28 fevral 2025 00:38
339

Tamaşaçı rəğbəti qazanan aktyor

Xalq artisti İlham Namiq Kamal: Həsrətində olduğum heç bir obraz yoxdur

İlham Namiq Kamal. Ötən il oktyabrın 30-da Heydər Əliyev Sarayında 75 illiyi qeyd edilmiş bu tanınmış aktyor indiyədək yaratdığı biri-birindən maraqlı rolları ilə böyük tamaşaçı rəğbəti qazanıb. Yaradıcılığında yumora və satiraya meyil güclü olsa da, o, ən müxtəlif janrlarda olan əsərlərdə də maraqlı obrazlar, yüksək sənət nümunələri yaradıb. "Azərbaycanfilm”in istehsal etdiyi ekran əsərlərində (“Qaynana”, “Bəyin oğurlanması”, “Qəribə adam”, “Musiqi müəllimi”, “Arvadım mənim, uşaqlarım mənim”, “Uzun ömrün akkordları” və s.), onlarla televiziya verilişində satirik obrazlarda, "Mozalan” satirik kinojurnalında yüzə yaxın bədii süjetdə uğurla çıxış edən aktyor bu gün də səhnədədir.

Beləliklə, müsahibimiz Xalq artisti, professor, “Şöhrət” ordenli, Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr kafedrasının məsləhətçi-professoru İlham Namiq Kamaldır

- İlham Namiq Kamal… Bu ad çəkiləndə üzlərə təbəssüm qonur. Bəs kimlərin adı çəkiləndə İlham Namiq Kamalın çöhrəsində təbəssüm yaranır?

- Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Yaşar Nuri, bir də Hacıbaba Bağırovun adları çəkiləndə… Onu da deyim ki, onların hər biri sevib-seçdikləri aktyorluq sənətində özlərini peşəkar sənətkar kimi təsdiqləyib. Bu mənada həmin sənətkarların mədəniyyət sahəsindəki xidmətləri barədə ayrıca söz açmağa ehtiyac yoxdur.

- Hansısa rolunuz konkret bir şəxsin prototipidir?

- Ümumiyyətlə, aktyorda, hər şeydən əvvəl, güclü müşahidə qabiliyyəti olmalıdır. Fikrimcə, bu başqa bir insanın cilidinə girməkdə, başqa bir insanın obrazını yaratmaqda mühüm amillərdən biridir. Bu mənada gördüyümüz insanların hərəkətləri, danışıq tərzləri, yerişləri bizim beynimizə yazılır. Amma aktyor bütün bunları ümumiləşdirməyi bacarmalıdır. Belə deyək, tar, kaman simləri ilə köklənir. Biz isə bu və ya digər obrazı yaradanda təpədən-dırnağa qədər köklənirik. Bütün bunlar əgər belə demək mümkünsə içəridən, daxildən gəlməlidir. Mən də bu və ya digər obrazı yaradanda müşahidələrimə əsasın beləcə köklənirəm. Amma hansısa rolum heç kimin prototipi deyil.

- Kifayət qədər obrazlar ifa etmisiniz. Həsrətində olduğunuz rol varmı?

- Elə sənət adamları var ki, bu və digər rolun həsrətində olduqlarını bildirirlər. Mənim isə həsrətində olduğum heç bir obraz yoxdur. Bir də mən niyə obraz həsrətini çəkməliyəm? Qoy o obraz həsrətimdə olsun ki, onu İlham Namiq Kamal oynayacaq. 

- Son illər sizi yeni filmlərdə, teleseriallarda görmək mümkün deyil. Bunun obyektiv və subyektiv səbəbləri hansılardır?

-Mənim aləmimdə dövlət səviyyəsində çəkilən filmlərdə rejissor, rəssam, bəstəkar işi daha peşəkarlıqla ortaya qoyulur. Təəssüf ki, son illərdə dövlət səviyyəsində kifayət qədər film çəkilmir. Yəni, demək istəyirəm ki, hazırda çəkilən filmlərdə, teleseriallarda peşəkarlıq o qədər də özünü göstərmir. Mən isə peşəkarlıqlarına inandıqlarımın filmlərində rol almağı xoşlayıram. Elə bu kimi səbəblərdən dəvətlər olsa da onlara əhəmiyyət vermirəm.

- Yeri gəlmişkən, bəs bir Xalq artisti kimi ümumiyyətlə, televiziya verilişləri barədə nə deyə bilərsiniz?

- Bəri başdan deyim ki, Azərbaycan televiziya məkanında səviyyəsiz verilişlər çoxdur. Mənim fikrimcə, insanların zövqünü korlamağa xidmət edən həmin verilişlər sanki bəzi telekanalların həyat tərzinə çevrilib. Məgər həmin kanallar heç olmasa bir film-tamaşa hazırlaya bilməzlərmi? Elə bu kimi səbəblərdən mən bir qayda olaraq hər televiziya kanalında görünmürəm. Bir qayda olaraq Azərbaycan Televiziyasının, bir də İctimai Televiziyanın dəvətlərini qəbul edirəm.

“Bədii Şura yox dərəcəsindədir”

- Elə isə yaradıcılığınızda nə kimi yeniliklər var? 

- Ötən ilin sonlarında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində görkəmli yazıçı-dramaturq Sabit Rəhmanın "Əliqulu evlənir" komediyası əsasında librettosunu yazdığım, rejissor kimi quruluş verdiyim, həm də baş rolu ifa etdiyim "Əliqulu bu gün evlənir" tamaşasını sənətsevərlərə təqdim etmişəm. Bugünümüzlə səsləşən, “kreslo xəstəliyinə” tutulan, ondan varlanmaq məqsədilə istifadə edən vəzifə düşkünlərinin iç üzünü açan bu tamaşanın bəstəkarı Əməkdar incəsənət xadimi, mərhum Oqtay Rəcəbov, şeirlərin müəllifi, Əməkdar incəsənət xadimi Baba Vəziroğludur. Onu da deyim ki, "Əliqulqu bu gün evlənir" tamaşası müəyyən səbəblərdən 14 il yubanıb. Rəhmətlik Oqtay Rəcəbova bu tamaşanı görmək qismət olmadı. Yeri gəlmişkən, bu tamaşa hazırda teatrın repertuarındadır.

- Səhv etmiriksə, bu, sizin rejissor kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində ilk işiniz deyil.

- Elədir. Mən "Əliqulqu bu gün evlənir" tamaşasına qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində “Şeytanın yubileyi” və “Amerikalı kürəkən” tamaşalarının da rejissoru olmuşam.  Bu mənada "Əliqulqu bu gün evlənir" sözügedən teatrda mənim rejissorluğumla ərsəyə gələn üçüncü tamaşadır. Nə gizlədim, onların sayı daha çox ola bilərdi. Amma… Bu da mən deyərdim ki, teatr aləmində davam edən şəxsiyyətə pərəstişlə əlaqədardır. 

- Sizcə, bu nədən irəli gəlir?

- Ümumiyyətlə, bu və ya digər teatrda Bədii Şura normal fəaliyyət göstərəndə bir-birindən maraqlı tamaşalar repertuara daxil edilir. O Bədii Şura ki, teatrın repertuar siyasəti onun tərəfindən müəyyənləşməlidir, tamaşalar yalnız şura üzvlərinin razılığı əsasında hazırlanmalıdır. Təklif olunan əsər Bədii Şuranın hər bir üzvünə verilməli, onlar da oxuyub fikir bildirməlidirlər. Amma nə yazıq ki, bu gün bədii şuralar yalnız kağız üzərində fəaliyyət göstərirlər. Bu mənada demək olar ki, teatrlarımızda Bədii Şura yox dərəcəsindədir.  Hətta mən deyərdim ki, səhnələşdirmək üçün təqdim olunan əsərlərdən onların xəbəri belə olmur. Elə bu kimi səbəblərdən teatrlar dünya teatr məkanına inteqrasiya etməkdə çətinlik çəkirlər. Halbuki, dövlət başçısının bununla bağlı Sərəncamı da var ki, Azərbaycan teatrı dünya teatr məkanına inteqrasiya etməlidir.

- Xalq artisti Nəsibə xanım Zeynalova demişdi ki, İlham Əhmədovu oğlum Cahangir qədər sevirəm. Onunla radio-televiziyada və bir çox tamaşalarda tərəf-müqabili olmuşam. Bizim nəsildən sonra səhnəyə İlham kimi istedadların gəlməsinə ürəkdən sevinirəm. İlham müəllimin özü bu gün hansı aktyor haqqında belə fikirdədir?

- Hazırda Azərbaycan Dövlət Akademik  Musiqili Teatrında onlarla tələbəm fəaliyyət göstərir. Bu tələbələrimin hər biri üzərinə düşən işin öhdəsindən gəlməyə çalışır. Mən bu və ya digər tamaşada onlarla tərəf-müqabil də oluram. Təkcə bir faktı qeyd edim ki, "Əliqulqu bu gün evlənir" tamaşasında 6 tələbəm iştirak edir. Şübhəsiz, bu, böyük xoşbəxtlikdir. Mən ümumiyyətlə, istedadlı gənclərə inanıram. Həm də onları düzgün istiqamətləndirməyə çalışıram. Həmişə də cəhd edirəm ki, onlara yardımçı olum, onların sənət yollarında bələdçilik edim. Unutmayaq ki, teatr aləmində çalışmaq heç də asan deyil. Bu sənət aktyordan dözüm, səbir tələb edir. Bütün bunları mənə aşılayanlar, başqa sözlə desək, məni bir aktyor kimi yetişdirənlər Adil İsgəndərov, Rza Təhmasib, Tofiq Kazımov kimi sənətkarlar olublar. Lakin mən çox istedadlı, həm də deyərdim ki, təkrarsız sənətkarımız Nəsibə xanımdan fərqli olaraq, konkret ad çəkə bilməyəcəyəm.

“Dadaşbala əməliyyatı” ilə bağlı xoş xatirə

-  Sizin ən uğurlu rollarınızdan biri Rəhman Əlizadənin “Dadaşbala əməliyyatı”nda Dadaşbala rolu olub. Əgər bu tamaşaya qədər tamaşaçılar arasında “Əntərzadə”, “Paşa Paşayeviç” kimi məşhurlaşmışdınızsa, bu rol sizi həm də Dadaşbala kimi də tanıdıb. Hətta eşitdiyimizə görə, bu tamaşanın uzun müddət oynanılması da elə sizin uğurlu ifanızın hesabına olub.

- Bu, inkarolunmazdır. Hətta 1990-cı ildə bu tamaşa ilə Naxçıvana da getmişdik. Mən bu tamaşaya Ulu Öndər Heydər Əliyevi də dəvət etmək qərarına gəldim. Onda Ulu Öndər hələ vəzifə başında deyildi. Elə bu məqsədlə də Ümummilli Liderin yaşadığı məkana üz tutdum… Ulu Öndərlə bacısı gildə görüşdüm. Bu dahi şəxsiyyət məni çox səmimi qarşıladı və təklifimi məmnuniyyətlə qəbul etdi. Ertəsi gün Ulu Öndər öz yaxınları ilə bigə tamaşamıza baxmağa gəldi. Tamaşadan sonra Ulu Öndər bizimlə görüşdü. Çay süfrəsi arxasında teatrlarla bağlı bizimlə söhbətlər etdi, biz bir daha Onun sənətə, sənətkara necə yüksək qiymət verdiyinin şahidi olduq. Həmin görüşdə mən Ulu Öndərə "Dadaşbala əməliyyatı”nın necə bir tamaşa olması ilə bağlı sual ünvanladım. Ulu Öndər dedi ki, "Dadaşbala əməliyyatı" yenidənqurma əleyhinə nümayiş etdirilən ilk tamaşadır. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev incəsənət adamlarına münasibətində həmişə səmimiliyi ilə seçilib. Hətta Ulu Öndər bizim iştirakımızla çəkilən “Mozalan” kinojurnalının hər bir biraxılışını maraqla izləyərdi. Prezidentimiz İlham Əliyev də dahi şəxsiyyətin yolunu uğurla davam etdirir. Kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı qəbul olunan Dövlət proqramları və cənab Prezidentin ölkədə mədəniyyət sahələrinin inkişafı ilə bağlı imzaladığı sərəncamları dediklərimi bir daha təsdiq edir.  Cənab Prezident sənət adamlarına yüksək dəyər verir. Hətta Prezidentimiz çıxışlarının birində demişdir ki, Azərbaycanı dünyada tanıdan bizim ziyalılarımızdır - alimlərimiz, rəssamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımızdır. 

