24 iyun 2025 01:25
121

Müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın xilaskarı

24 iyun 1993-cü ildə keçirilən Ali Sovetin iclasında ölkəyə rəhbərlik səlahiyyətləri həvalə olunan, Azərbaycanın gələcək inkişaf istiqamətlərini açıqlayan Heydər Əliyev həmin ilin 3 oktyabr tarixli prezident seçkilərindən sonra dövlət başçısı kimi xilaskarlıq missiyasını da uğurla davam etdirdi

Dövlətçilik tariximizə milli xəyanət kimi yazılan Gəncə hadisələri, ölkədə yaranan hərc -mərclik, xalqın qəzəbindən, baş alıb gedən etirazlardan qorxan AXC-Müsavat hakimiyyətində təmsil olunan səbatsızların istefaları vəziyyəti daha da ağırlaşdırmışdı. O dövrdə Naxçıvan Muxtar Respulikası Ali Məclisinin Sədri, el ağsaqqalı, müdrik siyasətçi Heydər Əliyevi Bakıya dəvət etməklə Azərbaycanın əbədi müstəqilliyi naminə mübarizəyə qalxan xalq Ulu Öndərin ətrafında sıx birləşməklə Azərbaycanı gözlənilən təhlükələrdən qorudu. Qarşıdakı yolun nə qədər məsuliyyətli olduğunu bilsə də, Azərbaycanın varlığı naminə hər cür çətinliyə hazır oluğunu təkcə sözləri ilə deyil, əməli fəaliyyəti ilə də doğruldan Ulu Öndər 4 iyun 1993-cü ildə baş verən Gəncə hadisələrinin qarşısını almaqla Azərbaycanı parçalanmaq təhlükəsindən qurtardı.

O dövrdə ölkədə mövcud olan dözülməz şəraiti «Ölkənin, xalqın maraqları onları heç düşündürmürdü. Bunun nəticəsi olaraq 1993-cü ildə Azərbaycanda vətəndaş müharibəsi başlayanda xalq yenə də Ulu Öndərə üz tutdu, onu siyasi hakimiyyətə dəvət etdi. Ancaq antimilli qüvvələr öz çirkin niyyətlərindən əl çəkmək istəmirdilər… Bu cəhdlərin arxasında xarici qüvvələr dayanmışdır. Bu da heç kəs üçün sirr deyil. Ancaq yenə də Azərbaycan xalqı Heydər Əliyevin rəhbərliyi ilə bu cəhdlərə son qoydu və bu cəhdləri törətmək istəyən ünsürlər öz layiqli cəzasını aldılar» sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev xalqın birliyini həlledici məqamlarda sarsılmazlıq nümunəsi adlandırıb.

Xatırladaq ki, xalqımız bu cür ssenarilərin ağırlığını dəfələrlə yaşamışdı. Bakıda 20 Yanvar faciəsi törədiləndə Azərbaycan KP MK-nın birnci katibi Əbdürrəh­man Vəzirov öz vəzifə kürsüsünü qoyub Moskvaya qaçmışdı. Başqa ölkələrdəki himayədarlarına güvənən Ermənistan rəhbərliyi Xocalı soyqırımını törədəndə Ayaz Mütəllibov da eyni addımı atmışdı. Gəncə hadisələrinin törədə biləcəyi vətəndaş müharibəsi təhlükəsinin qarşısının ala bilməyəcəyini hiss edən Əbülfəz Elçibəy isə Kələkiyə üz tutmuşdu.

Təbii ki, səbatsızlığın, xalq qarşısında məsuliyyətsizliyin nəticəsi olan bu hallar ölkəyə rəhbərlik edənlərin siyasətdə naşı, xalqına bağlılılqda səbatsız olduqlarını göstərirdi. Vəziyyətin nə qədər çətin olduğunu uzaqgörən siyasəti ilə dərk edən, Azərbaycanın müstəqilliyinin qorunması, xalqın öləziməkdə olan sabaha ümidinin qırılmaması üçün müdriklik göstərən Heydər Əliyev dövlətçilik tariximizə heç zaman silin­məyəcək səhifələr yazdı.

15 iyun 1993 cü ildə keçirilən Ali Sovetin iclasındakı çıxışı ilə yaranan vəziyyətin ağırlığını diqqətə çatdıran, xilaskar kimi xalqa çıxış yolunu göstərən Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunmasının təxirəsalınmaz vəziyə olduğunu « Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır» sözləri ilə diqqətə çatdırdı. Azərbaycanın bundan sonra heç bir dövlətin tərkibinə çatılmayacağını əminliklə bildirdi. Keçmiş Sovet İttifaqının bərpa olunması, Azərbaycanın da ora daxil olması ehtimalı haqqında bəzi şayiələri təxribat adlandırdı. Ermənistanın torpaqlarımızı işğal etdiyi məqamlarda bu cür yanlış düşüncələri xalqa, millətə xəyanət adlandırdı. « Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır, müharibə qurtarmalıdır, sülh yaranmalıdır. Azərbaycan Respublikasının vətəndaşları sülh və əminamanlıq şəraitində yaşayıb öz dövlətini özü istədiyi kimi qurmalıdır» çağırışı ilə ölkə vətəndaşlarını birliyə səsləyən Ulu Öndər qarşıda duran vəzifələri dövlətçilik təcrübəsinə əsaslanaraq göstərdi: Azərbaycanın dövlət müstəqilliyi qorunmalı, torpaqlarımızın bütövlüyü təmin olunmalı, demokratiya inkişaf etdirilməli, siyasi plüralizmə geniş yol verilməlidir. Konstitusiyanın, ali qanunların pozulmasına yol verilməyəcəyini bildirən Ulu Öndər kimliyindən asılı olmayaraq insanlar arasında təxribatlar aparanlara qarşı cəzaların tətbiq olunacağı xəbərdarlığını edirdi. Bildirirdi ki, dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması təkmilləşdirilməli, ölkədə bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Həyatı əhəmiyyətli, biri- birindən çətin, məsuliyyətli vəzifələr xalqın tələblərinə uyğun formalaşmalı, yerinə yetirilməlidir. Bu etimada görə deputatlara minnətdarlığını bildirən Ulu Öndər «Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam» sözləri ilə ölkəni gözlənilən vətəndaş müharibəsi təhlükəsindən qoruyacağını, daxili sabitliyin bərpası üçün bütün qüvvələrin səfərbər olunacağını əminlklə bildirdi. Azərbaycanın bu faciəli dövründə daha dəhşətli fəlakətlərin yaranmaması üçün bütün siyasi partiyaları, ictimai təşkilatları müstəqilliyimiz naminə birliyə səsləyən Ulu Öndər hələ də keçmiş antimilli duyğularla yaşayanları kiçik hisslərin qurbanı olmamağa çağırdı. Kiçik hissiyyatı, xırda dedi-qodunu kənara qoymağı tövsiyə etdi. «Kimin kiminlə nə haqq-hesabı var, sonra edər. Indi bunun vaxtı deyil. Bununla əlaqədar olaraq bir məsələyə də toxunmaq istəyirəm. Bəzi dairələrdə mənim haqqımda belə söhbətlər gedir ki, Heydər Əliyev əgər yenidən Azərbaycanda bir vəzifəyə gələrsə, kimdənsə qısas alacaq. Kimsə onun əleyhinə vaxtilə olub, yaxud kimsə ona pis münasibət göstərib, ona qarşı pis münasibət göstərəcək. Mən sizin qarşınızda tam məsuliyyətlə deyirəm və bütün Azərbaycan xalqına elan edirəm ki, ümumiyyətlə, mənim təbiətimdə qısasçılıq hissiyyatı yoxdur. Bunu sadəcə olaraq ayrı-ayrı adamlar süni surətdə yaradıblar və görsənir ki, bir mənə ləkə vurmaq üçün yox, ümumiyyətlə, bizi parçalamaq üçün. Sizə söz verirəm ki, heç vaxt qısasçılıq hissiyyatına qapılmayacağam. Əgər kimsə, nə vaxtsa mənə qarşı düzgün münasibət bəsləməyibsə, nəsə edibsə, inanın ki, mən onların hamısını çoxdan bağışlamışam. Mən özümü o hisslərin səviyyəsinə heç vaxt salmamışam və salmayacağam. Ona görə yox ki, siz mənə indi etimad göstərdiniz, mən belə bir vəzifəyə gəldim. Yox. Mən sadəcə bir vətəndaş kimi də heç vaxt heç kəslə ədavət aparmaq, qısas almaq, yaxud da ki, kiməsə pislik etmək istəməmişəm və istəməyəcəyəm. Ancaq vəzifə çərçivəsində, şübhəsiz ki, biz hamımız nizamintizama tabe olmalıyıq, biz hamımız qanuna tabe olmalıyıq, biz hamımız qanuna riayət etməliyik, qanunun aliliyini təmin etməliyik və bu yolla şübhəsiz ki, mən öz əqidəmdən dönməyəcəyəm» sözləri ilə hamını vahid ideya ətrafında birləşməyə, Azərbaycanın müstəqilliyi naminə həmrəyliyə, ölkəmizə qarşı təxribatlara qarşı birgə mübarizəyə səslədi.

