09 fevral 2025 02:12
80

ABŞ Maliyyə Nazirliyində fırıldaqçıq var? - Mask açıqladı

ABŞ Maliyyə Nazirliyi hər il naməlum şəxslərə 100 milyard dollar müavinət ödəyib.

İki sahil” xəbər verir ki, bu iddia ilə ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri Elon Mask çıxış edib.

"Dünən mənə dedilər ki, hazırda şəxsi Sosial Müdafiə nömrəsi və hətta müvəqqəti şəxsiyyət vəsiqəsi olmayan insanlara 100 milyard dollardan çox müavinət ödənilir. Əgər doğrudursa, bu çox şübhəlidir", - Mask fevralın 8-də “X” səhifəsində yazıb.

"Mən Xəzinədarlıqda hər kəsin bu ödənişlərin neçə faizinin qeyd-şərtsiz və açıq-aşkar fırıldaqçılıq olduğu barədə hər hansı fikrinin olub-olmadığını soruşduqda, yekdil cavab bu oldu ki, bu, təxminən yarısı, yaxud ildə 50 milyard dollar və ya həftədə 1 milyard dollardır. Bu, ən pis halda dəlilikdir və dərhal aradan qaldırılmalıdır", - deyə Mask bildirib.

O qeyd edib ki, DOGE nümayəndələri ilə Maliyyə Nazirliyi arasında problemin müzakirəsindən sonra qərara alınıb ki, indi bütün dövlət ödənişləri növbəti audit üçün lazımi qaydada təsnifləşdiriləcək. Bundan əlavə, hər hansı pul köçürməsi bu ödənişə ehtiyacın izahı ilə müşayiət olunmalıdır. Köçürmə zamanı ölmüş ola biləcək və ya terror qrupları ilə əlaqəsi olan şəxslərin müntəzəm olaraq yenilənən siyahısı da olacaq.

Maskın sözlərinə görə, bu dəyişikliklər onun nəzarətində olan idarə tərəfindən deyil, Maliyyə Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın andiçmə mərasimindən dərhal sonra DOGE ABŞ-ın büdcə xərclərinin geniş miqyaslı auditinə başlayıb. Yanvarın 24-də yeni agentlik fəaliyyət göstərdiyi ilk 80 saat ərzində təxminən 420 milyon dollara lazımsız hesab edilən dövlət müqavilələrini ləğv etdiyini bildirib.

Mask ABŞ hökumətinin xərclərini 2 trilyon dollar azaltmağı gözləyir; Əslində, Maskın təşəbbüsü ilə ABŞ Beynəlxalq İnkişaf Agentliyi yenidən təşkil olunmaq üçün müvəqqəti olaraq bağlanıb. Həmçinin, “The New York Times”ın mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ-ın Maliyyə Naziri Scott Bessent Maskın komandasına hökumət xərclərini izləmək və məhdudlaşdırmaq üçün federal ödəniş sisteminə çıxış təmin edib. Amerika həmkarlar ittifaqları milyonlarla dövlət işçisi haqqında məlumatı ehtiva edən sistemə DOGE-yə giriş icazəsi verdiyi üçün ABŞ Maliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”