11 fevral 2025 00:58
113

Paşinyanın sorağı indi də Fransadan gəlir

Şübhəsiz, o bu səfərdən Makronun təlimatları ilə qayıdacaq

Ermənistandakı sosial sarsıntılar, iqtisadi böhran, qonşu ölkələrə qarşı işğalçılıq fəaliyyəti, Rusiyaya qarşı tutduğu mövqe bu ölkədə vəziyyəti daha da gərginləşdirib. Ölkədə işsizlik ildən-ilə artır. Yeni iş yerlərinin açılması məsələsi isə hələ də problem olaraq qalmaqdadır.  Ümidsizlik ucbatından ermənilərin bir çoxu daha təminatlı həyat axtarışı məqsədilə ölkəni kütləvi şəkildə tərk edir. Bəzi mənbələrə görə, Hayastan müstəqillik əldə etdikdən sonra 1 milyondam çox hay xarici ölkələrə üz tutub. BMT-nin proqnozlarına görə, bu gedişlə 2050-ci ildə Ermənistan əhalisinin sayı 1,5 milyon təşkil edəcək.

Ölkə daxilində siyasi vəziyyət də pik nöqtəsinə çatmaqdadır. Hətta bir neçə gün öncə sabiq prezidentlər Serjik Sarkisyan və Robert Koçaryanın təlimatları əsasında hərəkət edən, “Vətən naminə Tavuş” adlı qondarma hərəkatın adını “Müqəddəs mübarizə”yə dəyişən, mahiyyətcə “Qarabağ klanı”nın marionetkasına çevrilən, Erməni Apostol kilsəsinin Tavuş vilayəti üzrə yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan  hakimiyyətə qarşı son döyüşə hazırlaşdıqlarını dilə gətirib. Ermənistanda hakimiyyətlə kilsə arasında da ziddiyyətlər artıb.

Bütün bunlar isə sanki baş nazir Nikol Paşinyanın vecinə deyil. O, Qərbin, xüsusilə Fransanın diktəsi ilə regionda əmin-amanlığın pozulması istiqamətində planlı şəkildə əməli tədbirlər həyata keçirməkdə davam edir. Avropa İttifaqının (Aİ) casusluqla məşğul olan, bölgədə gərginliyin artmasına xidmət edən Ermənistandakı missiyasının mandatının daha iki il müddətinə, yəni 2027-ci il fevralın 19-dək uzadılması bunu bir daha sübut edir. Həm də Ermənistan qoltuqlarına sığındığı havadarlarının yardımı ilə silahlanmaqda, daha doğrusu, Azərbaycanla müharibəyə hazırlaşmaqdadır. Bu günlərdə yayılan məlumata görə, Fransa Ermənistana veriləcək 26 ədəd "Bastion" zirehli transportyorundan 10 ədədinin istehsalını başa çatdırıb. Onların yaxın günlərdə Ermənistana tədarükü gözlənilir. Həmçinin Paris artıq İrəvana 12 ədəd "Sezar" artilleriya qurğusu ötürüb. İlin sonunadək isə daha 24 belə silah Ermənistana veriləcək.

Amma təcavüzkar ölkə hiyləgər siyasəti ilə beynəxlaq tribunalarda ziddiyyətli bəyanatlar verməklə yanaşı, özünü “sülh göyərçini” kimi təqdim etməkdədir. Digər tərəfdən, Paşinyan özünün “sülhün kəsişməsi” layihəsi ilə də diqqəti əsas məsələlərdən yayındırmağa çalışır. Amma unudur ki, Azərbaycanın razılığı olmadan onun reallaşması, daha doğrusu, nə dünyanın, nə də sülhün Ermənistanda kəsişməsi mümkünsüzdür.  Bu mənada həmin layihə də beynəlxalq ictimaiyyəti çaşdırmaqdan başqa bir şey deyil. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində buna münasibət bildirərkən demişdi: “Hesab edirəm ki, bu, sadəcə olaraq, piar aksiyadır”.

Bir neçə gün öncə Paşinyan öz yalanlarını qoltuğunda gəzdirdiyi “Sülhün kəsişməsi” layihəsi fonunda ABŞ-ın yeni Prezidenti Donald Trampa, həmçinin Dövlət katibi Marko Rubioya da nəql etmək istəyib. Amma bütün cəhdlərə baxmayaraq, sevdası baş tutmayıb… Belə ki, bir neçə konqresmen, senatorla ayaqüstü söhbətləri və ABŞ-ın vitse-prezidenti Ceyms Devid Venslə dəhlizdə çəkilən fotonu nəzərə almasaq, onun Ağ Evi sadəcə turist kimi dolaşdığını söyləmək olar. Yeri gəlmişkən, bu foto Ermənistanın özündə belə birmənalı qarşılanmayıb. Belə ki, Ermənistan hökumətinin mətbuat xidməti həmin fotoya istinadən məlumat yayıb ki, guya tərəflər Cənubi Qafqazdakı vəziyyəti, eləcə də İrəvanla Vaşinqton arasında münasibətləri müzakirə ediblər. Amma əslində yayılan xəbərləri diqqətlə analiz edəndə məlum olur ki, tərəflərin görüşü cəmi 4-5 dəqiqə çəkib. Şübhəsiz, bu müddət ərzində hansısa ciddi müzakirənin aparıldığını düşünmək sadəlövhlük olar. Erməni siyasətçilərindən biri həmin fotodan söz açarkən deyib ki, Paşinyanın üzünə diqqətlə baxın: “Uşaq sevimli oyuncağını əlinə alanda belə gülümsəyir...” Digəri isə bildirib ki, 3-7 fevral tarixləri arasında ABŞ-də səfərdə olan Paşinyan yalnız vitse-prezidentlə şelfi çəkdirmək şansı qazana bilib. Politoloq Qaqik Hambaryan bildirib ki, əslində görüş də olmayıb, sadəcə şəkil çəkdiriblər.

Bununla da Paşinyan Baydendən aldığı iqtisadi, maliyyə və siyasi dəstəyin, başqa sözlə desək, bundan sonra Vaşinqtonun İrəvanla bağlı siyasətinin necə olacağı sualına yeni Prezident Trampdan cavab ala bilməyib. Bu fakt həm də onu göstərir ki, Tramp administrasiyası Ermənistanın yalanlarına əhəmiyyət vermir və maraq göstərmir, Paşinyanı isə ciddi siyasətçi kimi qəbul etmir. İndi də Paşinyanın sorağı Fransadan gəlir. Şübhəsiz, o bu səfərdən Makronun təlimatları ilə qayıdacaq ki, bu da bölgəyə yaxşı heç nə vəd etmir. Çünki Makronun məqsədi nəyin bahasına olursa-olsun bölgədə sabitliyi pozmaqdır.

Bütün bunlar bir daha göstərir ki, rəsmi Bakının Ermənistan konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı tələblərinə cavab olaraq, Paşinyan iqtidarı sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmaq üçün tədbirlər görmür. Odur ki, vəziyyət dəyişilməz olaraq qalır. Bütün bunlar isə nə Ermənistan, nə Azərbaycan, nə də Cənubi Qafqaz üçün arzuolunandır. Amma bu, bir faktdır ki, rəsmi İrəvanın həm sərhədə xarici qüvvə yığmağa davam etməsi, həm silahlanması, həm də yalançı “sülh sənədini imzalamağa hazırıq” bəyanatları təcavüzkar ölkəni daha dərin uçuruma aparır. Ermənistanın bu uçurumdan yeganə çıxış yolu Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Məhz bu yolla Ermənistan həm sosial sarsıntılara, həm də iqtisadi böhrana son qoya bilər.  Yeri gəlmişkən, Paşinyan Vaşinqtonda keçirilən 5-ci Beynəlxalq Dini Etiqad Azadlığı Sammitində deyib ki, Ermənistanın həyat qabiliyyəti o zaman mümkün olacaq ki, ölkə xarici yardım və müdaxilə olmadan qonşuları arasında yaşaya biləcək. Elə isə bütün bunları bilə-bilə Paşinyan niyə gah nala, gah mıxa vurur, yaxud nəyi gözləyir?

Qvami Məhəbbətoğlu, “İki sahil”