08 fevral 2025 08:32
76

Kerç boğazında mazut sızıntısından sonra 80-dən çox ölü delfin tapılıb

Kerç boğazında tankerlərin qəzası və mazut sızıntısından sonra ölən delfinlərin sayı 84-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə “İnterfaks”a “Delfa” Delfinləri Xilasetmə Elmi-Ekoloji Mərkəzinin direktoru Tatyana Beley məlumat verib.

“Son məlumatlara görə, dekabrın 15-dən sonra 84 delfinin ölümü qeydə alınıb”, – Beley bildirib.

Onun sözlərinə görə, yanvarın sonundan sahilə atılan ölü delfinlərin sayı azalıb.

“Hələlik gələcəkdə nə qədər delfinin öləcəyini proqnozlaşdıra bilmirik. Balinakimilərdə ertələnən fəsadlar ola bilər: orqanizmdə toplanan toksikantlar immuniteti əhəmiyyətli dərəcədə azalda və müxtəlif xəstəliklərə yol aça bilər”, – Beley əlavə edib.

Əvvəllər mazut sızıntısından sonra təxminən 70 ölü delfinin tapıldığı bildirilirdi.

Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında mazut daşıyan "Volqaneft 212" və “Volqaneft 239” tankerləri qəzaya uğrayıb. Heyət üzvlərindən biri ölüb, digərləri təxliyə edilib. Qəza sonucunda dənizə təxminən 2,4 min ton mazut axıb.