17 fevral 2025 17:42
162

Probasiya məmurları üçün silisilə təlimlərə başlanılıb

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ədliyyə Nazirliyinin Probasiya xidmətində probasiya məmurları üçün “Probasiya qanunvericiliyi, sosial adaptasiya və reabilitasiya” mövzusunda təlimlərə başlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən bildirilib.

Təlimlər Probasiya xidməti və Azərbaycan Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumdan irəli gələn vəzifələrin icrası ilə bağlı 2025-ci ildə görüləcək işlərə dair Tədbirlər Planına uyğun olaraq həyata keçirilir və təlim mövzuları əsasən probasiya sahəsində yeni trendləri əhatə edir.

İnteraktiv metodlar üzrə keçirilən təlimlər Azərbaycan Universitetinin və Ədliyyə Akademiyasının müəllimləri, Probasiya xidmətinin, Sosial Xidmətlər Agentliyinin və Dövlət Məşğulluq Agentlyinin məsul əməkdaşları, habelə peşəkar mediatorlar, “Probasiya könüllüləri”, o cümlədən sosial işçilər və psixoloqlar tərəfindən aparılır.

Təlim proqamına əsasən probasiya nəzəriyyəsi və qanunvericiliyi, sosial adaptasiya və reabilitasiya, məhkumların cəmiyyətə yenidən uyğunlaşması üçün dəstək strategiyaları və proqramları, münasibət qurma və ünsiyyət bacarıqları, konfliktin idarə edilməsi, böhran müdaxiləsi, risk qiymətləndirilməsi, sosial xidmətlərə ehtiyacı olan şəxslərin müəyyən edilməsi, probasiya nəzarətində olan şəxslərin məşğulluq imkanlarının axtarılması, bərpaedici ədliyyə, probasiya sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, o cümlədən ölkəmizin Avropa Probasiya Konfederasiyasına (CEP-Confederation of European Probation) üzvlüyünün əhəmiyyəti, probasiya fəaliyyəti haqqında statistik hesabatların tərtib edilməsi və digər mövzular tədris olunub, təqdimatlar nümayiş etdirilib.

Təlimlərə ilk növbədə Bakı şəhəri probasiya idarəsinin, Sumqayıt şəhər probasiya şöbəsinin, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmurları cəlb ediliblər. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Bu kimi təlimlərin respublikamızın regionlarında da davamlı olaraq keçirilməsi planlaşdırılır.