13 fevral 2025 01:56
124

İrəvanın mavi incisinin acınacaqlı taleyi

Türkmənçay müqaviləsi bağlanandan sonra barbar ermənilər ayaqlarını Azərbaycan torpaqlarına basan gündən yerli xalqın tarixini silməklə məşğul olublar. Onlar bu işə İrəvan qalasını dağıtmaqla, toponimlərin adlarını dəyişməkdən başlayıblar. 1948-1953-cü illər deportasiyasından sonra isə özündə qədim tariximizin bir hissəsini yaşadan qəbristanlıqlarımızı yerlə -yeksan ediblər. İrəvan şəhərindəki xan saraylarını, hamamları, karvansaraları, məscidləri, məktəbləri və pirləri dağıdıblar. Bir neçə ay əvvəl İrəvan şəhərinin mərkəzində qazıntı işləri aparılarkən yerin altında qalmış böyük bir bina aşkar olunub. Oraya gələn arxeoloqlar müəyyən ediblər ki, bina vaxtilə burada yaşamış azərbaycanlıların hamamı olub. Bunu bilən kimi ermənilər səslərini ucaltmadılar, heç bir hay-küy salmadan qədim hamamın üstünü yenidən örtdülər. Belə faktlar istənilən qədərdir.

XIX əsrin əvvəllərində İrəvan şəhərində bir neçə böyük məscid var idi. Onlardan biri Dəmirbulaq məscidi digəri isə şəhərin yaraşığı olan “Göy məscid”dir. “Dəmirbulaq məscidi” rus işğalı zamanı tamamilə dağıdılıb məhv edildi. “Göy məscid”ə isə toxunulmadı.

Məscidin inşasına 1760-cı ildə Hüseynəli xan tərəfindən başlanılıb. 1765-ci ildə tikintisi başa çatıb. Bu məscid barədə 1776-cı ildə şəhərə gələn səyyahların təsvirlərində gözəlliyinə görə şəhərin ən möhtəşəm abidəsi kimi təqdim etdikləri “Göy məscid” Şərq memarlığının nadir incilərindən sayılır. Erməni mənbələrinin bildirdiyinə görə, sovet hakimiyyəti qurulduqdan sonra ateizmi bəhanə gətirərək 1930-cu illərdə İrəvandakı bütün məscidlərin sökülməsi ilə bağlı qərar verilir. Yalnız erməni şairi Yeğişe Çarensin cəhdlərindən sonra onun “Mavi brilyant” adlandırdığı “Göy məscid” dağıdılmaqdan xilas olur və 1936-cı ildə məsciddə İrəvan Tarix Muzeyi yaradılır. II Dünya müharibəsi zamanı isə məsciddən həm də silah anbarı kimi istifadə olunur. Müharibədən sonra məsciddə Təbiət Muzeyi, 1952-ci ildə isə kiçik namaz otağında astronomiya həvəskarları üçün planetarium fəaliyyət göstərir.

1991-ci ildə Ermənistan müstəqilliyini elan etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra “Göy məscid”in yenidən məscid kimi fəaliyyət göstərməsi zəruriyyəti meydana çıxmışdı. Əvvəlcə məscid 1991-ci ildə Təbiət muzeyi, 1994-cü ildə isə Tarix muzeyi kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti “Göy məscid”in yenidən qurulması xərclərini öz üzərinə götürdü. Bərpa işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (“müharibə veteranları və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdırıldı. Bərpa işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılıb. “Göy məscid”in 24 metrlik minarəsi, 28  hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti bərpa olunub. Hazırda Ermənistan rəsmiləri “Göy məscid”i xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanın tarixi (1500-1800)” əsərində Eçmiədzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: “Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş, bir balaca hovuz inşa edilmişdi. Məscidin üç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı üç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündür olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalının üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu.”

1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş məşhur Britaniya səyyahı və coğrafiyaşünası Henri Linç səfərləri haqqında 1901-ci ildə Londonda çap etdirdiyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy caminin, Hacı Nəsrullah bəy -bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi də çəkilir-  məscidinin və şəhər camisinin adlarını çəkir. “Göy məscid” haqqında ətraflı məlumat verən Linç onun minarələrinin, həyətindəki hovuzun və fasadının fotoşəkillərini öz kitabana daxil edib.

Təzəlikcə məlum lub ki, vandal ermənilər İrəvan şəhərinin Təpəbaşı məhəlləsində indiyədək qalan məscidi təhqir yerinə çeviriblər. Azərbaycanın İrandakı səfiri Əli Əlizadə İrəvandakı məscidin təhqir olunmasına görə beynəlxalq ictimaiyyətə çağırış edib.  Bu barədə Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə “X” hesabında yazıb: "İşğal illərində Qarabağda bütün məscidlərimizi təhqir edən və tamamilə dağıdan Ermənistan hazırda İrəvandakı Azərbaycan məscidini təhqir edir. Təpəbaşı məscidində turistlərə spirtli içkilər təklif edilir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tədbirlər görməlidir, bu vandalizmin qarşısı alınmalıdır". Ancaq Azərbaycan hakimiyyəti Bakıdakı erməni kilsəsi və kitabxanası haqqında belə addım atmayıb və atmır. Çünki biz böyük və mədəni xalqıq, erməni kimi xəstə təxəyyüllü vandal toplum deyilik. Əminik ki, vaxt gələcək, belə məsələlər də öz həllini tapacaqdır.

Vəli İlyasov, “İki sahil”