşəkar jurnalist üçün bu, çox mühüm məqamlardan biridir.

Şəmsiyyə xanım bir insan kimi də çox cəsarətli, mütərəqqi bir qadındır, həmişə insanlara kömək etməyə can atır, risk etməkdən qorxmur və daim həqiqəti axtarır. Elə yeri gəlmişkən deyim ki, Şəmsiyyə bir insan kimi də sözün düzünü, nə qədər sərt və acı olursa-olsun, üzə deyən mərd bir qadındır.

Həyatımın 40 ilə yaxınını jurnalistikaya həsr etmiş bir insan kimi deyirəm ki, bu peşə həyatda bənzəri olmayan son dərəcə maraqlı bir peşədir. Əsas özəlliklərindən biri budur ki, onu atmaq olmur. Əlbəttə, əgər həqiqətən həmin peşənin vurğunusansa. Şəmsiyyə xanım bu fikrimi eşidəndə gülümsədi və dedi:

– Düşüncələrimiz necə də üst-üstə düşür. Bilirsiniz, bu, nəyə görə belədir? Çünki bizim peşəmiz bizim həyatımızdır. Günün 24 saatı biz jurnalistik və həmişə də belə olacaq: işdə olanda da, evdə olanda da, küçədə gəzəndə də. Nəzərimizi bir hadisə çəkdimi, dərhal onu necə təqdim etmək, necə yazmaq haqqında düşünürük...

– Səmimi etiraf et, heç jurnalistikadan bezdiyin olubmu?- deyə xanım həmkarıma sual edirəm.

– Desəm yox, əsla düz olmaz. Sovetlər dağılanda ça­lış­dığım “Azərbaycan gəncləri” qəzeti bağlandı. Çünki qəzet respublika Komsomol Komitəsinin orqanı idi. Mən bunu yanlış addım saydım. Bu təşkilat ömrünü başa vursa da, Azərbaycan gəncliyi qalırdı,  ömrünü başa vurmamışdı ki. Sadəcə, tələbləri dəyişib Rusiyada çıxan “Sobesednik”, “Komsomolskaya pravda” kimi müstəqil qəzet nəşr etmək mümkün idi. Bunun üçün kreativlik çatmadı. Nə isə... Həmin ərəfədə bütün ölkədə  ciddi gərginlik yaşanırdı və bunlar məndən də yan keçmirdi. Mən də dedim, daha bəsdi, jurnalist işləməyəcəyəm. Həqiqətən hadisələr məni peşəmdən bezdirmişdi, məyus olmuşdum. Bir müddət işləməmək qərarına gəldim və sonra “yəqin ki, bir daha bu peşəyə qayıtmayacağam” deyə düşündüm. Bir ay sonra daxilimdə elə təlatümlər baş qaldırdı ki,  nə istədiyimi, hara getmək istədiyimi düşünərək, analiz edərək iş axtarmağa başladım. Anladım ki, jurnalistikasız yaşaya bilməyəcəyəm. Bu, mənim qanımda idi və ondan qaçmaq mümkün deyildi. Yenə də bu peşəyə qayıtdım, çünki bu, tamam başqa həyat tərzidir. Ona görə də jurnalistikaya gedirsənsə, anlamalısan ki, sən bu sevginlə əbədi yaşayacaqsan. İşinizdə müəyyən nəticələr, uğurlar əldə edəndə bu, elə bir zövq, elə bir xoşbəxtliyə çevrilir ki, anlayırsan, başqa cür ola bilməz.

Əbədi jurnalist, gözəl ifadədir, deyilmi? Bax, Şəmsiyyə də bu əbədi jurnalistlərimizdən biridir. Müstəqil düşüncə və azad fikirlilik 2005-ci ildə Şəmsiyyəni müstəqil qəzet təsis etməyə sövq edir və elə o vaxtdan da “Yeni təfəkkür” qəzetinin nəşrinə başlayır. Bu yazımızı qələmə aldığımız ərəfədə Şəmsiyyə xanımın yaradıcılığının məhsulu kimi, sözün əsl mənasında, insanları yeni, müstəqil düşüncə tərzinə çağıran “Yeni təfəkkür”ün 20 yaşı tamam olurdu. Bu hadisənin Şəmsiyyə xanımın yubileyi il eyni vaxta təsadüf etməsinin  özü rəmzi bir məna daşıyır desəm, əsla yanılmaram.

Şəmsiyyə xanım yaradıcılığı boyu bir çox mükafata layıq görülüb. Amma adlarını çəkməyə gələndə ən dəyərli hesab etdiyi “Əməkdar jurnalist” fəxri adını qeyd edir. Həmkarım bu ada 2010-cu ildə – Milli Mətbuatımızın 135 illiyində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə layiq görülüb. Zəhmət, fədakar yaradıcılıq rəsmən mükafatını alıb. Bu mükafatdan sonra Şəmsiyyə daha böyük həvəslə fəaliyyətini davam etdirir.

“Mən əminəm ki, jurnalistika bəşəriyyətin yolunu işıqlandıran məşəldir. Məhz onun sayəsində cəmiyyət ətrafındakı reallıq haqqında məlumat almaq imkanı qazanır və bu, onun ayrılmaz hüququdur”. Hansısa məşhur jurnalistin dediyi bu fikrə tam şərikəm. Amma onu əlavə etmək istəyirəm ki, jurnalistika məşəldirsə, bu məşəli qaldırıb qaranlıqları yaran jurnalistlərdir, həm də bütün varlığı ilə bu peşəyə bağlı olan Şəmsiyyə Kərimova kimi əbədi jurnalistlər. Nə qədər ki, belə əbədi jurnalistlər var, o məşəl heç vaxt sönməyəcək. 

İlqar Rüstəmov,
“Xalq qəzeti”nin məsul katibi, Əməkdar jurnalist