13 fevral 2025 11:53
86

Çin Xarici İşlər Nazirliyi görüş təklifini şərh etməkdən İMTİNA ETDİ

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun rəsmi Pekinin Rusiya və ABŞ liderləri arasında Çində sammitin keçirilməsi ilə bağlı Vaşinqtona təklif göndərdiyi barədə əvvəllər yayılan xəbərləri şərh etməkdən imtina edib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, bununla belə, o, əmin edib ki, Pekin Moskva ilə Vaşinqton arasında əməkdaşlığın artmasına sevinir.

“Rusiya və ABŞ nüfuzlu böyük ölkələrdir. Çin Rusiya və ABŞ-ın əlaqələrinin güclənməsindən və bir sıra beynəlxalq məsələlər üzrə dialoqu intensivləşdirməsindən məmnundur”, - deyə Quo Jiakun bildirib.

Qeyd edək ki, “The Wall Street Journal” (WSJ) qəzeti mənbələrə istinadla yazıb ki, Çin hakimiyyəti bu yaxınlarda vasitəçilər vasitəsilə ABŞ prezidenti Donald Trampın komandasına Rusiya lideri Vladimir Putinlə Çin ərazisində sammit təşkil etməyi təklif edib. WSJ-nin məlumatına görə, Çin tərəfi görüşü Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı olmadan keçirməyi planlaşdırıb və “potensial atəşkəsdən sonra sülhə nail olmaq üçün səyləri asanlaşdırmaq” istəyini bildirib. Bildirilir ki, bu ideya Vaşinqtonda müsbət qarşılanmayıb.