15 fevral 2025 17:15
125

Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı da Azərbaycandır          

Qoşulmama Hərəkatına uğurla sədrlik edən Azərbaycan Afrika qitəsi ilə əməkdaşlığı dərinləşdirir. Eyni zamanda Azərbaycanın inkişaf modeli Afrika ölkələri üçün də maraqlıdır. Qlobal geosiyasi və geoiqtisadi mühitin dəyişdiyi bir vaxtda dövlətlər üçün xarici iqtisadi strategiyanın Afrika vektoru xüsusi əhəmiyyət kəsb edir. Burada ən vacib məsələ Afrikanın ehtiyaclarına cavab verən əsas tərəfdaşlıq layihələrini müəyyən etmək, qarşılıqlı etimada əsaslanan perspektivli tərəfdaşlığa nail olmaqdır.

Məlumdur ki, 2000-ci illərə qədər qitə yoxsulluq və müharibələrdən əziyyət çəkən coğrafiya idi. Bu gün isə təbii resurslar potensialına malik olan qitənin dəyəri yenidən qiymətləndirilir. Afrika istehlak mallarının istehsalından tutmuş kənd təsərrüfatına, təbii sərvətlərin çıxarılmasına, infrastrukturun genişləndirilməsinə və sənaye istehsalına qədər bir çox sektorda inkişaf imkanları təklif edir.

Bu günlərdə ölkəmizdə səfərdə olan Somali Prezidenti ilə aparılan danışıqlardan, verilən bəyanatlardan da aydın oldu ki, bu ölkə ilə əməkdaşlıq Azərbaycanın Afrikanın inkişaf edən bazarlarına, xüsusilə də ticarət və logistika sahələrinə çıxış deməkdir. Belə ki, Somalinin Hind okeanında və Qırmızı dənizdə mövcudluğu strateji perspektivlər vəd edir. Bu səbəbdən dövlət başçıları bu səfəri həm də ölkələrimiz arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı kimi dəyərləndirdi. Bəyan olundu ki, inkişaf, təhlükəsizlik və tərəqqi ilə bağlı Bakı ilə Moqadişunun baxışları üst-üstə düşür. Tərəflər həmçinin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş imzaladılar.
Belə ki, qarşıdakı dövrdə müdafiə sahəsində işbirliyi, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı əməkdaşlığın mühüm sahələrindən biri olacaq.
 
Mövcud olan əlverişli investisiya və biznes mühitinin yaradılması, insan kapitalının inkişafı və təbii ehtiyatlardan asılılığın azaldılması istiqamətində addımlar atmaqla Afrika regionu ölkələri xarici kapitalın cəlb olunmasında maraqlıdır. Azərbaycan və Somali Prezidentləri sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında təcrübə mübadiləsinin vacibliyini qeyd etdilər.

Azərbaycan Somalinin potensialını gələcək perspektivləri baxımından qiymətləndirir və buna görə də uzunmüddətli əsasda əməkdaşlığı genişləndirir. Rəsmi Bakı bu ölkədə insan kapitalının inkişafına da dəstək nümayiş etdirir. Belə ki, Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Yeni imzalanan müqavilə isə onların sayını artırmaq imkanı yaradacaq. Azərbaycan universitetlərində müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı qazanmaq Somalinin iqtisadi inkişafına fayda verəcək.

Onu da qeyd edim ki, Afrika qitəsinin şərqində yerləşən Somali İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvüdür. Hətta 30 illik işal dövründə Somali İƏT-in tərkibində işğala qarşı yaradılmış kontakt qrupun üzvü kimi Azərbaycanı dəstəkləyib. Azərbaycanla Somali arasında əlaqələrin inkişafı ikitərəfli münasibətləri genişləndirməklə yanaşı, Türk Dövlətləri Təşkilatı ilə Afrika İttifaqı arasında əməkdaşlığa da təkan verəcək. Təsadüfi deyil ki, türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı da məhz Azərbaycandır.

Nigar Məmmədova,
Milli Məclisin deputatı