Daxili iğtişaşların, didişmələrin xalqa yaşatdığı ağır fəsadların daha ağır nəticə verəcəyini hiss edən, bu cür vacib məqamda hadisələrin ayrı-ayrı istiqamətlərə yönəldilməsindən keçirdiyi narahatlığı «Mən Naxçıvandan bura özüm gəlməmişəm. Məni bura dəvət eləyiblər, məndən dəfələrlə İsa Qəmbər, Pənah Hüseynov və Azərbaycanın prezidenti Əbülfəz Elçibəy xahiş eləyiblər ki, gəlim burda bir vəzifə tutum, bərabər bu məsələlərin həll olunmasında iştirak edim. Neçə gündür ki, mənimlə danışıqlar gedir. Mən bu vəzifələrdən imtina etmişəm. Bu gün də imtina edirəm. Ona görə də mən hiddətlənirəm ki, bəzi adamlar, on gündür ki, Azərbaycan bərbad vəziyyətdədir, barmaq-barmağa vurmayıblar, Azərbaycandan kənarda gəzirlər, kabinetlərdə cürbəcür işlərlə məşğul olurlar, indi də başlayıblar işarə verməyə ki, kimsə kreslo tutmaq istəyir. Mən heç bir kreslo tutmaq istəmirəm, heç bir vəzifə tutmaq istəmirəm» sözləri ilə qargaruhçuların təxribatlarının heç bir əsasın olmadığın bildirən Ulu Öndər əsas məqsədinin canından artıq sevdiyi xalqı ağır vəziyyətdən çıxarmaq olduğunu bildirdi.

Sabiq Prezident Əbülfəz Elçibəyin 1993-cü ilin iyun ayının 17-dən 18-nə keçən gecə heç kimə xəbərdarlıq etmədən ata-baba yurdu Kələkiyə getməsi ilə onsuz da idarəolunmaz vəziyyətdə olan ölkədə hakimiyyətsizlik yaranmışdı. Ən ağır zamanlarda düzgün seçim etməklə vətənini qoruyan, çıxış yolu axtaran xalq bu dəfə də düzgün seçim edərək talelərinə sahib çıxdı. Ali Sovetin 24 iyun 1993-cü ildə keçirilən iclasında Prezident Əbülfəz Elçibəyin səlahiyyətləri məsələsi müzakirə olundu. Respublikaya rəhbərlik bir neçə gün əvvəl Ali Sovetin Sədri seçilən Heydər Əliyevə tapşırıldı. Müdrik şəxsiyyət Heydər Əliyev respublikanı başsız qoyub Kələkiyə gedən fərari dövlət başçısına müraciət edib yaranan vəziyyətin ciddiliyini diqqətə çatdırsa da ölkəni kənddən idarə edəcəyini bildirən, hələ də nəyin baş verdiyini, ölkənin hansı təhlükələrlə üzləşəcəyini hiss etməyən Elçibəy Bakıya dönməməkdə israrlı id. Xalq isə televiziya kanalından eşitdiyi xəbərin şokunu yayır, təşviş keçirirdi. Ulu Öndər Heydər Əliyev çıxılmaz vəziyyətdə qalan xalqı sakitləşdirmək , ölkədə yaranan xaosun qarşısının alınması üçün əlindən gələni əsirgəmədi.

1993-cü il iyunun 24-dən ölkəyə rəhbərlik səlahiyyətlərini yerinə yetirən, oktyabrın 3-də keçirilən seçkilərində xalqın yekdil qərarı ilə Pre­zident seçilən Heydər Əliyev ölkədə parlamentarizm ənənələrinin əsasını qoydu. Ordu quru­culuğu sahəsində mühüm qərarlar qəbul edildi. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər aparıldı. Ulu Öndər insanlarda milli məfkurənin, təfəkkürün formalaşması üçün önəmli islahatlar apardı. Ölkədə iğtişaşlar yaradan, müxtəlf siyasi partiyalara xidmət edən qanunsuz silahlı dəstələr zərərsizləşdirildi. 1994-1995-ci illərdə xarici emissarların daxili, milli satqınlarla birgə planlaşdırdıqları dövlət çevrilişlərinə cəhdlərin uğursuzluqla nəticələnməsi xalqın Ulu Öndərin ideyalarına sadiqliyinin ifadəsi idi.

Bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər yaradılmasını, ölkə daxilində sabitliyin qorunmasını sosial-iqtisadi inkişafın başlıca priortetləri kimi qarşıya qoydu. Avropa, Şərq ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətimizin əsas istiqamətləri kimi müəyyənləşdirdi. Azərbaycanın daxili və xarici siyasətinin inkişaf strategiyasını müəyyənləşdirən Ulu Öndərin istəklərini bu siyasətə sadiqliyi ilə yerinə yetirən Prezident İlham Əliyev həqiqi mənada Azərbaycanı Ulu Öndərin istədiyi kimi dünyaya tanıtdırıb. Ulu Öndərini ən böyük çətinlik adlandırdığı Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini «Qarabağın fatehi» sözünü doğrultmaqla reallaşdırıb. Torpaqalrımızın Ermənistanın işğalından azad olunması, Şuşada Xankəndidə dalğalanan Dövlət Bayrağımız, suverenliyimizin tam və qəti bərpası, Prezident İlham Əliyevin Ulu Öndərə raportu Azərbaycan xalqının birlik və həmrəyliyinin ifadəsi, Ümummili Liderin arzularının gerçəkləşməsi idi.

Xuraman İsmayılqızı, «İki sahil»