14 fevral 2025 17:45
140

"Bir Elin Manifesti" adlı ümumrespublika hekayə müsabiqəsinə start verilib

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.

“İki sahil” xəbər verir ki,  mətbuat konfransında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycanda soydaşlarımızın başlarına gətirilən müsibətlər, dağıdılan maddi – mədəni irsimiz, geri qayıdış hüququ ilə bağlı məsələlərin geniş yayılması ilə bağlı aparılan işlərə dəstək məqsədilə, sözügedən müsabiqənin keçirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. Sədr Qərbi Azərbaycana dair yazılacaq hekayələrin hər birinin özündə soydaşlarımızın ağrı-acısını daşıyacağını vurğulayıb.

İcmanın Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı, müsabiqənin ideya müəllifi Məlahət İbrahimqızı bildirib ki, “Bir Elin Manifesti” mövzusunda hekayə müsabiqəsi Qərbi Azərbaycanla bağlı məlumatların yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına dəstək məqsədilə İcmanın Qadınlar Şurası tərəfindən təklif edilib. O qeyd edib ki, mövzu üzrə yazılacaq hekayələrin motiv və süjetləri Qərbi Azərbaycanda soydaşlarımıza qarşı törədilən cinayətlər, deportasiya, etnik təmizləmələr və onların yaddaşlarında qalan Vətən, yurd xatirələri olmalıdır.

İcmanın Qadınlar Şurasının sədri vurğulayıb ki, müsabiqənin yekun nəticələrinin dekabr ayının son on günündə  açıqlanması nəzərdə tutulur. Müsabiqənin təşkilatçısı Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, tərəfdaşları isə  AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat” qəzeti və “Modern.az” İnformasiya Agentliyidir. Məlahət İbrahimqızı bildirib ki, müsabiqənin şərtlərinə əsasən hekayələrin təqdim olunmasının son tarixi 15 avqust 2025-ci il, müsabiqədə iştirak etmək üçün yaş həddi isə 18 yaşdan yuxarıdır. Təqdim edilən hekayə heç bir mətbuat orqanında çap olunmamış olmalıdır. Müsabiqənin icra olunma müddətində təqdim edilmiş hekayələr “Ədəbiyyat qəzeti” və “Modern.az” saytında dərc olunacaq. Müsabiqəyə təqdim olunan əsərlər 15 avqust 2025-ci il tarixindən sonra hekayə janrı üzrə tanınmış ekspertlər  tərəfindən yoxlanılacaq, nəticələr təşkilatçılara təqdim ediləcək. Müsabiqə nəticəsində 10 hekayənin  müəllifi müsabiqənin qalibi elan olunacaq və onlara pul mükafatı təqdim olunacaq.

Qeyd edək ki, birinci yer üzrə  1 nəfər - 2000 manat,  ikinci yer üzrə 1 nəfər - 1500 manat,  üçüncü yer üzrə 1 nəfər - 1000 manat olaraq müəyyənləşdirilməklə daha 7 nəfərə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək. Müsabiqənin qalibi olacaq hekayələr ingilis dilinə də tərcümə edilərək, nəşr olunacaq.

Hekayələr “Bir Elin Manifesti” başlığı altında [email protected] ünvanına e-poçt vasitəsilə göndərilməlidir.

Müsabiqə ilə bağlı digər şərtlər bu linkdə təqdim olunur.  - https://westaz.org/az/xeber/bir-elin-manifesti-qerbi-azerbaycan-movzusunda-hekaye-musabiqesi

“Bir Elin Manifesti”  I Ümumrespublika hekayə müsabiqəsinin münsiflər heyətinin tərkibi

1. Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı

2. ⁠ Məlahət İbrahimqızı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı - (layihənin müəllifi)

3. ⁠ Anar Rzayev - Yazıçılar Birliyinin sədri, Xalq şairi, (Yazıçılar Birliyi -  əsas tərəfdaş təşkilat)

4. ⁠ İsa Həbibbəyli - AMEA-nın prezidenti akademik, (AMEA -  əsas tərəfdaş təşkilat)

5. Mahirə Hüseynova - Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, APU-nun prorektoru, professor, şairə

6. Nizami Cəfərov  - Akademik, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının sədr müavini, Atatürk Mərkəzinin direktoru.

7. ⁠Elnara Akimova - N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, tənqidçi, Milli Məclisin deputatı

8. Musa Urud - Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı

9. Hikmət Babaoğlu - Qərbi Azərbaycan İcmasının İdarə Heyəti Sədrinin müavini, Milli Məclisin deputatı

10. Tənzilə Rüstəmxanlı -   Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü,  Azərbaycan Türkiyə Evi və Azərbaycan Türk Qadınlar Birliyinin sədri, Milli Məclisin deputatı

11. Səbinə Salmanova -  Azərbaycan Respublikası Milli Məclisinin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü, millət vəkili

12. Azər Turan - Yazıçılar Birliyinin üzvü⁠

13. Telli Pənahqızı - Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədr müavini

14. Sona Abbasəliqızı - Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Avrasiya Sənət, Kültür və Ədəbiyyat Federasiyasının Qafqaz və Orta Asiya üzrə təmsilçisi

15. Elşad Eyvazlı – “Modern.az” İnformasiya Agentliyinin sədri, tərəfdaş media