08 fevral 2025 09:55
81

Şolts: Ukraynaya sülhməramlı missiyanın göndərilməsinə dair müzakirə aparmaq hələ tezdir

Ukraynaya sülhməramlı kontingentin göndərilməsi və Almaniyanın orada mümkün iştirakı ilə bağlı müzakirələr aparmaq həm tez, həm də yersizdir.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniya Kansleri Olaf Şolts RND-yə müsahibəsində bildirib.

“Belə debatların hələ tez və yersiz olduğunu hesab edirəm”, - o, Ukraynada mümkün sülhməramlı missiya və Almaniyanın orada iştirakı ilə bağlı sualı cavablandırarkən deyib.

Eyni zamanda, Şolts heç bir qərarın “Ukraynanın arxasından” qəbul edilməməli olduğunu vurğulayıb.

“Birincisi, münaqişəyə son qoymaq və məcburi sülh yox, real danışıqlara başlamaq lazımdır. Yalnız bundan sonra Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətlərinin nədən ibarət ola biləcəyini görmək mümkün olacaq. Amma hər bir halda Ukraynanın öz maliyyə imkanları ilə qarşılaya bilməyəcəyi ordusu olacaq. Biz və Ukraynanın bütün dostları köməyə hazır olmalıyıq”, - Almaniya hökumətinin başçısı söyləyib.

Eyni zamanda, o, ABŞ Prezidenti Donald Trampın Ukraynaya böyük dəstək verdiklərinə görə Amerikanın rəsmi Kiyevdən nadir torpaq metalları əldə etməkdə maraqlı olduğu və qarşı tərəfdən bununla bağlı müvafiq təminatlar istəyəcəyi ilə bağlı bəyanatını bir daha tənqid edib.