27 fevral 2025 23:11
93

Ölkəmizdə siyasi islahatlar müasir dövrün çağırışlarına tam cavab verir

Fevralın 25-də Prezident Administrasiyasının təşkilatçılığı ilə siyasi partiyalar və dövlət orqanları arasında əməkdaşlığın inkişafına həsr olunmuş “Suverenliyin bərpası: siyasi müstəvidə yeni münasibətlər sisteminin formalaşdırılması” mövzusunda dəyirmi masa keçirildi. Ümumiyyətlə, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri Azərbaycan hakimiyyətinin iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında və möhkəmləndirilməsində maraqlı olmasının əyani təzahürüdür.

Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı İkisahil.TV-yə müsahibəsində bu məsələlərə bir daha aydınlıq gətirdi:

- Fəzail müəllim, Azərbaycan dövlətinin demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atdığı addımlar davamlılığı ilə diqqət çəkir. Maraqlıdır, siyasi partiyalarla aparılan müzakirələr Azərbaycana nə vəd edir?

- Ölkəmizdə ilk növbədə çoxpartiyalı demokratik cəmiyyət quruculuğunu daha da inkişaf etdirmək üçün partiyalararası münasibətləri tənzimləmək, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqa nail olmaq həlli vacib vəzifələrdən biri kimi meydana çıxmışdır.  Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq müxalifət nümayəndələri parlament komitələrinə başçılıq edirlər, həm sədr, həm də müavin vəzifələrində. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Ən əsası yeni «Siyasi partiyalar haqqında» Qanunun qəbulu dövrün, zamanın tələblərini əks etdirməklə yanaşı, həm partiyaların qeydiyyatdan keçməsi, həm də onların dövlət büdcəsindən maliyyələşməsi məsələlərini özündə ehtiva edir. Bütün bu addımlar ölkəmizdə çoxpartiyalı sistemin yaradılmasına və fəaliyyətləri üçün möhkəm qanunvericilik bazasının formalaşmasına xidmət edir. Heç şübhə yoxdur ki, atılmış addımlar siyasi sistemin dayaqlarının daha da möhkəmləndirilməsinə, siyasi dialoqun genişləndirilməsinə imkan yaradacaq. Bu isə öz növbəsində müstəqil Azərbaycan Respublikasının dövlətçilik maraqlarına və xalqımızın milli mənafelərinə tamamilə cavab verən hadisədir .

- Bu gün siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlıq uğurla inkişaf edir. Bu barədə nə deyərdiniz?

- Qeyd etdiyiniz kimi, bu əməkdaşlıq uğurla inkişaf edir. Prezident İlham Əliyevin təşəbbüsü ilə müxtəlif siyasi qüvvələr arasında sağlam dialoq və ümummilli məsələlərdə həmrəylik mühiti təşviq olunur. Son illər ərzində həyata keçirilən siyasi islahatlar çərçivəsində siyasi partiyalar arasında əməkdaşlıq formatı daha da təkmilləşdirilmiş, müxtəlif siyasi baxışlara malik qüvvələrin sağlam dialoq şəraitində bir araya gəlməsi üçün mühüm addımlar atılmışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin irəli sürdüyü yeni siyasi konfiqurasiya modeli çərçivəsində siyasi dialoqun dərinləşdirilməsi, çoxtərəfli müzakirələrin aparılması mümkün olmuşdur. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda siyasi sistemin dayanıqlılığı və inkişafı üçün fundamental əsaslar mövcuddur. Siyasi partiyalar olaraq biz də üzərimizə düşən vəzifələri dərindən dərk edir, dövlət orqanları ilə konstruktiv əməkdaşlığımızı daha da genişləndirmək əzmindəyik. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin həm parlamentdə təmsil olunan, həm də parlamentdən kənarda fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə silsilə görüşləri iqtidarla siyasi partiyalar arasında dialoq mühitinin formalaşmasında mühüm rol oynayır. Bu təmasların, məsləhətləşmələrin davamı olmalıdır və inanıram ki, olacaq da.

- Fəzail müəllim, sizcə, partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq məsələləri nə dərəcədə önəmlidir?

- Siyasi partiyaların fəaliyyətində şəffaflıq və hesabatlılıq demokratik idarəetmənin, hüquqi dövlət prinsiplərinin və ictimai etimadın qorunmasının əsas şərtlərindən biridir. Bu prinsiplər partiyaların qərar qəbuletmə proseslərinin açıq olmasını, maliyyə mənbələrinin şəffaflığını, seçki kampaniyalarının qanunauyğun və bərabər şərtlər altında aparılmasını təmin etməklə cəmiyyətin siyasi sistemə olan inamını artırır. Bu, partiyaların maliyyələşmə mənbələrinin açıqlanması, dövlət büdcəsindən ayrılan vəsaitlərin necə xərcləndiyinin ictimaiyyətə təqdim edilməsi, daxili qərarların demokratik proseslər əsasında qəbul edilməsi kimi amilləri əhatə edir. Əgər siyasi partiyalar ictimaiyyətin güvənini qazanmaq və demokratik təsisatlara töhfə vermək istəyirlərsə, onların fəaliyyətində şəffaflıq mütləq şəkildə təmin olunmalıdır.  Siyasi partiyalar seçicilər qarşısında hesabat verməli, onların maraqlarını qorumaq üçün açıq fəaliyyət göstərməlidirlər.  Eyni zamanda, partiya üzvləri müntəzəm olaraq partiya rəhbərliyindən hesabat tələb etməli və daxili fəaliyyətləri barədə məlumata sahib olmalıdırlar. Şəffaflıq və hesabatlılıq siyasi partiyaların etibarlılığını artırır, korrupsiyanın qarşısını alır və demokratik sistemin inkişafına xidmət edir.

- Hazırkı siyasi mühitdə partiyanızın əsas prioritetləri hansılardır?

- Ana Vətən Partiyası Azərbaycanın siyasi sistemində mühüm rol oynayan partiyalardan biridir. Partiyanın əsas prioritetləri milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin rifahının təmin edilməsidir. Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasını prioritet hesab edir. Partiya milli həmrəyliyin gücləndirilməsi və vətəndaş birliyinin təmin olunması üçün çalışır. Regional və qlobal məsələlərdə Azərbaycanın maraqlarının müdafiəsi AVP-nin xarici siyasət prioritetlərindəndir. Ümumilikdə  Ana Vətən Partiyası milli maraqların qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və cəmiyyətin hərtərəfli inkişafı istiqamətində fəaliyyət göstərən bir siyasi təşkilatdır.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”