11 fevral 2025 00:23
132

Strateji müttəfiqlik beləmi olur?

Təyyarəsini vur, 38 nəfərini öldür, üzr istəmə, təzminat ödəmə

Rusiyanın Azərbaycana yüz illər boyu göstərdiyi məkr və təkəbbür daha işə yaramır. Çünki dünya düzəni kiminsə istəyindən asılı olmayaraq dəyişir. İndi ölkələr qarşılıqlı əməkdaşlıq və sülh istəyir.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycandakı dayaqlarını itirən Rusiya burada öz varlığını saxlamaq üçün Xankəndidə “Rus icması” yaratmağa cəhd göstərdi. İcmaya rəhbərlik üçün Aleksandr Bordov adlı hərbçi də tapıldı. Bunun nə üçün açıldığını anlayan rəsmi Bakı icazə vermədi. Sonra Xankəndidə konsulluq məsələsi ortaya atıldı. Azərbaycan rəhbərliyi bir nəfər rusun yaşamadığı bir şəhərdə konsulluq açılmasını qəbul etmədi.

Bordov Rusiya mediasına müsahibələrində dəfələrlə əcdadlarının Qarabağla bağlılığını xüsusi intonasiya ilə vurğulayırdı. Bu adamın ata-babaları Qarabağ ərazisinə 1828-ci ildə, yəni rus işğalından sonra gəliblər. Məlum olduğu kimi, o zaman ermənilərin bölgədə yerləşdirilməsi Osmanlı ilə Azər­baycan türkləri arasında xristian buferi yaratmağa hesablanmışdısa, Bordovun hərbçi əcdadları da həmin buferə nəzarət məqsədilə Rusiyadan gətirimişdilər. Bordovun Xankəndi ətrafındakı ailəli 5-6 qoca arvadla “icma” qondarmaq niyyəti  gələcəkdə hansısa təxribatın və ya casusluq əməllərinin törədiləcəyindən xəbər verirdi.  

Artıq Cənubi Qafqazın özünün nüfuz dairəsindən çıxdığını anlayan Rusiyanın yekəxana rəhbərləri teraktlara və digər təzyiq vasitələrinə əl atırlar. Bu ölkənin  başçıları siyasi mədəniyyət deyilən məfhumu bir kənara ataraq başqalarına zorbalıq göstərməklə özlərinə tabe etməyə çalışırlar. Amma keçmiş əyyamlar keçmişdə qaldı, daha heç bir xalq imperiya iddialarını qəbul etmir. Hətta cırtdan Ermənistan belə xeyli müddətdir ki, Kremlin nə özünü, nə də sözünü sayır.

Belə bir şəraitdə Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulmasından sonra Prezident Vladimir Putin rəsmi üzrxahlıq etməkdən yayınaraq orada həlak olanların ruhuna hörmətsizlik etdi. Vurduqları ziyana görə təzminat məsələsinin üstündən sükutla keçdi. Bununla da kifayətlənməyərək qaragüruhçu dəstəsini Azərbaycanın üzərinə qaldırdı. Zatulin, Popov və başqaları yenə də bizə tərəf hürməyə başladılar. Onlar utanmadan günahı Azərbaycan tərəfinin üzərinə atmağa, özlərini isə təmizə çıxarmağa başladılar. Bütün bunlara görə Azərbaycan Rusiyaya nota verdi.

Azərbaycana qarşı heç də hər zaman birmənalı çıxışları ilə tanınmayan ukraynalı jurnalist Vitali Portnikov rəsmi Bakının qərarını dəstəkləyib və bunu Rusiyanın təyyarənin vurulmasından dərhal sonrakı “insanlıqdan kənar” davranışları ilə əlaqələndirib: ”Moskva gözləyirdi ki, Azərbaycan rəhbərliyi bu hadisəyə necə reaksiya verəcək. Onlar hesab edirdilər ki, postsovet məkanında heç kim Rusiya rəhbərliyinə qarşı rəsmi tələblər irəli sürə bilməz. Ancaq İlham Əliyev gözlənildiyi kimi, başqa yolla getdi... O, həmvətənlərinin ölümünə biganə qala bilməzdi... Azərbaycan Türkiyənin dəstəyinə və Moskva ilə məsafə saxlamaqda davam etməyə ümid edir. Azərbaycan təyyarəsi  ilə bağlı fəlakət xatırlatdı ki, Bakının belə imkanları var.”

Ancaq Rusyanın Azərbaycana basqıları bununla bitmir və əməllərini davam etdirir.

