21 fevral 2025 21:58
135

Onun həyat kredosu

NAZİM  VƏLİYEV – 65

Bar verən ağaca verilən qiymət,
Onun yetirdiyi bara görədir.
Zəhmətkeş bağbana edilən hörmət,
Becərdiyi çəmənzara görədir!

Bir neçə, lakin bir kitab qədər hikmətli və fəlsəfi dəyəri olan misraları oxuduqca bu mənalı fikirləri söyləyənin hansı əqidəyə malik olduğu, dünyagörüşü, həyat kredosu və zəkası aydın olur. Onun həyatına, keçdiyi işıqlı ömür yoluna, gördüyü işlərə nəzər saldıqda, doğrudan da dediyi sözlərlə əməlinin vəhdət təşkil etdiyini, illərin sınağından üzüağ və başıuca çıxdığını görürük. Xüsusilə uzun illər yaxından tanıyan dostları, həmkarları, böyüyüb boya-başa çatdığı el-obası, əzizləri bunun şahidi olur, onunla fəxr edir və qürur hissi keçirirlər.

Yuxarıdakı misraları inci kimi düzən texniki təhsil almasına, ömrünü neft sənayesinə və neft elminə bağlamış alim olmasına baxmayaraq, gözünü açandan saza, sözə, sənətə qiymət verən, özünün dediyi kimi, ləyaqəti “kökündən, genindən, qanından...” gələn hərtərəfli şəxsiyyət, sadiq dost və qayğıkeş insandır.

Belə yüksək mənəvi dəyərlərin sahibi, əməlləri ilə şöhrət qazanan, başqa bir şeirində dediyi kimi: “İllər keçdikcə ucalan”, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm, texnika və nanotexnologiyalar Departamentinin rəisi, “Əmək” ordenli, respublikanın “Əməkdar mühəndis”i Nazim Aslan oğlu Vəliyevin bu günlərdə 65 yaşı tamam olur. 

Nazim Vəliyev 22 fevral 1960-cı ildə Tovuz rayonunda ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi 1977-ci ildə əla qiymətlərlə bitirərək Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) neft-qaz-mədən fakültəsinə daxil olmuş və 1982-ci ildə ali təhsilini uğurla başa vurmuşdur. Həmin il təyinatla Azərbaycanın quru sahələrində yerləşən neft və qaz sahələrində aparılan elmi-tədqiqat işləri üzrə elmi müəssisəyə - Neft-qaz Sənayesinin Elmi-Tədqiqatı və Layihələndirilməsi İnstitutuna göndərilmişdir. Burada neft və qaz yataqlarının işlənməsi və layihələndirilməsi laboratoriyasında müxtəlif vəzifələrdə çalışaraq, tanınmış mütəxəssis və alimlərindən neft elminin sirlərini öyrənmiş və böyük təcrübə toplamışdır. İnstitutda işləyə-işləyə aspiranturada təhsilini davam etdirmiş, 1990-cı ildə “Suvurma və mayeçıxarma templərinin tənzimlənməsi yolu ilə qeyri-bircins layların işlənmə effektliyinin artırılması” mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.  

Çox keçmədən Nazim müəllimin neft və qaz yataqlarının işlənməsi, ehyatların hesablanması sahəsində peşəkarlığı və təcrübəsi SOCAR-ın rəhbərliyinin diqqətini cəlb edir və 1992-cü ildə Baş ofisdə işləməyə dəvət olunur. Əvvəlcə burada Neft və qaz yataqlarının işlənməsi və ehtiyatların qiymətləndirilməsi şöbəsində baş mütəxəssis, 1997-1999-cu illərdə isə şöbə rəisinin müavini kimi əmək fəaliyyətini davam etdirir. Bu dövrdə o, Azərbaycanın quru və həm də dəniz yataqlarının işlənməsinə, layların neftveriminin artırılması üçün tətbiq olunan laylara "ikinci" və "üçüncü" təsir üsullarının təkmilləşdirilməsi və yataqların neft və qaz hasilatları üzrə proqnoz göstəricilərinin hesablanması məsələlərinə nəzarət edir. O, SOCAR-ın "Neft və qaz yataqlarının işlənməsi" üzrə Mərkəzi Komissiyanın elmi katibi, Ehtiyatlar üzrə Mərkəzi Komissiyanın eksperti kimi bir sıra yataqların "Ehtiyatlarının hesablanması və yenidən hesablanması və işlənmə layihələrinin" ekspertizasını həyata keçirmişdir.  Yüksək biliyi, idarəetmə bacarığı, kollektivdə nüfuzu və insani keyfiyyətləri nəzərə alınaraq, SOCAR-ın rəhbərliyi tərəfindən N.Vəliyev 2003-cü ildə Baş ofisinin Elm və texnika şöbəsinə rəis təyin edilmişdir. N.Vəliyev 17 ildən artıq vaxt ərzində elmi-texniki nailiyyətlərin və müasir texnika-texnologiyaların neft sənayesinə tətbiqi və inkişafı sahəsində böyük işlər görmüşdür. 2020-ci ildə isə yeni yaradılmış Elm, texnika və nanotexnologiyalar Departamentinin rəisi kimi əmək fəaliyyətini uğurla davam etdirməkdədir. Nazim müəllim, eyni zamanda, əsas işləri ilə bərabər, SOCAR-ın Baş ofisində Həmkarlar İttifaqı Komitəsinin sədri kimi çox məsuliyyətli bir ictimai vəzifə də daşımaqdadır.

N.Vəliyev hər zaman gördüyü hər bir işə xüsusi diqqət və böyük məsuliyyət hissi ilə yanaşır. 3 elmi kitabın həmmüəllifi,125 elmi işin, o cümlədən dərc edilmiş 100-dən çox elmi məqalə və məruzə tezislərinin müəllifidir. Bir çox beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, diplomlara, keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin və SOCAR-ın Fəxri fərmanlarına, neft-qazçıxarma, onun idarəedilməsi, marketinqi və s. üzrə beynəlxalq sertifikatlara layiq görülmüşdür.  

Ümumdünya Neft Şurasının, Dünya Enerji Xartiyasının Sənaye Məşvərət Şurasının, AMEA-nın Neft və Qaz İnstitutunun Elmi Şurasının, “Azərbaycan Neft Təsərrüfatı”, “Azərbaycanda Geofizika Yenilikləri” jurnallarının və Rusiyanın tanınmış “Neftepromıslovoe delo” jurnalının, Azərbaycan Milli Neft Komitəsinin İcraçı direktoru, SOCAR-ın “Açıq mətbuatda xidməti istifadə üçün” qrifi ilə nəşrə hazırlanan materialların ekspertizası üzrə Ekspert komissiyası”nın sədri, SOCAR-ın Elmi-Texniki Şurasının koordinatoru kimi çox böyük ictimai işlər aparır. Nazim Vəliyev 30 ildən artıq Rusiya, Yaponiya, ABŞ, Kanada, İran, Qətər, Türkiyə, Qazaxıstan, Özbəkistan, Vyetnam, Türkmənistan və sair neft və qaz ölkələrində keçirilən Beynəlxalq sərgi-konfranslarda, konqress, simpozium və forumlarda SOCAR-ın nümayəndəsi kimi Azərbaycanı layiqincə təmsil etmişdir.  

Nazim müəllimin neft sənayesində səmərəli fəaliyyəti SOCAR rəhbərliyi və dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə SOCAR-ın Fəxri Fərmanı, “Fəxri neftçi” döş nişanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə 2008-ci ildə “Tərəqqi” medalı, 2011-ci ildə “Əməkdar mühəndis” fəxri adları ilə, 2017-ci ildə “3-cü dərəcəli Əmək  ordeni” ilə təltif edilmişdir.  

N.Vəliyev daim öz elmi-texniki bilik səviyyəsini artırmağa da xüsusi fikir verir. Belə ki, o, Amerika Birləşmiş Ştatlarının, Norveç Krallığının, Yaponiyanın  və türkiyənin tanınmış elmi mərkəzlərinin təşkil etdikləri xüsusi kurslarda təhsil alaraq müvafiq Beynəlxalq sertifikatlara layiq görülmüşdür.

O, SOCAR-da işlədiyi müddətdə ikinci ali təhsil kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına daxil olumuş və 2002-ci ildə Akademiyanı fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə Ümumdünya Texnologiya Universiteti və UNESCO-nun Akkreditasiyası ilə neftqazçıxarmanın idarəedilməsi üzrə professor-doktor və Beynəlxalq Ekoenergetika Akademiyasının professor-doktoru adlarını almış, "Caspian European Club"un neft elminin inkişafında xidmətlərinə görə "Caspian Energy Award - 2015" mükafatına, Türk  Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Qızıl Ulduz” Medalına (2023), Beynəlxalq Mükafat Komitəsinin qərarı ilə Avropa Xidməti Ordeninə (2023) layiq görülmüşdür.

Nazim müəllim Rusiya Mühəndislik Akademiyasının həqiqi (xarici) üzvüdür, 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi rütbəsi almışdır.

Elm adamı, neftçi olmaqla yanaşı, həssas və duyğusal təbiətli Nazim müəllim ədəbiyyat və poeziya sahəsində də öz sözünü demişdir. “Neftçi” ədəbi-bədii dərnəyinin üzvü kimi onun şeirləri uzun illər respublika qəzetlərinin səhifələrində dərc olunmuş, sözlərinə müsiqilər bəstələnmişdir. Buna misal olaraq Nazim müəllimin daim xatirəsini hörmət və ehtiramla andığı müəllimi, uzun illər bilavasitə çiyin-çiyinə çalışdığı, Azərbaycanın neft-qaz sənayesinin rəmzi, dünya neft elminə böyük töhfələr vermiş, akademik Xoşbəxt Yusifzadəyə həsr etdiyi  “Layiqdir buna Xoşbəxt” şeirinə bəstələnmiş mahnını göstərmək olar. 2000-ci ildə onun nəşr edilmiş “Sənsiz yaşamağa dəyməz” şeirlər kitabı “Qızıl qələm” mükafatına layiq görülmüşdür. 2009-cu ildə isə “İzin qalacaq” adlı ikinci şeirlər kitabı işıq üzü görmüşdür.   

Nazim müəllim daim gənclik enerjisi ilə çalışan, gənc nəslə nümunə olan və dostluq edən, SOCAR-ın Baş ofisində çalışan əməkdaşların sevimlisi və fəxr etdiyi bir şəxsiyyət, əsl həmkar-məsləhətçi, vətənsevər və ziyalı bir Vətəndaşdır.   

65 yaşınız, şanlı yubileyiniz mübarək olsun, Nazim müəllim!

Sizə uzun və sağlam ömür, işlərinizdə uğurlar və rahat həyat arzu edirik!

Hörmət və səmimiyyətlə,

Həmkarlarından və dostlarından bir qrup