AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist Elxan Məmmədovun bu günlərdə iki kitabı – “Yazdıqca yaşamaq yaşadıqca yazmaq” və “Mən sözə söykənmişəm” adlı kitabları nəşr olunub.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, Elxan Yurdoğlu ədəbi imzası ilə də tanınan Elxan Məmmədov 25 ildən çoxdur ki, mətbuatda müxtəlif mövzulu yazılarla çıxış edir. Həmin ədəbi-bədii yazılarından ibarət olan “Ömrüm ədəbi kitab” adlı nəşr 2015-ci ildə işıq üzü görmüş və oxucu marağına səbəb olmuş, ədəbiyyat camiəsi tərəfindən sevilərək oxunmuşdur.
Daim mətbuatda çıxış edən müəllifin son 10 ilə yaxın müddətdə qələmindən çıxan məqalələri, düşüncələri, resenziyaları, müsahibələri, məktubları, ədəbi-bədii tədbirlərdəki çıxışları, ayrı-ayrı adamlar haqqındakı portret yazıları, müxtəlif kitablara yazdığı ön sözlər, həmçinin müəllifin kitablarına yazılmış ön sözlər, kitabları haqqındakı resenziyalar, ona ünvanlanmış məktublar ötən on ildə də davam etmişdir.
“Yaşadıqca yazmaq, yazdıqca yaşamaq” kitabında qələm ustadının yuxarıda qeyd etdiyimiz janr və istiqamətlərə daxil olan, 2015-2019 dərc olunmuş yazıları toplanmışdır. “Mən sözə söykənmişəm” kitabında isə son 5 ilin (2020-2024-cü illər) mətbu nəticələri öz əksini tapmışdır.
Əsərlərin əvvəlində oxucuya müraciət edən müəllif kitabların tərtib olunma məqsədi barədə məlumat vermiş, bir şair və qələm əhli kimi oxucunun görüşünə gəlmənin sevincini bölüşmüşdür.
Ömrü boyu sözlə iç-içə olan Elxan Yurdoğlunun hər iki kitabı Azərbaycan elmi-ədəbi mühiti, həmçinin bir sıra dünya ədəbiyyatı nümunələri haqqında fikir sahibi olmaq, müasir Naxçıvan ədəbi prosesinin və elmi mühitinin öyrənilməsi, eyni zamanda Elxan Yurdoğlunun çoxşaxəli yaradıcılığını daha yaxından tanımaq üçün maraqlı mənbə ola bilər.
Müəllif hər yazısında təsvir və ifadə vasitələrindən özünəxas ustalıqla bəhrələnməklə bərabər, bir çox hallarda oxucunu düşünməyə vadar edir. Hər yazısında fərqliliyini ortaya qoyur, hər kitabı oxucuda fərqli ovqat yaradır, fikir formalaşdırır. İnsanı özünə dönməyə, bəzi incəliklərin fərqinə varmağa, bəzən özü ilə üzləşməyə vadar edir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan hər iki kitabda müəllifin özünəməxsus düşüncələri, təhlilləri, tənqidi görüşləri də özünə yer tapıb.
Ümumilikdə 1100 səhifə həcmində olan – “Yazdıqca yaşamaq, yaşadıqca yazmaq”(512 səhifə) və “Mən sözə söykənmişəm” (592 səhifə) adlı hər iki kitab şair-alimin səmərəli və rəngarəng ədəbi-bədii, publisistik fəaliyyətinin xronikasıdır.
Bu məqamda bir sıra keyfiyyətlərinə görə seçilən şair-tədqiqatçını elə onun öz sözləri ilə təsvir etmək yerinə düşər: “Çoxlarına görə həyat doluyam, ətrafdakılar üçün bir çox mənada stimul qaynağıyam. Gənclərin daim üz tutduqları dostuyam. Hamıya zaman ayıra bilirmişəm. Daha nələr, nələr. Görəsən bunlara zaman ayıraraq özümdən nələrisə oğurlamıram ki?! Zamanı, işlərimi, yaradıcılığımı? Və yenə geriyə boylanıb ortaya qoyduqlarıma baxanda təəssüflənmirəm, təəccüblənirəm. Özümə qarşı oğurluğum olmayıb. Bundan sonra elə əvvəlki tempdən daha sürətlə işləməli, həyatı doya-doya, zövqlə yaşamağa davam etməli...”
Yeni nəşr olunan kitabları münasibətilə müəllifi təbrik edir, bundan sonrakı elmi, ədəbi və publisistik yaradıcılığında eyni zövqlə yazıb-yaratmağı arzulayırıq.