Bu günlərdə Bakıda casusluqla məşğul olan “Rus evi”nin qeydiyyatının ləğv edilməsi Moskvada əməlli-başlı gərginlik yaradıb.  Rusiya Xarici İşlər nazirliyinin  sözçüsü  Mariya Zaxarova O, “bəlkə qaytardılar” prinsipindən çıxış edərək, “Rus evi”-nin Azərbaycanda qeydiyyatdan keçiriləcəyinə hələ də ümid etdiklərini söyləyib: “Moskva Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin (“Rus evi”) Azərbaycan paytaxtında qeydiyyata alınması ilə bağlı Bakının tələblərini yerinə yetirməyə hazırdır”.

Əvvəlcə Azərbaycan mediasının “Rus evi”ni casus yuvası adlandırdığı üçün məhkəmə ilə hədələyən “Rossotrudniçestvo”-nun başçısı Yevgeni Primakovun rəsmi Bakının notasından sonra necə deyərlər, köpü alınıb. İndi o, Azərbaycanın “Rus Evi”-ni bağlaması qərarını AZAL təyyarəsinin vurulması ilə əlaqələndirir. Bu Yevgeni 1990-cı il 20 yanvar Bakı qırğınının əsas təşkilatçılarından biri olan, xalqımızın nifrət etdiyi əliqanlı Yevgeni Primakovun nəvəsidir.  Rusiya eliatsının rəzil sifətini bir daha nümayiş etdirən Primakov “Rus evi”nin ətrafında baş verənləri Azərbaycan təyyarəsinin vurulması ilə bağlı “həddindən artıq emosionallıq” adlandırıb. Yəni, Azərbaycan tərəfi guya çox emosional davranaraq, sərnişin təyyarəsinin vurulmasına və günahsız vətəndaşlarının ölümünə sərt reaksiya verir. Bəs görəsən bu Yevgeni nə düşünürdü? Günahsız insanlarımızı öldürəcəksiniz, təyyarəmizi məhv edəcəksiniz, biz də susub  faciənin statistikasını aparacağıq?

Təbii ki, Ukraynadakı müharibə ilə bir daha öz vətəndaşlarının həyatına beş qara qəpiklik dəyər vermədiyini nümayiş etdirən Kreml üçün guya Azərbaycan tərəfinin kəskin reaksiyası anlaşılmazdır. Niyə? Burada anlaşılmayan nə var ki? Təyyarəni səhvən və ya bilərəkdən vurmuşsunuzsa, 38 nəfərin ölümünə səbəb olmuşsunuzsa  səmimi etiraf edəydiniz, təzminat  ödəyəydiniz , ortaya belə lüzumsuz dartışmalar çıxmayaydı. Ancaq görünür, imperiya hegemonluğu hikkəsi buna imkan vermir.

Rəsmi Bakının bu qərarı və Rusiyaya verilən diplomatik nota demək olar ki,  bütün keşmiş MDB məkanındakı media və ekspertlər müstəvisində olduqca müsbət və cəsarətli addım kimi qarşılanıb. Azərbaycanın son rəsmi notasında təyyarəmizin vurulması barədə heç nə deyilmir, buna baxmayaraq, əksər ekspertlər Bakının sərt mövqeyini məhz bununla və Kremlin həmin cinayətə qeyri-adekvat, saymazyana münasibəti ilə əlaqələndirirlər. Həmçinin qeyd edirlər ki, “Rus evi” adı altında MDB məkanında fəaliyyət göstərən bütün mərkəzlər casus-kəşfiyyat yuvasından başqa bir şey deyil və digər dövlətlər də bu fakta qarşı eyni addımı atmalıdırlar.

Bütün bunlarla bərabər, Azərbaycan Prezidenti öz vətəndaşlarının həyatını yüksək qiymətləndirir, soydaşlarımızın harada olursa-olsun, təhlükəsizliklərinin qorunmasının qeydinə qalır. Dövlət başçımızın öz vətəndaşlarına bu qayğısını İkinci Qarabağ müharibəsi dövründə bütün Azərbaycan xalqı gördü. İndi də belədir, 38 nəfərin ölümü üçün Rusiya kimi bir dövlətlə vəziyyət qarşıdurmaya qədər gərginləşir.

Əgər rəsmi Moskva ədalətsizliyini davam etdirərsə, o halda Azərbaycanın bir yolu qalır-fakt və sübutlarla Beynəlxalq Cinayətlər  Məhkəməsinə müraciət etmək. Kimin haqlı, kimin haqsız  olduğu orada açıq bildirilər.

Vəli İlyasov, “İki sahil”