24 fevral 2025 14:54
89

ADY-də yeni təyinat olub

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.

“İki sahil” ADY-yə istinadla xəbər verir ki, qurumun yeni yaradılmış Marketinq və tarif siyasəti departamentinin müdiri vəzifəsinə Heydər Cəfərli təyin olunub.

Heydər Cəfərli 1986-cı ildə anadan olub. 2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2009-2011-ci illərdə Potsdam Universitetində “İqtisadiyyat və biznes”, 2011-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər”, 2016-2018-ci illərdə isə Drezden Texniki Universitetində “Layihə idarə edilməsi” ixtisasları üzrə magistratura pilləsində təhsil alıb.

Peşəkar fəaliyyəti dövründə Dövlət Məşğulluq Xidməti (indiki Dövlət Məşğulluq Agentliyi) və “Aqro-Azərinvest” MMC-də rəhbər vəzifələrdə çalışıb.

2018-ci ildən ADY-nin müxtəlif struktur bölmələrində rəhbər vəzifələrdə işləyən Heydər Cəfərli 2023-cü ilin avqustundan Kommersiya departamentinin müdir müavini olub və müdiri vəzifəsini icra edib.