Prezident İlham Əliyevin Çin televiziyasına verdiyi müsahibə olduqca hərtərəfli xarakter daşıyır. Müsahibə çərçivəsində biz dövlət başçımızın illər ərzində Azərbaycanın Qarabağ məsələsini milli ideya edərək bu istiqamətdə əzmlə, qətiyyətlə irəlilədiyini bir daha dünyaya çatdırdığının şahidi olduq. Dövlətimizin başçısı bildirir ki, ideologiya, iqtisadiyyat və milli ideyalar ətrafında birləşməyimizin nəticəsi idi ki, biz öz torpaqlarımızı azad etdik. Şübhəsiz ki, Azərbaycanın tarixi Zəfəri münaqişələrdən, müharibələrdən və yaxud da böyük aktorların qeyri-bərabər, ədalətsiz yanaşmasından əziyyət çəkən ölkələr və xalqlar üçün çox yaxşı bir presedent oldu və bu istiqamətdə bizim dövlətimizin başçısı kiçik ada dövlətlərini göstərir.
Şübhəsiz ki, müsahibədə əsas diqqət çəkən məqamlardan biri Azərbaycanla Çin arasında imzalanan sənəd oldu və bununla da Azərbaycanın Çinlə strateji tərəfdaş olduğu bildirildi. Təbii ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusunun müşahidəçi deyil, dialoq üzrə tərəfdaş olması da bir daha diqqətə çatdırıldı və bu gün Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür və Azərbaycan Qlobal Cənubun bir hissəsi olaraq şübhəsiz ki, Cənubun maraqlarını müdafiə edir. COP29 çərçivəsində biz Qlobal Cənubla Qlobal Şimal arasında daha möhkəm körpülər qurmaq istiqamətində əməli addımlar atdıq. Şübhəsiz ki, 200 ölkəni bir araya gətirən İqlim konfransının Azərbaycanda keçirilməsi və bundan əvvəl 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatına etdiyimiz uğurlu, nümunəvi sədrlik bütün dünyaya yaxşı məlumdur. Azərbaycan həm də o baxımdan güclüdür ki, bu gün Azərbaycan özünü təmin edən iqtisadiyyat yaratmağı bacarıb və bununla da Cənubi Qafqaz və Xəzər regionunun güclü aktorudur. Orta dəhliz Azərbaycan üçün çox mühümdür və həmin bu dəhlizin Azərbaycan seqmentinin infrastrukturu artıq təkmilləşdirilib.
Müsahibə çərçivəsində düşünürəm ki, diqqəti cəlb edən məqamlardan biri Azərbaycanla ABŞ arasında bundan sonra da inkişaf edəcək əlaqələrin hansı istiqamətdə qurulacağı ilə bağlı məsələ idi ki, dövlət başçımız bildirir ki, Trampın hakimiyyəti zamanı bundan öncəki münasibətlərimiz çox yaxşıdır. Amma təəssüflər olsun ki, Bayden dönəmində bu münasibətlərə zərbə vuruldu. Amma biz indi yeni bir mərhələdəyik və Trampın 47-ci prezidentliyi dövründə həmin o itirilmiş dörd ili yenidən bərpa edəcəyik və şübhəsiz ki, dövlət başçımız çox yaxşı bir məsələyə diqqəti çəkir ki, Tramp prezident olmadığı zamanda Avropa və dünyanın müxtəlif regionlarında olan dövlətlərin, liderlərin Trampa münasibəti bəlli idi. Əgər biz bunu görə biliriksə, deməli, onlar da görür və bunu bizim dövlətimizin başçısı bildirir. Kanada məsələsinin vurğulanması birmənalı qaydada ondan xəbər verir ki, heç bir halda siyasətdə ikiüzlülüyə yer yoxdur.
Dövlət başçımız burada bildirir ki, Çin vətəndaşları üçün vizasız gediş-gəlişin olması məsələsi, şübhəsiz ki, son dərəcə mühüm bir məsələdir. Çin bu gün dünyanın inkişaf edən, yüksələn iqtisadiyyatıdır və təbii ki, Çinlə münasibətlər qurmağa cəhd edən dövlətlərin olmasına baxmayaraq, Çinin özünün xüsusi fokus olduğu dövlətlər var və təbii ki, Azərbaycan da bunların başında gəlir. Düşünürəm ki, Azərbaycanın şaxələnmiş xarici siyasət istiqamətini vurğulaması dövlət başçımızın bizim xarici siyasətə vermiş olduğu ən gözəl tərifdir. Bu gün həmin bu şaxələnmiş xarici siyasətlə Azərbaycan təkcə regional maraqları müdafiə etmir. Bu gün Azərbaycan artıq qlobal siyasətdədir və qlobal siyasətdə öz sözünü deyən bir aktordur və düşünürəm ki, müsahibənin ən gözəl hissələrindən biri liderin hansı keyfiyyətlərə malik olması məsələsinin orada işıqlandırılmasıdır. Dövlət başçımız çox haqlı olaraq bildirir ki, şübhəsiz ki, lider ədalətli olmalıdır və burada əsas məsələ sözlə əməlin vəhdət təşkil etməsidir, cəmiyyəti aldatmamaq məsələsidir və illər ərzində bizim dövlətimizin başçısı bildirir ki, təəssüflər olsun ki, Azərbaycana ədalət məfhumu fərqli istiqamətdə aşılanmağa çalışılırdı və bizə bildiririldi ki, heç bir halda bu məsələnin hərbi komponenti yoxdur, hərbi həll variantı yoxdur. Amma dövlətimizin başçısının müdrik siyasəti nəticəsində iqtisadiyyat, siyasət, milli ideologiya o istiqamətdə quruldu ki, dövlətimiz və xalqımız dünyada sayılıb-seçilir. Təbii ki, bütün bunlar cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin tərkib hissəsidir və şübhəsiz ki, zamanında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan çoxşaxəli, balanslı, Azərbaycanın maraqlarını təmin edən siyasət bu gün dövlət başçımız tərəfindən birmənalı şəkildə uğurla davam etdirilir və həmin bu siyasət birmənalı qaydada cəmiyyət tərəfindən dəstəklənir.
Şəbnəm HƏSƏNOVA,
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq