Torpağa, yurda bağlılıq, Vətənə sevgi Cəlilabadın Böyük Bəcravan kəndində dünyaya göz açan Təbriz İsabala oğlu İsayevin qanına ana südü ilə birgə hopmuşdu. Odur ki, 44 günlük haqq savaşımızda sinəsini ona sipər etməklə adını yeni, şanlı tariximizə qəhrəman kimi yazdı. Ömür yolu 27 il oldu Təbrizin. Qısa müddətdə Vətən, xalq qarşısında xüsusi xidmətləri oldu. Odlardan-alovlardan keçərək 30 il düşmənə əsir düşən müqəddəs, ulu yurd yerimiz Qarabağın bağrına zəfər bayrağı sancanların önündə getdi. Bu çətin, şərəfli yolda canını fəda etməklə Vətənə ilahi sevgini qanı ilə möhürlədi. Fədakarlıq, mərdlik, qürur, heyrət doğuran bir məktəb olaraq bizlər üçün örnək qoydu. İndi hər dəfə Təbrizin adı çəkiləndə o məktəbdən Vətən, xalq naminə ürəklərə eşq odu, məhəbbət alovu axır.
El-obada son dərəcə mərd, ağıllı, köksündə əsl qəhrəman ürəyi döyünən gənc kimi tanınan Təbriz İsayev ordu sıralarına Qarabağımızı işğal altında saxlayan erməni dığalardan qisas almaq məqsədilə yola düşüb. Cəbhə bölgəsində xidmət edib, əsgərlik borcunu ləyaqətlə yerinə yetirdiyinə görə hamının sevimlisinə çevrilib. Hərbi təlimlərə böyük həvəslə qatılan və bütün sınaqlardan uğurla keçən Təbriz vətənpərvərlikdə əsgər yoldaşlarına hər zaman nümunə göstərilib.
Təbriz əsgərliyini üzüağ başa vurduqdan sonra evə qayıdıb.
Erməni qaniçənlərin Qarabağımızın işğalını heç cür vicdanına sığışdıra bilməyən gənci Vətən, torpaq sevgisi yenidən hərbiyə qaytarıb. Xüsusi Təyinatlı Qüvvələrində gizir rütbəsində xidmətə başlayıb və məqamı gələndə düşmənlə sona qədər vuruşub qisas alacağına and içib. Bu işdə çalışması 6 il çəkib. Düşməni döyüş meydanında əzməklə qoynunda dünyaya gəldiyi torpağın qürurunu bütün millətlərə göstərmək üçün hərbi sahədə mükəmməl bilik qazanıb və düşmənlə haqq savaşına getməyə hər an hazır durub.
2016-cı ilin Aprel döyüşlərində iştirak edən qəhrəman gizir neçə-neçə erməni faşistin axırına çıxıb, Lələ-təpəyə zəfər bayrağımızı sancan igidlərdən olub. 2020-ci il İkinci Qarabağ döyüşçüləri başlayan gündən ön cəbhədə düşmənlə üzbəüz vuruşub. Yağı gülləsini vecinə almadan Füzulidə, Cəbrayılda dığaların kabusuna çevrilib Təbriz . Dəfələrlə ölümlə pəncələşib, amma qəlbindəki Vətən məhəbbəti hər şeyə qaib gəlib. Döyüşlərin birində ağır yaralanıb. Müalicəsini yarımçıq qoyaraq yenidən saf, məğrur vicdanı onu Qarabağın azadlığı uğrunda vuruşa aparıb. 10 oktyabr 2020-ci ildə ağır müharibə meydanında düşmənin snayperdən açdığı atəş nəticəsində ürəyindən aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalib.
Doğma kəndində sevdalandığı Vətən adı sevgilisinin sinəsinə yeni bir dünya yaşamaq üçün əbədi baş qoyan qəhrəman şəhidimiz "Azərbaycan Bayrağı” ordeninə , " Şücaətə görə ", "Vətən uğrunda" , Xocavəndin, Cəbrayılın və Kəlbəcərin azadlığına görə medallara layiq olub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü