20 fevral 2025 16:05
358

Niyə yeməkdən sonra şirniyyata can atırıq?

Yemək yedikdən sonra da insanların çoxu şirniyyat yeməyə üstünlük verir. Bəs tox olanda belə, şirniyyat yemək həvəsi nə ilə bağlıdır?

Sıçanlar üzərində aparılan son araşdırmalar göstərir ki, toxluq hissindən məsul olan neyronlar da şəkərə olan ehtirasları tətikləyən amildir. Başqa sözlə, şirniyyat sevgimizin nevroloji səbəbi var. Əvvəlki araşdırmalar göstərirdi ki, təbii olaraq beyində meydana gələn opioidlər (əsasən, mərkəzi sinir sistemində və mədə-bağırsaq traktında yerləşən bədənin opioid reseptorlarına bağlana bilən maddələrdir) şəkərə olan həvəsdə mühüm rol oynayır.

Bu opioidlərin əsas istehsalçısı  beyin iştahı, maddələr mübadiləsini və hormonları tənzimləyən hipotalamusda yerləşən "qövslü nüvə sahəsi" (ARC) adlanan bir bölgədə yerləşən neyronlardır. Pro-opiomelanokortin (POMC) neyronları kimi tanınan bu hüceyrələr yeməkdən sonra toxluq hissini də idarə edir.

Bu hüceyrələrin şəkər istəklərində rol oynayıb-oynamadığını anlamaq üçün Almaniyadakı Maks Plank Metabolizm Araşdırmaları İnstitutunun əməkdaşı Henning Fenselau və həmkarları POMC hüceyrələrinin beyinə göndərdiyi opioid siqnallarını izləyiblər. Bunu edərkən, onlar bu opioidlərin reseptorlarına bağlanan flüoresan məhlulunda üç siçanın beyin dilimlərini yuyublar.

Bu reseptorların ən yüksək konsentrasiyası olan beyin bölgəsi qidalanma və digər davranışları tənzimlədiyi bilinən talamusun paraventrikulyar nüvəsi (PVT) idi. Nəticələr göstərib ki, şəkər istəkləri bu iki beyin bölgəsi (ARC və PVT) arasındakı əlaqə ilə bağlıdır.

Beləliklə, tədqiqatçılar siçanlar yeməklərini yeyərkən bu bölgələrdə neyronların fəaliyyətini izləyib. 90 dəqiqədən sonra heyvanlar tox görünüblər. Bu zaman siçanlara şirniyyat verilib. Siçanlar şirniyyatları yedikdən sonra beyin bölgələrində neyronların aktivliyi adi yeməklərini yedikləri ilə müqayisədə təxminən dörd dəfə artıb. Maraqlısı odur ki, artım siçanlar şirniyyatları yeməyə başlamazdan əvvəl müşahidə olunmağa başlayıb. Bu nəticə göstərir ki,  beyin yolu şəkər istəklərini müəyyən edir.

Tədqiqatçılar hüceyrələri işıqla açıb-söndürən optogenetika adlı texnikadan istifadə edərək öz nəticələrini təsdiqləyiblər. POMC neyronlarından PVT-yə  gedən siqnalları bloklayanda siçanlar 40 faiz az şirniyyat istehlak ediblər. 

Fenselau bunu belə izah edib: “Toxluq hissini yönləndirməsi ilə tanınan hüceyrə növləri, eyni zamanda, şəkər iştahını tətikləyən siqnallar göndərir və bunu xüsusilə toxluq vəziyyətində edirlər. Bu, heyvanların və insanların da əslində tox olduqları zaman həddindən artıq miqdarda şəkər istehlak etdiyini göstərir".  Fenselau, mümkün səbəblərdən biri kimi şəkərin yağ və ya zülal kimi digər mənbələrdən daha asan enerjiyə çevrilə bilməsini qeyd edib.  Buna görə şirniyyat yemək "benzin çənini doldurmaq" kimidir.

Elm adamları ümid edirlər ki, tədqiqatlar piylənmə üçün yeni müalicə üsullarına gətirib çıxara bilər.

Vüsal Cahanov, “İki sahil”