11 fevral 2025 08:04
98

Çinin xarici işlər naziri britaniyalı həmkarı ilə görüşəcək

Çinin xarici işlər naziri Van İ fevralın 13-də Britaniyaya səfər edəcək və britaniyalı həmkarı Devid Lemmi ilə danışıqlar aparacaq.

“İki sahil” “Reuters”a istinadla xəbər verir ki, bu səfər iki ölkə arasındakı münasibətlərin uzun müddət davam edən gərginlikdən sonra normallaşmasının göstəricisi kimi qiymətləndirilir. Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü jurnalistlərə bildirib ki, danışıqlar zamanı beynəlxalq təhlükəsizlik və Ukraynadakı müharibə kimi məsələlər müzakirə olunacaq.

D.Lammi və Van İ Böyük Britaniya-Çin Strateji Dialoqunu bərpa edəcəklər. Bu forum sonuncu dəfə 2018-ci ildə keçirilib və COVID-19 pandemiyası, eləcə də Britaniyanın milli təhlükəsizlik narahatlıqları səbəbindən bəzi Çin investisiyalarını məhdudlaşdırması ilə əlaqədar dayandırılmışdı.

İyul ayında hakimiyyətə gələn Leyboristlər hökuməti Çinlə münasibətləri yaxşılaşdırmağı xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib. Ötən ay Britaniyanın maliyyə naziri Reyçel Rivz Çinlə iqtisadi və maliyyə danışıqlarını bərpa etmək məqsədilə Pekinə səfər edib.