14 fevral 2025 23:58
131

Vətən boyda eşq

Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Murad Nefesovun 24-cü doğum günü münasibətilə tədbir keçirilib.

Tədbirdə  Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan  sonra  kitabxananın əməkdaşı Gülər Piriyeva giriş sözündə bildirib ki,  gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olan Murad Nefesovun timsalında Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi  xalqımız tərəfindən daim  uca tutulur, böyük ehtiramla yad olunurlar.

Kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində şəhid Murad Nefesovun şərəfli həyat və döyüş yolu haqqında məruzə edərək deyib:-  Azərbaycan Ordusunun əsgəri olan Murad Nefesov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində  savaş meydanında birincilər sırasında öz yerini alıb. O, Cəbrayılın, Füzulinin, Qubadlının, Zəngilanın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Murad Nefesov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən ağır müharibədə  son damla qanına qədər vuruşaraq   şəhidlik zirvəsinə yüksəlib.

Qeyd olunub ki,  zəfər şəhidi Murad Nefesovun döyüş meydanında göstərdiyi qəhrəmanlığını nəzərə alıb o,  Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medala və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeninə layiq görülüb.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü