15 fevral 2025 13:25
120

Şolts Maskı Almaniyadakı seçkilərə müdaxiləyə görə tənqid edib

Almaniyanın Kansleri Olaf Şolts ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri, milyarder İlon Maskın ölkədəki seçki kampaniyasına müdaxiləsini tənqid edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Deutsche Welle” “Funke Mediagruppe”a istinadən xəbər verir.

"Demokratiya İlon Maskdan daha güclüdür", - O.Şolts vurğulayıb.

Kanslerin sözlərinə görə, DOGE rəhbərinin təkcə Almaniyada deyil, bir çox başqa ölkələrdə də Avropada ifrat sağçı partiyaların seçilməsinə çağırış etməsi onu narahat edir.

O.Şolts, həmçinin Donald Tramp dövründə Vaşinqtonla münasibətlərin vəziyyətinə toxunub: "ABŞ bizim dostumuzdur. Biz, ilk növbədə, ABŞ-yə 1945-ci ildən sonra Almaniyanın demokratik və azad ölkəyə çevrilməsinə görə minnətdarıq. Münasibətlərimiz bu təməl üzərində qurulub".

Eyni zamanda, siyasətçi Trampın alüminium və polad idxalına 25 % rüsum artımı ilə bağlı qərarını tənqid edib: "Prinsip etibarilə, hesab edirəm ki, bizə daha az ticarət maneələri lazımdır. Bu məsələdə Avropa vahid cəbhədən çıxış edir”.

Almaniya kansleri qeyd edib ki, 450 milyon sakini olan Avropa İttifaqı dünyanın ən böyük iqtisadi zonasıdır. "Bu bizə güclü mövqe verir", - o hesab edir.

O.Şolts bildirib ki, Avropa Komissiyası Vaşinqtonun tarif tədbirlərinə "çox tez" reaksiya verəcək.

Qeyd edək ki, Almaniyada növbədənkənar parlament seçkiləri fevralın 23-də keçiriləcək.