Xocalı soyqırımı XX əsrin sonunda Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciələrdən biri kimi tarixə düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərinə hücum edərək, dinc əhalini misli görünməmiş vəhşiliklə qətlə yetirib. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş bir faciədir. Ermənistanın uzun illər həyata keçirdiyi etnik təmizləmə siyasətinin ən qanlı səhifələrindən biri olan bu qətliam, beynəlxalq ictimaiyyətin gözü önündə baş versə də, dünya dövlətlərinin bir çoxu tərəfindən hələ də tam olaraq tanınmayıb.
Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.
K. Bayramov qeyd edib ki, faciənin səbəbləri və ağır nəticələrinə nəzər salsaq görərik ki, o zaman Xocalı şəhəri Qarabağın strateji nöqtələrindən biri idi. 1991-ci ilin oktyabrından etibarən şəhər Ermənistan silahlı qüvvələri tərəfindən mühasirəyə alınmışdı. Şəhərə gedən yollar bağlanmış, əhali blokada şəraitində ağır vəziyyətdə yaşamışdı. Elektrik, su, ərzaq və tibbi ləvazimat qıtlığı ilə üzləşən Xocalı sakinləri üçün vəziyyət getdikcə pisləşirdi. Fevralın 25-də Ermənistan ordusu ağır texnika və silahlarla şəhərə hücum edərək, buradakı dinc əhalini tamamilə məhv etməyi qarşısına məqsəd qoymuşdu. Qətliam zamanı insanlar evlərindən çıxarılaraq güllələnib, bəziləri diri-diri yandırılıb, baş dəriləri soyulub, gözləri çıxarılıb. Hamilə qadınlar işgəncə ilə öldürülüb, uşaqların isə meyitləri tanınmaz hala salınıb. Şəhəri tərk etməyə çalışan insanlar meşələrdə, dərələrdə erməni silahlı qüvvələri tərəfindən pusquya salınaraq gülləbaran edilib. Xocalıdan qaçıb xilas olmağa çalışan yüzlərlə insan soyuq hava şəraitində donaraq həlak olub.
K.Bayramov əlavə edib ki,soyqırımı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib, 56 nəfər xüsusi işgəncələrlə öldürülüb, 487 nəfər şikəst olub, onların 76-sı uşaqdır, 1275 nəfər əsir götürülərək dəhşətli işgəncələrə məruz qalıb. 150 nəfərin isə taleyi hələ də məlum deyil. Bütün bunlar göstərir ki, Xocalıda törədilənlər müharibə deyil, məqsədyönlü şəkildə həyata keçirilmiş soyqırımı aktıdır.Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlandı. Xocalı soyqırımına hüquqi-siyasi qiyməti də İlk dəfə Ulu Öndər Heydər Əliyev verdi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzaladı. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olundu. Ümummilli Lider Heydər Əliyev 1997-ci il fevralın 25-də “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” növbəti Fərman imzaladı. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında da bu fakt xüsusi qeyd edilir ki, 1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir alınması, şəhərin yerlə-yeksan olunması ilə nəticələndi. Dövlət başçısı İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, həmin il “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncamı tariximizin hər bir səhifəsinin, xüsusilə erməni vəhşiliklərinin təqdimatı olan faciələrimizin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynadı.
Kamran Bayramov xüsusi olaraq vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib. Eləcə də Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi məqsədilə davamlı addımlar atılır. Xocalı soyqırımı dünya ictimaiyyətinin diqqətini çəksə də, hələ də bir çox ölkələr bu faciəyə adekvat hüquqi qiymət verməyib. Bununla belə, bir sıra ölkələrin parlamentləri Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər. Bosniya və Herseqovina, Meksika, Kolumbiya, Çexiya, Pakistan, Peru, Honduras, Sudan, İordaniya, Sloveniya və digər ölkələr bu soyqırımı rəsmi şəkildə tanıyaraq pisləyiblər. ABŞ-ın 20-dən çox ştatı da Xocalı soyqırımı ilə bağlı qətnamələr qəbul edib.Azərbaycan dövləti və xaricdəki diaspor təşkilatlarımız Xocalı faciəsinin dünya ictimaiyyətinə tanıdılması üçün ardıcıl fəaliyyət göstərir. 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Bu kampaniya çərçivəsində dünyanın müxtəlif ölkələrində anım tədbirləri, sərgilər, konfranslar və digər maarifləndirmə işləri aparılır. BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında Konvensiya”da soyqırımı termini müəyyən edilib. Bu sənədə əsasən, hər hansı etnik, milli və ya dini qrupun tam və ya qismən məhv edilməsi məqsədi ilə törədilmiş hərəkətlər soyqırımı hesab edilir.
Millət vəkili K.Bayramov qeyd edib ki, Xocalıda baş verənlər bu beynəlxalq konvensiyanın bütün tələblərinə uyğun şəkildə soyqırımı aktı hesab edilməlidir. Çünki Xocalı qətliamında kütləvi insan qətlləri törədilib, xüsusi işgəncə metodları tətbiq edilərək birmənalı şəkildə mülki əhali hədəfə alınıb. Bu cinayətlərə görə Ermənistanın keçmiş və indiki rəhbərləri beynəlxalq tribunal qarşısında cavab verməlidir. Xocalı soyqırımı hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində anılır. Bakının Xətai rayonunda ucaldılmış “Ana harayı” abidəsi Xocalı şəhidlərinin əziz xatirəsinə ithaf olunmuşdur. Hər il fevralın 26-da bu abidə önündə ümumxalq anım mərasimi keçirilir, insanlar qətliam qurbanlarının ruhuna ehtiram göstərirlər. Azərbaycanın Müzəffər Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa edərək, işğal altında olan torpaqları azad etdi. 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror tədbirləri nəticəsində Xocalı şəhəri tam olaraq separatçılardan təmizləndi və Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağını qaldırdı. Bu, Xocalı şəhidlərinin ruhunun rahatlıq tapması və Azərbaycanın haqlı qisasının alınması demək idi.
Sonda K.Bayramov Xocalı soyqırımını unudulmamalı olduğunu vurğulayıb. Bu faciəni törədənlər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Azərbaycan dövləti Xocalı qurbanlarının xatirəsini daim yaşadır, onların haqq səsini dünyaya çatdırmaq üçün bütün səylərini əsirgəmir.