- Son illər yaddaşınıza əbədi həkk olunan hansı hadisə olub?

- 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini bütün dünyaya göstərdi. Təbii ki, bu tarixi Zəfərin əsas qəhrəmanı Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oldu. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü yerinə yetirdi. 2023-cü ilin sentyabrında isə qəhrəman ordumuzun 23 saatlıq antiterror əməliyyatı nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz özünün tam suverenliyinə nail oldu. Bax, bu iki mühüm hadisə yaddışıma əbədi həkk olunub. Hə, onu da deyim ki, işğaldan azad edilmiş ərazilərimizdə bu gün aparılan geniş abadlıq-quruculuq işlərini gördükcə ürəyim dağa dönür. Hətta indi Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir. Bir sözlə, Prezident İlham Əliyevin bildirdiyi kimi, Qarabağ, Şərqi Zəngəzur ölkəmizin daxili imkanları hesabına dirçəlir və hər gün biz bunu əyani şəkildə görürük. Yeri gəlmişkən, bu tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza minnətdarlığımı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə şəfa diləyirəm. Amma onu da vurğulamağı özümə borc bilirəm ki, dövlət başçımızın bu istiqamətdə gördüyü işlərin misli-bərabəri yoxdur. Əsrlər ötəcək, amma Müzəffər Ali Baş Komandanımızın bu tarixi nailiyyətləri heç zaman unudulmayacaq.

Teatr Xadimləri İttifaqı yeni kurs götürüb

- Siz həm də Teatr Xadimləri İttifaqının sədr müavinisiniz.  Bəlkə, bir qədər də burada görülən işlərdən söz açasınız?

- Bəri başdan deyim ki, 7 ay öncə Xalq artisti Hacı İsmayılov Teatr Xadimləri İttifaqının sədri seçilib və elə o vaxtdan da bu qurum işini günün tələbləri səviyyəsində qurmaq niyyəti ilə yeni kurs seçib. Mən burada yaradıcılıq işlərinə baxıram. Bildiyiniz kimi, bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor və aktrisa çalışır. Bayaq qeyd etdiyim kimi, ölkə rəhbərliyi bütün sahələrdə olduğu kimi, teatr sənətinin də inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Teatr binalarının əsaslı təmiri, incəsənət ustalarının sosial rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar bunun bariz nümunəsidir. Biz də  etimadı doğrultmağa çalışırıq. Yeni kurs dedim. Məsələn, artıq bu gün Teatr Xadimləri İttifaqı bu və ya digər rayonda, şəhərdə fəaliyyət göstərən teatrları paytaxta dəvət etmir, özü mütəmadi onlara baş çəkir, problemləri ilə maraqlanır. Bu yaxınlarda Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin üzvləri Lənkəranda və Gəncədə səyyar iclaslar keçirib. Bu ilin aprelində Xaçmazda, may ayında isə Naxçıvanda teatr və xalq teatrlarının iştirakı ilə görüş keçirəcək. Bu yaxınlarda İttifaqımız “Teatr fədaisi” medalı da təsis edib. Bu, “Sənətkar” medalından, “Qızıl Dərviş” mükafatından sonra üçüncü təsisatdır. Yeri gəlmişkən, bildiyiniz kimi, 10 Mart - Milli Teatr Günüdür. Həmin gün Azərbaycan teatrının yaranmasının 152-ci ildönümü qeyd ediləcək. Şübhəsiz, biz həmin günü daha təmtəraqlı keçirməyə çalışacağıq. Hətta ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən 44 nəfər sənət adamına mükafatlar da təqdim edəcəyik.

- Bu qədər işlərlə məşğul olan İlham Namiq Kamal dincəlməyə vaxt tapa bilirmi?

- Asudə vaxtım olan kimi dədə-baba yurduma, yəni Şamaxının Sarıtorpaq məhəlləsinə qaçıram. Bura gələndə elə rahatlanıram ki...

Qvami Məhəbbətoğlu, “İki sahil”